Şrift:
"Elektron hökumət" portalına daha 3 e-xidmət əlavə olunub
22.09.2017 [10:26] - Xəbərlər, Bildiriş
Əmlak Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edilib. Bununla da, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

Komitənin “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”, “AzPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu” adlı xidmətlərindən artıq "Elektron hökumət" portalında - www.e-gov.az istifadə etmək olar.

“Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub-olmadığı haqqında məlumat əldə edə bilər.

“Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala bilər. Hər iki xidmət üçün ödəniş tələb olunur.

İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir. Portala inteqrasiya olunan üçüncü xidmət AZPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.

Qeyd edək ki, AZPOS (Azerbaijan Positioning Observation System) Azərbaycan ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed