Şrift:
XİN: İran Azərbaycandan üzr istəməlidir
25.05.2012 [11:40] - Siyasət
“Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakterli şüarlar səslənməsinə görə İranın üzr istəməsini gözləyirik”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə İran xarici işlər naziri Əli Əkbər Salehinin bu gün Azərbaycanla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

E. Abdullayev bildirib ki, İran rəhbərliyi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yenidən aksiyaların keçirilməsinə yol verməməlidir.

XİN sözçüsü jurnalistlərin suallarına cavabında İran mətbuatının Azərbaycanın bu ölkədəki səfirinin bu gün İran XİN-ə çağırılması və ona nota verilməsi barədə məlumatlarına da aydınlıq gətirib.

E. Abdullayev deyib ki, Azərbaycan səfiri İran XİN-ə dəvət olunsa da, ona hər hansı nota verilməyib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti isə İran-Azərbaycan münasibətlərində son günlər müşahidə olunan gərginliklə bağlı xarici işlər naziri Əli Əkbər Salehinin açıqlamasının tam mətnini yayıb. Səfirlikdən APA-ya daxil olan açıqlamasında nazir səfir Məhəmmədbağır Bəhraminin Azərbaycandan qayıdışı və Bakıda yol verilən təhqirlər barədə bunları deyib: “Azərbaycan Respublikası bizim qonşumuz olmaqla yanaşı, dünyanın ikinci şiə dövlətidir və dəfələrlə bildirmişik ki, iki dövlət və iki xalqın maraqları ilə üst-üstə düşən bəzi məsələlərə riayət etsin.

Dünyanın hər bir yerində şiə mərcələrinin davamçıları yaşayır və onlar üçün ölüm mənasızdır. Bir problem ortaya çıxdıqda dini mərcələr həmin problemə dair mövqe nümayiş etdirirlər. Azərbaycan rəsmiləri də bu məsələyə diqqətlə yanaşmalıdırlar.

Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk. Ümidvarıq ki, Azərbaycan hökuməti Azərbaycan dövlətinə və xalqına yaraşmayan və İran səfirliyi qarşısında baş vermiş son yanlış və xoşagəlməz hərəkətə reaksiya verəcək, onu pisləyəcək və bir daha belə hadisələrin təkrar olmasına yol verməyəcək”.

İran xarici işlər naziri əlavə edir: “Hal-hazırda ikitərəfli əlaqələr sahəsində lazımi siyasi addımlar atılmaqdadır. Dini prinsiplərdən irəli gələn məsələlər çox həssas olduğundan hamı bu məsələlərdə diqqətli olmalıdır, yoxsa heç bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil”.
Bu xəbər oxucular tərəfindən 1369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed