Şrift:
Hökumətdə islahatların yeni dalğası seçkidən sonraya qaldımı...
29.09.2017 [09:43] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Adı bir çox qalmaqallarda hallanan məmurları vəzifələrindən kənarlaşdırmaq daha xeyirli olar”

Qabil Hüseynli: “Ciddi kadr islahatlarının aparıldığını görmürəm”

2016-ci ilin payızında keçirilən referendumdan ötən bir il ərzində idarəetmədə bir sıra dəyişiklər baş verdi. Hakim komandada müəyyən struktur və kadr islahatları aparıldı.

Referendumdan irəli gələn tələb kimi, I vitse-prezident postuna təyinat oldu, baş nazir ölkənin ikinci şəxsi statusunu itirdi. Eləcə də, bu ilin fevralında Nəqliyyat Nazirliyi ləğv edildi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Bunları hakim komanda daxilində natamam islahatlar kimi təqdim etmək olar.

Lakin gözləntilər daha böyük idi, hələlik bunlar gerçəkləşməyib.

Artıq ölkəmizdə keçiriləcək prezident seçkilərinə bir il qalır. Siyasi şərhçilər hesab edirlər ki, ya seçkilərə qədər, ya da seçkilərdən sonra kadr islahatları aparılacaq. İstənilən halda yaxın gələcəkdə bu islahatların olacağı deyilir. Əksəriyyət daha ciddi islahatlara seçkilərdən sonra başlanılacağını düşünür. Çünki iqtidarda olan istənilən komandanın seçki öncəsi daxili narazılıq yaratmamaq üçün islahatlar aparacağı inandırıcı görünmür. Bununla belə rəğbət qazanmaq üçün qarşıdakı bir ildə kadr islahatlarının olacağı da istisna olunmur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, islahatlar hakim komanda və hakim partiyanın istəyindən asılı olacaq: “Seçki öncəsi hər hansı bir taktikanı seçmək oradakı müzakirələrdən asılıdır. Mövcud komanda ilə seçkilərə getmək uğur gətirər, yoxsa yeni komanda ilə? Bu sualın cavabı prezident və onun komandasının verəcəyi qərarla bağlıdır. Belə hallarda daha çox hesab edirəm ki, seçki öncəsi daha yaxşı kadrlara yer vermək, daha islahatçı kadrları üzə çıxarmaq, çevik komandanı cəmiyyətə göstərmək, dərin islahatlara doğru addımlar atmaq, adı bir çox qalmaqallarda hallanan məmurları vəzifələrindən kənarlaşdırmaq daha xeyirli olar. Seçkilərə qədər ciddi islahatların həyata keçirilməsi səsləri qazanmağa xidmət edən amil olar. Son zamanlar gənc kadrların irəli çəkilməsi, Amerika və digər ölkələrdə modern idarəetməni öyrənmiş adamların iş başına gətirilməsi, komanda daxilində gəncləşmənin aparılması onu göstərir ki, prezidentin iradəsi islahatı bütün sahələrdə çevik, mütərəqqi komanda ilə aparmaqdır. Açığı, komanda daxilindəki - adlarını necə qoyurlarsa qoysunlar - müəyyən gərginlikləri diqqətə almıram. Düşünürəm ki, onlar islahatlar və digər görüləcək işlərə mane olmaq iqtidarında deyillər. Praktikada görmüşük ki, mandatı, vəzifəsi əlindən alınan şəxslər qısa müddətdə cəmiyyətin yaddaşından silinirlər. Bu baxımdan belə şəxslərin nəyisə qarışdıra biləcəyini, nəyəsə mane olacağını düşünmək yanlışdır. Amma bu şəxslərin gücündən, potensialından istifadə edib-etməyəcəyi prezidentin qərarından asılıdır. Bütün səlahiyyətlər ölkə başçısının əlindədir. Hansı qrupun hansı qrupla yola gedib-getmədiyi heç nəyi dəyişmir”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli elan edilən islahatlar xəttinin mütləq həyata keçirilməli olduğunu söylədi: “İslahatlar üçün konkret müddət qoyulmur. Bu həyata ya keçirilir, ya da yox. Müxtəlif sahələrdə islahatlar var. Bunların hamısı kompleks şəkildə həyata keçiriləndə müəyyən effektlər verir. Bu islahatların başında da kadr islahatları gəlir. Hələ ki, ciddi kadr islahatlarının aparıldığını görmürəm. Doğrudur, bəzi özünü tükəndirmiş, arabanın beşinci təkərinə çevrilmiş kadrlardan azad olunur. Amma bütövlükdə kardinal, sistemli islahatların aparıldığı nəzərə çarpmır. Bu da indiyə qədər aparılmış islahatların səmərəliyini müəyyən qədər azaldır. Güman etmirəm ki, iqtidar elan etdiyi islahatlardan ya əl çəkib, ya da onu ertələyib. Sadəcə, islahatları ehtiyatlı aparırlar. İslahatların tədrici aparılması seçilən kadrların, aparılan dəyişikliklərin elmi və nəzəri əsaslarla seçilməsinə şərait yaradır. İqtidar əgər islahatların tempini sürətləndirməsə - bunu sürətləndirməyə hər cür əsas var - bu ölkənin iqtisadi inkişafında, ümumi vəziyyətində müəyyən çalarların əmələ gəlməsinə səbəb olacaq. Bu baxımdan hesab edirəm ki, çox da uzun çəkməyəcək bir dövrdə islahatlar daha da sürətləndiriləcək, ölkənin idarə edilməsində dəyişiklər daha ciddi şəkildə aparılmağa başlayacaq”.


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed