Şrift:
GÜNEY XƏBƏRLƏRİ
17.10.2011 [12:47] - Gündəm
İllik hesabatda deyilir: “İranda 300 nəfəri gizli asıblar”

BMT (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Mun İranda insan hüquqlarının vəziyyəti barədə illik hesabat yayıb.
Məlumata görə, hesabatda bildirilir ki, İranda insan hüquqlarının pozulması daha sərt xarakter alıb: “İranda hüquq müdafiəçilərinə, qadın fəallara, jurnalistlərə və dinc müxaliflərə qarşı repressiyalar (sərkublar), təzyiqlər gündən-günə artıb və şiddətlənib. 2011-ci ildən başlayaraq ictimaiyyət qarşısında həyata keçirilən edamların sayı qat-qat artıb. Edamların bu şəkildə həyata keçirilməsi isə ölüm cəzasının qeyri insani, təhqiramiz və rəhimsiz mahiyyətini şiddətləndirir. Həmin edam olunanlar arasında siyasi məhbusların və 18 yaşına çatmamış uşaqların da olduğu haqda məlumatlar yayılıb.
2010-cu ildə 252 nəfərin edam olunması rəsmən bildirilsə də, həmin ildə 300 nəfər də Məşhəd şəhərinin Vəkilabad zindanında gizli şəkildə dar ağacından asılıb”.
Hesabatında İranda dini azlıq nümayəndələrinə, o sıradan da bəhailərə, müstəqil vəkillərə, kino xadimlərinə, qadın fəallara, jurnalistlərə və ayrı-ayrı dissident (müxalif) ziyalılara qarşı təzyiqlərin geniş vüsət aldığını vurğulayan Pan Gİ Mun İran hakimiyyətini qadınlara qarşı təzyiqlərə son qoymağa, işgəncə və edamları dayandırmağa və insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.


Milli-mədəni fəal Məsud Bayramı azadlığa buraxılıb

Daha bir milli-mədəni fəal azadlığa buraxılıb. Məsud Bayramı mülki vəsiqə qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.
Bayramı 15 gün saxlanıldıqdan sonra təxminən 30000 dollarlıq (30 milyon tümənlik) mülki vəsiqə qarşılığında, oktyabrın 13-də (mehrin 21-də) azadlığa buraxılıb.
Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal sentyabrın 28-də (mehrin 6-da) bir neçə nəfərlə birlikdə Təbrizdə azərbaycanlı siyasi tutuqlularla bağlı afişa (pster) yaymaq ittihamı ilə tutuqlanmışdı.


Azərbaycanlı fəal mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Azərbaycanlı milli-mədəni fəal Şirzad Hacilu Xoy şəhərinin zindanından mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Hacilu Xoy şəhərinin inqilab məhkəməsi tərəfindən təyin edilmiş təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Xatırladaq ki, Şirzad Hacilu mərhum Cəfərzadə ailəsinin dəfn mərasimində yaxalanan milli-mədəni fəallardanmdır.


“Şəhrdari” komandası (timi) “Mələvan”ı məğlubiyyətə uğratdı

Təbrizin səhənd stadionunda (stadyomunda) başlayan müsabiqə “Şəhrdari” komandasının (timinin) kəskin qələbəsi ilə sona çatıb.
İran üzrə superliqa müsabiqələrinin 10-cu həftəsində keçirilən müsabiqədə “Şəhrdari” tərəfindən qarşı komandaya 2 qol vurulub.
Qollar məhəmmədrza Zeynal Xeyri (7-ci dəqiqədə) və Mehrdad Qənbəri (90+5-ci dəqiqədə) tərəfindən vurulub.
Bununlada yarış (2 – 0) hesabı ilə Təbrizin “Şəhrdari” komandasının xeyirinə yekunlaşıb.


Iranda qarışıqlıq qorxusu: prezidentlik ləğv edilə bilər - ŞƏRH

Neçə müddətdir, İranda prezidentlik institutunun qalması ilə bağlı çeşidli səviyyələrdə fikirlər söylənilir.

Ötən gün İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bildirib ki, prezidentin birbaşa seçilməsi qaydası ləğv edilə bilər. Onun sözlərinə görə, belə «islahatın gerçəkləşməsi ehtimalı lap çoxdur».

Ölkənin Kirmanşəhr əyalətinə səfərində İrandakı siyasi şəraitə toxunan Xamneyi deyib ki, hazırda İran prezident respublikasıdır, hökumətin başçısı vətəndaşların birbaşa səsverməsi yolu ilə seçilir: «Ancaq yaxın gələcəkdə elə vəziyyət yaranar bilər ki, İran daha əlverişli parlamentli respublikaya çevrilsin. Onda hakimiyyətdə uyğun islahatlar aparılacaq».

Bəzi mütəxəssislərin qənaətincə, ayətulla Xamneyi bu çıxışı ilə həm də ölkədə ali hakimiyyətin ona məxsusluğunu da xatırladıb. Bunu ali rəhbərlə prezident Mahmud Əhmədinejad arasındakı münaqişəyə «əlüstü cavab» da saymaq olar.

Xatırladaq ki, 2009-cu ilin prezident seçkisindən öncə ayətullah Xamneyi Əhmədinejada müraciət edərək demişdi ki, o, özünü daha 4 il prezident olmağa hazırlasın. Seçkidə tutduğu vəzifəyə görə, o, tərəfsizliyini saxlamalı idi, amma qanunu pozaraq, açıq şəkildə M.Əhmədinejadı dəstəkləmişdi.

Prezidentliyinin ikinci 4 illiyində prezidentlə ali rəhbər, yaxud onların siyasi qüvvələri arasında qapalı, bu ildən isə açıq qarşıdurma başlayıb. Ali rəhbərə yaxın olan məmurlardan biri - ETTELAAT naziri Müslehinin Əhmədinejad tərəfindən işdən azad edilməsi bu qarşıdurmanın bir sübutu idi. Onda ayətullah Xamneyinin israrı nəticəsində Müslehi öz vəzifəsinə bərpa olundu.


Amerikanın növbəti hədəfi İranın Mərkəzi Bankıdır

ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı ən sərt maliyyə sankisyalarını (təhrimlərini) nəzərdə tutan tədbirlər planı (tərhi) hazırlayıb.
Bu dəfə Ağ Evin hədəfi İranın Mərkəzi Bankı olub. Birləşmiş Ştatlar prezidenti Barak Obama, Cənubi Koreya respublkiasının (cümhuriyyətinin) prezidentilə görüşdən sonra keçirilən brifinqdə, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfrinə qarşı sui qəsd planının İran hakimiyyətində yüksək vəzifə tutan bəzi şəxslər tərəfindən hazırlandığını bəyan edib. Onun sözlərinə görə, Ağ Ev tutarlı dəlillər əldə edib. «Əgər əlimizdə faktlar (gərçək, sənəd) olmasaydı, biz kimlərisə ittiham edə bilməzdik» deyən Ağ Ev rəhbəri sui-qəsd planlarının hakimiyyətlər tərəfindən təşkil edilməsinin beynəlxalq normalara uyğun olmadığını deyib. O, sonda İrana qarşı ən sərt sanksiyaların davam edəcəyini deyib. Bildirib ki, sui-qəsd planının hazırlanmasında iran hakimiyyətinə dəstək verən hər kəs cavab verməli olacaq.
İranın ən iri aviaşirkətinə (hava yolları şirkəti) qarşı sankisyalardan sonra Birləşmiş Ştatlar bu ölkənin mərkəzi bankını hədəfə alıb. Artıq bununla bağlı senata xüsusi tədbirlər planı təqdim edilib. ABŞ rəsmiləri bu tədbirlərin terrorizmin maliyyələşdirilməsilə mübarizə məqsədi daşıdığını açıqlayıb. ABŞ- dövlət katibi yanında terrorizm və maliyyə məsələləri üzrə xəzinədar - Devid Kohen bildirib ki, yaxın vaxtlarda ən sərt sankisyaların tətbiqinə başlanacaq. ABŞ maliyyə strukturları (saxtar, yapısal) İranın istənilən bankı ilə əməkdaşlığa qadağa qoyub. Ağ ev öz tərəfdaşlarını İranla maliyyə sahədə əməkdaşlığa son qoymağa çağırıb. Senat bəyan edib ki, İran valyutasının (ərz, pul, döviz) iflasına nail olmaq üçün bütün tədbirlərə əl atılacaq. Dövlət Departamentinin (xarici işlər nazirliyi) təmsilçisi Viktoriya Nüland isə ölkəsinin İranla danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Bildirib ki, bu, birbaşa və ya vasitəçiliklə mümkün ola bilər. Bu arada İranın ali dini lideri Əli Xamneyi Birləşmiş Ştatlara cavab verib. O, son proseslərə (sürəc) konrkert (açıq, müşəxxəs) münasibət bildirməsə də, Birləşmiş Ştatların iranfobiya siyasətinin nəticəsiz qalacağını bəyan edib.


12 öyrənci fəal universitetin imkanlarından məhrum edilib

Təhsil ocaqlarının açılışından sonra Urmu Universitetində 12 nəfər öyrənci fəal məişət imkanlarından məhrum ediliblər.
Yataqxana və qıdalanma (təğziyyə) imkanlarından məhrum edilən öyrənci fəallar keçən il “Traxtur-İstiqlal” futbol yarışından sonra “Yaşasın Azərbaycan”, “Urmu Gölü susuzdur”, və s. kimi şüarları səsləndirdiklərinə görə cəzalandırılıblar. Bu barədə universitet rəsmisi Dr. Məhbub Talei bildirib.
Qeyd edək ki, Dr. Talei bir neçə il öncə milli yöndə fəaliyyət göstərən öyrəncilərin tutuqlanmasınada səbəb olmuşdur. O antiazərbaycan düşüncəsi ilə seçilməkdədir.


İranda azərbaycanlı fəalların həbsi davam edir

Yaşar Həkkəkpur: «Son aylarda etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır»
Ötən ayın sonunda Iranda Xoy şəhərində, tanınmış milli fəal Ibrahim Cəfərzadənin və onun ailə üzvlərinin yas mərasimində həbs olunmuş 26 yaşlı Şirzad Hacılunun harda saxlandığı məlum deyil. Qardaşı Abbas Hacılu bildirir ki, o, dünənə qədər zindanda idi, dünəndən aparıblar ETTELAAT-a, heç özləri də bilmirlər: “Bu günə qədər ona qarşı işgəncə olmasını eşitməmişik, ancaq bundan sonra necə olacaq, bunu bilmirik. Heç ona qarşı hansı ittihamın irəli sürüldüyü də məlum deyil”.
Qardaşının sözlərinə görə, Şirzad Hacilu kompüter təhsili alırdı, həm də kiçik mağaza sahibi imiş. Əvvəllər də Iranın dövlət qəzetlərindən birində türklərin təhqir olunmasına etiraz edənlərə qoşulub və həbsə atılıb.
Iranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, həmin yas mərasimində tutulan 60 nəfərdən 4-ü hələ də həbsdədir. Iki gündür ki, onları ETTELAAT-ın Xoydakı şöbəsindən Urmiyə şöbəsinə köçürüblər. Onlara hansı ittihamların verildiyi bəlli deyil. Ailə üzvləri də vəziyyətlərindən xəbər tuta bilmir.
“Gələn həftə Səid Nəiminin məhkəməsidir. Vəkili hələ ittihamnamə ilə tanış olmadığına görə, Səidin nədə ittiham olunduğunu bilmirik. Təbrizdə zindanda saxlanılır”, - deyə 7 ay əvvəl ETTELAAT əməkdaşları tərəfindən öz evində həbs olunmuş Səid Nəiminin həyat yoldaşı Səidə Islami “Azadlıq” radiosuna deyib.
Səid Nəimi həbsdə olduğu müddətdə aclıq aksiyası da keçirmişdi və ADAPP əvvəllər onun vəziyyətinin ağır olması barədə məlumatlar yaymışdı.
Həbsdə olan azərbaycanlı fəallar Məhəmməd Əlimuradinin və Qadir Novruzinin ailələrindən isə bildirilib ki, hər ikisinə qarşı işgəncələr davam edir. Işgəncələr nəticəsində Məhəmməd Əlimuradinin qabırğaları sınıb, Qadir Novruzinin isə qasığı yırtılıb.
Hər iki fəal avqustun 24-də tanınmış fəal Mustafa Əvəzpurun evində verilən iftar süfrəsi zamanı ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları tərəfindən həbs olunublar və hazırda da həmin bölmədə saxlanılırlar.
Iftar süfrəsi zamanı ümumilikdə 29 nəfər həbs olunmuşdu, onlardan 16-nın məhkəməsi olub və iki il dörd ay müddətinə azadlıqdan məhrum ediliblər. Verilən verilən cəzanın dörd ayı həbsxanada, iki ili isə azadlıqda şərti cəza kimi çəkilməlidir. 13 nəfəri isə hələ də öz mühakiməsini gözləyir.
Yaşar Həkkəkpur deyir ki, son aylarda Təbriz, Urmiyə, Ərdəbil, Qoşaçay, Sulduz, Xoyda baş verən etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır. Bu aksiyalar zamanı ən azı 4 nəfər həlak olub. Aksiyalarda iştirak edənlər, əsasən Urmiyə gölünün qurumasına, Iran rəsmilərinin bu məsələdə hərəkətsizliyinə etiraz edirlər.
Bildiyiniz kimi, şovinist İran höküməti Güney azərbaycanlılara, o cümlədən, orada yaşayan digər etniklərə qarşı öz sərt mövqeyini göstərməkdədir. İnsanları səbəbsiz olaraq həbsə atmaq İran hökümətinin Güney azərbaycanlılara qarşı yürütdüyü siyasətin əsas göstəricisidir. Güney azərbaycanlı şair “İpək” təxəllüsü ilə fəaliyyət göstərən Fəranək Fərid də bu siyasətin qurbanlarından biridir.
Fəranək Fərid (ipək) Güney azərbaycanlı şair, tərcüməçi, jurnalist və qadın hüquqları müdafiəçisi sentyabrın 3-də tutuqlandığından bəri hələdə Təbriz zindanındadır. Fəridin sağlamlığı haqqında yayılan xəbərlər heçdə ürək açıcı deyil. Deyilənlərə görə, rejim məmurları tərəfindən döyülən Fəranək Fərid sol qulağından aldığı zərbə nəticəsində eşitmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Qeyd edim ki, Fəranək Fərid 8 mart 2004-ci ildəni ilk Azərbaycanlı Qadınlar Konqresinin başçısı və “Dilmac” adlı qadağan edilmiş qəzetin qadın bölümünün redaktoru olmuşdur.


AZƏRBAYCANLI FƏALLAR 50 MİN DOLLARLIQ GİROV MÜQABİLİNDƏ AZADLIĞA BURAXILIB

Təbriz zindanında saxlanan azərbaycanlı fəallar Məsud Cəlilzadə, Çingiz Xorsəndi və Nəcəf Xandani azadlığa buraxılıblar.
ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları hər üç fəalı sentyabr ayında tutmuşdular.
Mustafa Cəlilzadə 10 min, Nəcəf Xandani 10 min, Çingiz Xorsəndi isə 30 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılıb.
Fəalların konkret nədə günahlandırıldığı bilinmir.

AVROPAYA DAXİL OLMASI QADAĞAN EDİLƏN 29 İRAN RƏSMİSİNİN ADI AÇIQLANDI

Avropa Birliyinin sanksiyasına məruz qalan 29 İran rəsmisinin adları açıqlanıb.
Avropa Birliyi həmin rəsmilərə sanksiyanı İranda insan hüquqlarının pozulmasında birbaşa iştirakı olduqlarına görə oktyabrın 10-da qoyub. Birlik bu il aprelin 12-də eyni səbəbdən 32 İran rəsmisinə sanksiya tətbiq etmişdi.
Avropa Birliyi ölkələrinə yeni sanksiyaya məruz qalmış 29 İran rəsmisinə viza vermək yasaq edilib və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.
sanksiyaya məruz qalan 29 İran rəsmisinin adlarını təqdim ediririk
1. ETTELAAT-ın rəhbəri Heydər Moslehi;
2. Ədliyyə naziri Seyid Murtuza Bəxtiyari;
3. İslam irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni;
4. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Seyid Həsən Firuzabadi;
5. “Sepah”ın “Sarəllah” qərargahının komandanı Məhəmməd Hicazi;
6. “Sepah”ın siyasi şöbəsinin rəisi Yədulla Cavani;
7. İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin mədəniyyət işləri üzrə müavini Məsud Cəzayiri;
8. “Bəsic” təşkilatının rəhbərlərindən olan Məhəmməd Saleh Cokar;
9. “Sepah”ın internet təhlükəsizliyi qrupunun rəisi Behruz Kamaliyan;
10. “Sepah”ın siyasi bürosunun baş direktoru Mahmud Abbaszadə Meşkini;
11. Tehran əyaləti hüquq mühafizə qüvvələrinin komandanı Əlirza Əkbərşahi;
12. Tehran əyaləti ədliyyəsinin baş direktoru Seyid Əlirza Avayi;
13. Şiraz prokuroru Cabir Baneşi;
14. Qum prokuroru Mustafa Bərzigər Gənci;
15. İsfahan prokuroru Məhəmmədrza Həbibi;
16. İran aeroportlarının polis rəisi Nəbiulla Heydəri;
17. Təbriz prokuroru Musa Xəlilullahi;
18. İranın keçmiş daxili işlər naziri Sadıq Məhsuli;
19. Kirmanşah prokuroru Muctaba Məleki;
20. İran hüquq mühafizə qüvvələrinin kibernetik cinayətlərin qarşısının alınmasına dair idarəsinin baş direktoru Mehrdad Ümidi;
21. Tehran prokurorunun zindanlar üzrə müavini Mahmud Salarkiya;
22. Tehranın keçmiş qubernatoru Hüseyn Təla;
23. Tehranın ostandarı və “Sepah”ın üzvü Murtuza Təməddün;
24. İran baş prokurorunun məhkəmələr üzrə müavini Hüseyn Zebhi;
25. İran Silahlı Qüvvələrinin hərbi məhkəməsinin rəisi Məhəmməd Kazım Bəhrami;
26. Tehranın Evin zindanının rəisi Höccətullah Suri;
27. Evin məhkəməsinin 1-ci şöbəsinin keçmiş hakimi Əziz Hacməhəmmədi;
28. Cənubi Xorasan əyaləti prokurorunun müavini Məhəmmədbağır Baqiri;
29. Rəcayişəhr zindanının 1-ci korpusunun rəisi Həsən Axəriyan.
Bu xəbər oxucular tərəfindən 1558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed