Şrift:
Bizə güclü və demokratik Rusiya lazımdır, yoxsa RF-nin çöküşü?
21.09.2017 [14:23] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan manevretmə imkanlarını indidən müəyyən etməlidir”

Son illərdə Rusiyaya qarşı sərtləşdirilən sanksiyaların fonunda Kremlin çöküşünün başlamasının Azərbaycana təsirləri ilə bağlı gedən müzakirələr hər zaman aktuallığını qoruyur. Bunun region və ölkəmiz üçün hansı nəticələri verəcəyi ilə bağlı ən müxtəlif mövqelər var.

Tarix boyu başımıza gələn bəlalarda, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin yaranmasında əsas rol oynayan Rusiyanın parçalanmasını istəyənlər çoxluq təşkil etsələr də, bunu istəməyənlər də az deyil. Bir-birinə təzadlı mövqelərin də hər birinin özünəməxsus ciddi arqumentləri var. Dağlıq Qarabağ torpaqlarını işğaldan azad olunmasında nicat yolu kimi Kremlin çöküşünü görənlər bunu daha çox arzu edirlər. Bunu istəməyənlər isə Cənubi Qafqazda əsas söz sahibi olan böyük bir dövlətin parçalanmasından qopan qəlpələrin Azərbaycana da toxunacağını qeyd edirlər. Bu baxımdan güclü və demokratik Rusiyanın Azərbaycan üçün vacib olduğunu dilə gətirənlər az deyil. Dünyanın Rusiya kimi nüvə silahına malik bir ölkənin dağılmasına hələ də hazır olmadığı vurğulanır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Rusiya ətrafında cərəyan edən proseslərin Azərbaycanın iradəsindən asılı olmadığını bildirdi: “Bizim hər hansı formada hadisələrə təsir etmək imkanlarımız yoxdur. Biz sadəcə baş verə biləcək uçqunun altında qalmamaq üçün müəyyən tədbirlər görməliyik. Bütün variantlara hazır olmaq lazımdır. Əlbəttə, bütün imperiyalar kimi Rusiya da dağılmağa məhkumdur. Biz bunun kataklizmlər şəklində olmasını arzulamırıq. Yumşaq şəkildə bunların baş verməsində maraqlıyıq. Yuqoslaviya da bir zamanlar Avropada hegemon imperiyalardan biri idi. Amma indi onun yerində mövcud olan dövlətlər inkişaf mərhələlərini sürətlə keçirlər. Hər bir imperiyanın tərkibində olan dövlətlər müstəqillik qazandıqdan sonra inkişaf xəttini tuturlar. Postsovet ölkələrini burada misal çəkə bilərik, çoxları Avropa yolunda inkişaf edirlər. Bizim də elə bir inkişaf potensialımız var. Amma burada Rusiya maneələri mövcuddur. Tədricən Rusiya öz doğal əraziləri çərçivəsində demokratik bir ölkəyə çevrilərsə, işğalda saxladığı ərazilərdən əl çəkərsə, bu ölkədə tərəqqi olacaq. Hesab edirəm ki, bunun yumşaq şəkildə baş verməsi bu cür proseslərə gətirib çıxara bilər. Başqa variantlar baş verərsə, çalışmalıyıq ki, bu uçqunun altında qalmayaq. Modeli biz hazırlamırıq, şəkilləndirmə də bizdən asılı deyil. Bütün hallarda etiraf olunmalıdır ki, Azərbaycanın qarşılaşdığı bütün problemlərin səbəbkarı Rusiyadır. Bu günləri əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin də səbəbkarı Kremlidir. Hegemonluq, revanş iddiasında olan da Rusiyadır. Belə dövlətlərin faşist Almaniyası kimi mütərəqqi bir dövlətə çevrilməsi bəşəriyyətin önündə duran əsas işlərdən biri olmalıdır. Qaçılmaz bir prosesdir, Rusiya da dağılacaq. Ya özü-özünü dəyişməlidir, ya da onu parçalayıb, yeni dövlətlər quracaqlar. Bütün hallarda bu dəyişikliyin ölkəmizə xeyir verəcəyini düşünürəm. Orada kataklizmlər baş verərsə, Azərbaycan bir neçə manevretmə imkanlarını indidən müəyyən etməlidir”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Rusiyanın dağılmasının Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilə biləcəyinə səbəb olacağını söylədi: “Müasir Korfagen Rusiya birmənalı şəkildə dağılmalıdır. SSRİ dağılmaq ərəfəsində olanda da buna oxşar fikirlər səslənirdi ki, SSRİ-nin dağılması dünyaya və regiona daha çox ziyan vura bilər və s. Buna görə də bəzi Qərb dairələri SSRİ-nin dağılmasına tərəddüdlə yanaşırdı. Gələcək göstərdi ki, bu çox yanlış fikir idi. İndi də eyni yanlış fikirlər Rusiya ilə bağlı səslənir. Rusiya dağılsa, ən azı bir imperiya Azərbaycanın sərhədindən yox olacaq. Rusiya adlı dövlət yox olandan sonra Azərbaycanın nəinki Qarabağ problemi olmayacaq, üstəlik dağılan imperiyanın ərazilərində yeni müsəlman, türk respublikaları qurulacaq. Şimali Qafqazda yeni müsəlman respublikaları və ya yaxud bir dövlət qurulacaq. Bu da bütöv Qafqazda bir müsəlman üstünlüyünə gətirib çıxaracaq. Nəticədə Azərbaycan Qafqazda lider ölkəyə çevriləcək, təbii ki Azərbaycan tərəfindən ağıllı və iddialı siyasət yürüdülsə. Rus şovinizmdən əsrlərdir ki, həm Avropa, həm də Asiya xalqları əziyyət çəkir. İvan Qroznıdan başlayaraq vahid rus dövləti tarixində bircə dəfə demokratik ölkə olub. O dönəm də yeni tariximizə aiddir, Yeltsinin prezidentliyi dövrünə. Bu demokrat Yeltsinin dövründə də Azərbaycan Qarabağı, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı, Moldova isə Dnesteryanı bölgəsini itirdi. Qeyd etdiyim bütün bu proseslər Rusiyanın bilavasitə iştirakı ilə baş verdi. Yəni deməyim odur ki, Rusiyanın başına demokratiya gəlsə, belə bu dövlət öz imperiya təfəkküründən əl çəkən deyil. Əgər biz region və dünyada, nəhayət ki, sülh, sabitlik və əmin-amanlıq istəyiriksə, Karfagen kimi Rusiya da dağılmalıdır. Və bir də biz Rusiyanın dağılmasına Azərbaycanın milli maraqları acısından baxmalıyıq. Rusiyanın dağılması Azərbaycanın ərazi bütövlüyünə və Qafqazda liderliyinə yol açır”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed