Şrift:
BU XALQA HAKİMİYYƏT YOX, İNSANCA YAŞAYA BİLƏCƏYİ ÖLKƏ LAZIMDI!!!
21.05.2012 [11:59] - Xəbərlər, DAVAMın yazıları
Həcər PƏNAHLI: “Bu qədər də öz xalqını, millətini sevməmək olarmı? Öz ölkəsinin vətəndaşlarına bu qədər də nifrət etmək olarmı?“

(Milli azadlıq hərəkatının tanınmış siması, hazırda həbsdə olan Nemət Pənahlının xanımı Həcər Pənahlı Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova məktub yazıb. Məktubu olduğu kimi təqdim edirik.)

Bəlkə də bu yazı heç vaxt yazılmayacaqdı. Amma Azərbaycan Respublikası prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Trend-ə verdiyi müsahibə bu yazının yazılmasına səbəb oldu. Müsahibəni oxuyandan sonra, hiss elədim ki, nəfəsim tıxanır. Əslində əməliyyatdan yenicə çıxdığıma görə yazı yazmağa halım da yox idi. Amma susmaq mümkün olmadı. Bunu ona görə deyirəm ki, bəlkə az da olsa bu müsahibənin içimdə qaladığı odun yanğısını hiss etdirə bilim. Fikirləşdim ki, əgər doğrudan da Fuad müəllim verdiyi suallara cavab istəyirsə, qoy o suallara mən cavab verim. Millətim adına, ailəm adına və bir də öz adıma. Niyə də olmasın?

Hörmətli Fuad Ələsgərov! Mən Pənahlı Həcər Hüseyn qızı, bir il öncə həyat yoldaşım Pənahlı Nemət Əhəd oğlunun haqqsız yerə həbs olunması, saxlandığı təcridxanada şəxsən təcridxana rəisi tərəfindən gördüyü fiziki və mənəvi təzyiqlər, qanunsuzluqlar və hüquq pozuntuları, ailəmin, övladlarımın üzləşdiyi haqqsızlıqlar barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban xanım Əliyevaya müraciət etdim. Mən bu müraciəti Nemət Pənahlının hansı səbəbdən və kimin qərarı ilə həbs edildiyini bildiyim halda etmişdim. Buna birinci səbəb o ərəfədə prezident İlham Əliyevin bir çıxışı oldu. Prezident insanlara irad tuturdu ki, “nə üçün onlar öz dövlətlərinin rəhbərinə yox, xarici təşkilatlara şikayət edirlər” . İkinci səbəb isə Nemət Pənahlının təcridxanadan mənə yazdığı məktub idi ki, o məktubdan bir hissəni olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm:

“Həcər xanım! Səndən aldığım son məktub məni əməlli-başlı xəyal qırıqlığına uğratdı. Doğrusu başqalarının bu cür məsləhətləri (Avropa Məhkəməsinə müraciət etmək) məni o qədər də incitmirdi. Amma sənin də bu fikirdə olduğunu eşidəndə, 18 illik dərsimin hədər getdiyini düşündüm. Mən sənə 18 il dərs keçmişəm. Bu günsə imtahan günüdür. Heç nə məni sənin bu imtahandan keçə bilməməyin qədər ağrıtmaz. Bilirsən ki, heç kim mənə bu hakimiyyətin vurduğu zərbəni vurmayıb. Amma əmin ol ki, ömrümün sonuna kimi bunların qazamatında çürümək məni öz dövlətimdən yadlara şikayət etmək gədər incidə bilməz. Çünki dövlət təkcə bu hakimiyyətə aid deyil. Mən bütün gəncliyini Azərbaycanın müstəqilliyinə qurban vermiş adamam. Ona görə də Azərbaycanın müstəqilliyinə xələl gələcək anda şəxsi hisslərimi bir kənara qoymağı bacarıram. Bilirəm, bu çox çətin başa düşülən bir fəlsəfədir. Amma səndən, şəxsi istəklərindən qurtarıb, bunu anlamağını xahiş edirəm. Ümidini Avropa məhkəməsinə yox, Allaha bağla. Ən böyük hakim odur. Mən tutduğum yolda Allahın qanunlarına zidd heç bir addım atmamışam. İnşaallah o da mənə yardımçı olar.”

Başqa yolun olmadığını düşünərək bu müraciəti yazdım. Cəmi on gün sonra məni Mehriban xanım Əliyevanın nümayəndəsinin qəbuluna çağırdılar. Ümidləndim. Məni qəbul edən xanıma bütün durumu danışdım. Xanım məni dinlədikdən sonra şikayətimi Fuad Ələsgərova yönləndirəcəyini və bundan sonra durumla onun ilgilənəcəyini söylədi. Bütün bu söylədiklərim 1 il öncə baş verib və illərə bərabər aylardan bəridir ki, mən sizdən cavab gözləyirəm, ya da doğrusunu desəm, artıq heç gözləmirəm də.

Hörmətli Fuad müəllim, vətənə, millətə sevgidən danışırsınız. İnsanları öz ölkəsinə nifrət etməklə suçlayırsınız. Mərhum prezident Heydər Əliyevin bir sözü vardı. O deyirdi ki, insanları tərbiyələndirmək, onları öyrətmək, onlara öyüd-nəsihətlər vermək üçün gərək buna o insanın mənəvi haqqı olsun. Yəqin ki, sevgiyə layiq olduğunu söylədiyiniz bu məmləkətin müstəqillik tarixində Nemət Pənahlının da, nümunə gətirdiyiniz Arif Hacılının və digərlərinin də müstəsna xidmətləri olduğunu inkar etməzsiniz. Bu gün ölkəmizə əylənmək üçün gələn xarici qonaqların önündə Azərbaycanın müstəqilliyi ilə öyünərkən, bu müstəqilliyin gerçəkləşməsi üçün bütün gəncliklərini fəda etmiş insanların həbsxanalarda məşəqqət yaşaması heçmi vicdanınızı sızlatmır? Sual verirsiniz ki, hansı ölkədə bayram ərəfəsində dövlətinin əleyhinə belə kampaniyalara rast gəlinib? O zaman mən də sizə sual verirəm. Sizcə bayram dediyiniz bu təntənə təkcə Arif Hacılıların, Nemət Pənahlıların, Əvəz Zeynallıların övladlarınamı yasaqdır? Necə olur ki, xarici mətbuatın Azərbaycan hakimiyyəti haqqda yazdığı bir cümlə belə sizin diqqətinizdən yayınmadığı halda, qışın 40 dərəcə soyuğunda evinin işığı söndürülən Nemət Pənahlının körpə balalarının mətbuatı lərzə gətirən dramı sizə gəlib çatmır? Ağılları kəsən bir gündən atalarından millət sevgisi, vətən sevgisi dərsi almış bu körpələrin bu gün Avropa məhkəmələrinə ümid qapısı kimi baxması sizcə kimin günahıdır? Mən ən azı öz adıma, Nemət Pənahlının adına və o cümlədən bütün vətənpərvər insanların adına əminliklə deyə bilərəm ki, biz övladlarımıza belə tərbiyə verməmişdik. Bu gün öz dövlətimizdə baş verən rəzalətlərə qarşı beynəlxalq təşkilatlardan yardım diləmək durumunda olmağımız bizi sizin təsəvvür edə bilməyəcəyiniz dərəcədə incidir. Çünki, biz vətən deyəndə öz evimizi, millət deyəndə övladlarımızı, milli qürur deyəndə öz ailəmizin maraqlarını nəzərdə tutmağı öyrənməmişik. Sizcə bu ölkənin imicini vəzifə kreslosundan müdafiə etmək daha çətindir, yoxsa həbsxanadan. Fuad müəllim! Siz heç anasına vətən deyənə rast gəlmisinizmi? Hər kəs vətəninə ana vətən deyər, hər kəs vətəninə qarşı olan sevgisini, anasına qarşı olan sevgiyə bənzədər. Mən hələ ki, nə Nemət Pənahlının, nə Arif Hacılının, nə də digərlərinin həbslərinin əsl səbəbindən danışmayacağam. Amma əminəm ki, onların analarının da cinayətkar olduqlarını iddia etməzsiniz. Bu gün haqdan-ədalətdən, vətənə-millətə sevgidən, ölkənin imicinə xələl gəlməsindən danışan siz, bu iki ağbirçək ananın haqqı tapdananda, onların ən doğal haqqı olan övladları ilə görüşmək haqqları əllərindən alınanda niyə susdunuz? Sizcə vətənə sədaqət prinsipi ilə köklənmiş bu insanları ölkənin imici ilə anaları arasında seçim yapmaq durumuna kim salıb? Övladları ilə, valideynləri ilə vurulan, ən həssas hissləri işgəncə məngənəsində sıxılan bu insanlara tək bir yolun, beynəlxalq təşkilatlara üz tutmaq yolunun tanınmasında bir dövlət məmuru olaraq heçmi özünüzü günahkar hesab etmirsiniz? Bu həqiqətin, sizi o insanlardan dahamı çox incitdiyini düşünürsünüz? Mitinqə gedən insanları, evə gələn qonağın qarşısında münaqişə yaradan insana bənzədirsiniz. Bu məsələyə bir də başqa tərəfdən baxın! – Əgər insanlarla ögey ana kimi yalnız evə qonaq gələndə xoş davranılırsa, sizcə insanlar nə etməlidirlər? Mən 1988-ci ildən bu yana mitinqdə olmamışam. Əgər bu gün mənim övladlarım atalarının şəklini götürüb o mitinqlərə qatılmağa çalışırsa, bu onların körpə sinələrinə çəkilmiş dağınmı nəticəsidir, yoxsa ölkənin imicinə xələl gətirmək həvəslərininmi? Əminəm ki, bu hiss haqsızlığa uğramış bütün insanların ailələrinin, övladlarının, valideynlərinin hissidir.

Səbəb nə olursa olsun, söylədiklərinizdən həqiqətən narahat olduğunuza və bu gün bunun çözüm yollarını axtardığınıza inanıram. O zaman nə siyasi təcrübəmə, nə də siyasi bilgimə deyil, sadəcə şəxsi həyatımda yaşadığım həyat təcrübəmə əsaslanaraq sizinlə öz fikirlərimi bölüşmək istəyirəm. Fuad müəllim, səlahiyyətlərinizdən və mövqeyinizdən istifadə edərək bu ölkənin iqtidarını da, müxalifətini də, ziyalısını da, bütün sıravi insanlarını da Milli Birliyə çağırın. Bu xalqa hakimiyyət lazım deyil. Ona insan haglarına hörmət olunan, insanca yaşaya biləcəyi bir ölkədə yaşamaq lazımdır. Əminəm ki, bütün Milli Vətənpərvər qüvvələr mənim bu fikrimə şərikdirlər. Əgər bu öz hakimiyyətimiz tərəfindən təmin olunarsa, heç bir vicdanlı insan bunun çözümünü başqa yerdə axtarmaz. Əmin olun ki, neçə ki, günahsız insanlar sadəcə öz fikrlərini söylədiklərinə görə həbsxanalara salınır, onların yaxınlarının, ailələrinin, övladlarının yaşadıqları həyəcan imkan verməyəcək ki, ölkənin imicinə xələl gəlməsin deyə, onlar da sizə qoşulub “Evrovizion” həyəcanı yaşasınlar. Bu ölkə hamımızın ölkəsidirsə, bu dövlət hamımıza aiddirsə, onun bayramının da gerçək sevincini hamımız yaşamalıyıq. Sonda, bu istiqamətdə addım atmaycaq hər bir dövlət məmuruna sizin verdiyiniz sualı vermək istəyirəm:

Bu qədər də öz xalqını, millətini sevməmək olarmı? Öz ölkəsinin vətəndaşlarına bu qədər də nifrət etmək olarmı?

Həcər PƏNAHLI
Bu xəbər oxucular tərəfindən 1804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed