Şrift:
Bakının daşnak-bolşevik işğalından azad olunmasından 99 il ötür
15.09.2017 [09:20] - Xəbərlər, Türkün şanlı tarixi, Bildiriş
Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 99-cu ildönümü qeyd edilib.

1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxi olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Bakının azad olunması üçün aparılan hərbi əməliyyatda 1130 şəhid verildi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir.

Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Bu xəbər oxucular tərəfindən 5303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed