Şrift:
"Xankəndinə qanunsuz səfər edənlər cəzalandırılmalıdır" AÇIQLAMA
02.10.2017 [10:27] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Xankəndinə qanunsuz səfər edən Türkiyə vətəndaşları cəzalandırılmalıdırlar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının atdığı addım Azərbaycan vətəndaşlarının Türkiyədə PKK ilə Kandil dağında görüşməsinə bərabərdir: “Bu baxımdan bir qrup Türkiyə vətəndaşlarının Azərbaycanın xəbəri olmadan Ermənistan üzərindən Xankəndinə gəlməsi və işğal altında olan torpaqlarımızda qondarma rejimlə əlaqə qurması ölkəmizə, Vətənə qarşı xəyanətdir. Çünki, biz Türkiyə ilə Azərbaycanı ortaq Vətən, vahid dövlət kimi gördük. Onlar məhz Vətənə xəyanət maddəsi ilə Türkiyədə ittiham olunmalıdırlar”.

“Təbii ki, Azərbaycanın müvafiq dövlət strukturları da bu işlə məşğul olacaq, bununla əlaqədar ciddi ölçü götürüləcək. Bildiyiniz kimi bundan öncə Dağlıq Qarabağa qanunsuz səfər edən Lapşinlə bağlı müvafiq qərar verilmişdi. Bununla da bütün dünyaya dərs oldu ki, Azərbaycandan icazəsiz həmin yerlərə getmək olmaz. Bütün bunlara baxmayaraq, Türkiyə vətəndaşlarının belə addım atması əlbəttə ictimai qınağa səbəb olacaq”- deyə, F.Quliyev söyləyib.

Baş verənlərin Azərbaycan Türkiyə münasibətlərinə xələl gətirməyəcəyini deyən parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deyib ki, həmin şəxslər cəzasız qalmamalıdır: “Həmin şəxslər anlamalıdırlar ki, Türkiyədən, Azərbaycandan xoşu gəlməyən, lakin bu ölkələrdə yaşayan, onlardan bəhrələnib, lakin bu dövlətlərə qulluq etməyən, onların mənafeyinə uyğun olmayan hərəkət edənlər ciddi şəkildə cəzalanacaqlar. Bu başqalarına dərs olmalıdır. Hesab edirəm ki, artıq Türkiyənin də müvafiq strukturları Azərbaycanın etirazından xəbərdardılar və tezliklə məsələ ilə bağlı lazımi ölçü götürüləcək”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed