Şrift:
Ərəb Birliyi-İran gərginliyi davam edir
23.05.2012 [14:03] - Güney Azərbaycan xəbərləri
Ərəb dövlətləri ilə İran arasındakı münasibətlərin gərginləşməsi prosesi davam edir. Münasibətləri gərginləşdirən mövzulara daim yeniləri əlavə olunur. Son günlərin ən aktual mövzusu isə Səudiyyə Ərəbistanı ilə Bəhreynin birləşməsi ideyasına İranın verdiyi sərt reaksiyadır. Ərəb Birliyinin Baş katibi Nəbil Əl Ərəbi “Səudiyyə Ərəbistanı-Bəhreyn Birliyi Layihəsi” ilə bağlı İrana müraciət edərək İranın Bəhreynə qarşı həyata keçirdiyi media kampaniyasına son verməsini tələb edib. Əl Ərəbi mövzu ilə əlaqədar yaydığı bəyanatda, İran rəsmilərindən tələb edib ki, açıqlamalarında təxribat xarakterli ifadələrdən istifadə etməsinlər və Bəhreyni hədəf kimi seçməsinlər. Ərəbi xatırladıb ki, Bəhreyn ilə Səudiyyə Ərəbistanı arasındakı birləşmə ideyası iki suveren ölkəni maraqlandıran bir məsələdir və başqa ölkələrin bu məsələyə müdaxilə etmə hüququ yoxdur. Qeyd edək ki, əhalisinin çoxu şiə olan Bəhreyndə sünni bir monarxiya iqtidarı mövcuddur. İran bu ölkənin daxilində müəyyən planlar həyata keçirməyə çalışsa da, Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi ilə bu planların qarşısı alınıb. Hazırda Bəhreyndəki strateji binaları Səudiyyə Ərəbistanının əsgərləri qoruyur. Ölkədə gərgin atmosfer isə hələ də davam edir. Son dövrlər isə Bəhreynin Səudiyyə Ərəbistanına birləşməsi ideyası gündəmə gətirilib. Hətta keçən həftə Körfəz Ölkələri Əməkdaşlıq Şurasının (KÖƏŞ) iclasında siyasi və hərbi birlik mövzuları müzakirə edilib. İran buna sərt reaksiya göstərib və bildirib ki, Bəhreyn onun tarixi ərazisidir. Xatırladaq ki, İran ilə ərəb dövlətləri arasında onsuz da yaxşı olmayan münasibətlər son aylar həm də körfəzdəki adalarla bağlı olaraq yenidən gərginləşmişdi. Əhmədinejadın Əbu-Musaya səfəri bu və digər (Böyük Tonb və Kiçik Tonb) adaların İran tərəfindən işğal edildiyi tezislərini irəli sürən Birlşmiş Ərəb Əmirlikləri tərəfindən sərt etirazla qarşılanmışdı. KÖƏŞ üzvü 6 dövlətin Xarici İşlər nazirləri apreldə Dohada təcili toplantı keçirmiş və İrana etirazlarını bildirmişlər. Əhmədinejadın BƏƏ-nin 60 km (40 mil) uzaqlığında yerləşən Əbu-Musa adasına səfərindən sonra bu ölkə Tehrandakı səfirini geri çağırmışdı. İran ilə ərəb dövlətləri arasında rejimin ixracı, terror təşəbbüsləri və digər mövzularla bağlı da mütəmadi olaraq gərginlik yaşanır.

Araz Tədqiqatlar Mərkəzi
Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed