Şrift:
Xamneyi dini müqəddəsdirmi?
26.05.2012 [16:26] - DAVAMın yazıları
Cavid CABBAROĞLU

Dövlətsə də, qanunsa da artıq yetər olsun,
Artıq yetər olsun bu dəni zülmü-cəhalət! (Tofiq Fikrət)


Mən şiəyəm. Amma fanatik deyiləm. Allahın imkan verdiyi səviyyədə aldığım dini biliklər hesabına sünniliyə də, şiəliyə də bələd olmuşam. Şiəliyin ortodoksal İslam olmadığını bilsəm də, məzhəbimi dəyişmək fikrində deyiləm. Çünki şiəliyi ata-babalarımızın əmanəti kimi qəbul edirəm artıq. Şiəliyin simvollaşdırdığı Kərbəla vaqeəsini şəhidlik fəlsəfəsinin açarı sayıram. Eyni zamanda “niyə Məhəmməd əleyhissəlamdan sonra xəlifəlik Həzrəti Əliyə verilmədi?” kimi mənasız mübahisələrə vaxt sərf etmək niyyətim də yoxdur.

Son vaxtlara qədər Azərbaycanda şiələr öz milli və ya dini kimliklərini “türk” və ya “müsəlman” terminləri ilə deyil, “Əli şiəsi” deyə tanıdardılar. Şiəlik mövzusunda apardığı tədqiqatları ilə məşhurlaşmış İran alimi Əli Şəriəti isə şiələri iki qismə - Ələvi və Səfəvi şiələrinə bölürdü. Onun fikrincə, İrandakı şiə məzhəbi Səfəvilərdən çox pis bir miras kimi alınmışdı. Bu isə məntiqi olaraq o deməkdir ki, Ələvi şiəsi ilk dövr (ortodoksal) şiə təlimi olmaqla gerçək İslam anlayışına daha yaxın idi, lakin sonralar Səfəvilər tərəfindən xalqı boyunduruq altında tutmaq üçün siyasi vasitə halına gətirilmişdi.

Məşhur İran aliminin bu yanaşması ciddi qəbul oluna bilməz. Əks halda, 1977-ci ildə dünyasını dəyişmiş və bu səbəbdən İran İslam İnqilabını görə bilməyən Ə.Şəriətinin bu bölgüsünə yeni bir şiə qrupu əlavə etmək lazım gələr - Xomeyni şiəsi. Hələ onu demirik ki, Ə.Şəriəti kimi İran alimlərinin “Ələvi şiəsi” və “Səfəvi şiəsi” terminlərini ortaya atması TÜRK Səfəvilərin şiəni gerçək yolundan çıxarması iddialarını gündəmə gətirmək məqsədi güdür. Halbuki bugünkü İranda şiə məzhəbinin dövlət dini halına gəlməsi, şiə ruhanilərin isə hakim sinfə çevrilməsi məhz Səfəvilərin xidmətidir.

Bununla belə, Səfəvilərin yanlışlıqlarını da dilə gətirməliyik. Bu yanlışlıqlardan biri Səfəvilər dövlətində zaman keçdikcə türk dilinin fars dili, türk əyanlarının fars əyanları tərəfindən sıxışdırılmasına imkan verilməsidirsə, digəri Şah İsmayıl Xətainin şiəliyi dövlət dini (məzhəbi) səviyyəsinə qaldırması ilə Azərbaycan türklərinin ortodoksal İslamdan və Türk Dünyasından uzaq salınmasıdır. Təbii, biz dövrün ictimai-siyasi şərtlərini, qızılbaşların (Səfəvilərin) dövlət qurmaq üçün hansısa bir səbəbə (orta əsrlərdə bu, yalnız dini səbəb ola bilərdi) ehtiyacı olduğunu nəzərdən qaçırmırıq. Eyni zamanda türk dilini dövlət dili elan edən Şah İsmayılın öz poeziyası ilə bu dilin inkişafına verdiyi töhfələri də unutmuruq. Şərqi Anadoludakı türk tayfalarının Səfəvilərə meyl etməsinin əsas səbəblərindən biri də Osmanlı sarayından fərqli olaraq, Səfəvi sarayında onların da, bizim də ana dilimiz olan türk dilinin dövlət dili olması idi. Təsadüfi deyil ki, Sultan Səlim Yavuzun fars dilində göndərdiyi məktublara Şah İsmayıl türk dilində cavab verirdi.

Lakin bütün bunlar əcdadlarımızın səhvlərini dilə gətirməmək anlamına gəlməz. Bu səhvlərdən nəticə çıxarmaq üçün onları dilə gətirməyimiz mütləqdir. Bu gün şimallı-cənublu Azərbaycanın dini baxımdan Türk Dünyasının ortasında - Türkiyə ilə Türküstan arasında dəmir pərdəyə, bufer zonaya çevrilməsi məhz Xətainin səhvinin nəticəsidir. Xatırlayırsınızsa, 1990-cı ildə Bakıda baş verən qanlı 20 yanvar hadisələrindən sonra Azərbaycana dəstək nümayiş etdirən Anadolu türkləri Türkiyə prezidenti Turqut Özalın “şiə olduqlarına görə azərbaycanlıları İran müdafiə etməlidir, biz yox” reaksiyası ilə qarşılaşmışdılar. Yalnız Türkiyə ictimaiyyətinin sərt etirazından sonra Turqut Özal yanlış fikirlərinə görə üzr istəmiş və qalan ömrünü sanki bu səhvini aradan qaldırmaq üçün Türk Dünyasının birliyi ideyasının gerçəkləşməsinə sərf etmişdi.

Bəs şiə İran necə, şiə ölkəsi olan Azərbaycanı müdafiə edirmi? Əfsus ki, bu suala təsdiqedici cavab vermək mümkün deyil. Xüsusən son vaxtlar İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda İranın Azərbaycandakı səfirinin geri çağırılması daha ciddi mətləblərdən və durumun qəlizliyindən xəbər verir. Nə qatı İran əleyhdarı kimi tanınan mərhum Əbülfəz Elçibəyin prezidentliyi dönəmində, nə də İran təyyarələrinin Azərbaycanın hava sərhədlərini hər həftə pozduğu vaxtlarda belə İran-Azərbaycan münasibətləri bu həddə qədər kəskinləşməyib. Səbəb isə maraqlıdır - ötən həftə İranın Azərbaycandakı səfirliyi qarşısında rəsmi Tehranın anti-Azərbaycan siyasətinə etiraz olaraq keçirilən piketdə qaldırılan şüar və karikaturalarda dini müqəddəslər təhqir olunub. Maraqlı ifadədir, deyilmi?

Azərbaycan türkləri “dini müqəddəslər” deyərkən Allahı, Peyğəmbəri və onun Əhli-beytini qəbul edir. İranda ruhanilərin inqilab nəticəsində hakimiyyəti ələ keçirməsindən sonra bu sıraya vilayəti-fəqih də əlavə olunub. Rəsmən ali dini rəhbər və inqilab lideri sayılsa da, vilayəti-fəqih qeyri-məhdud siyasi hakimiyyətə malikdir. Hətta İran Konstitusiyası ona prezidenti hakimiyyətdən uzaqlaşdırmaq səlahiyyəti də verir. Xomeynidən sonra İranda bu postu Mirzə Fətəli Axundovla eyni qəsəbədə doğulan Seyid Əli Xamneyi tutur. O, milli mənsubiyyət etibarilə Güney Azərbaycan türkü olsa da, fars millətçiliyi qarşısındakı xidmətləri gürcü Stalinin rus-sovet imperiyasının qorunmasındakı xidmətləri ilə eyniləşdirilə bilər.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyir ki, İran Azərbaycandan onun dostları ilə dost, düşmənləri ilə düşmən olmağı tələb edir. Lakin 50 nəfərlik piketdə Xamneyinin karikaturasının qaldırılmasına görə İran səfirinin “dini müqəddəslərin təhqir olunmasına etiraz” adı ilə Tehrana geri çağırılması onu göstərir ki, İranın bizdən daha bir tələbi var - Xamneyini dini müqəddəs kimi qəbul etmək. O zaman sual ortaya çıxır - Xamneyi doğrudanmı müqəddəsdir?

1979-cu il İslam İnqilabından sonra Xomeyninin İranda qurduğu sistem vilayət adlanır. Yəni imamətin (Həzrəti Əli və onun 11 övladının hakimiyyəti) davamı kimi vilayət icad olunub. Vilayəti-fəqih institutu da adını buradan götürür. Qeyd edək ki, nə İran İslam İnqilabına qədər, nə də ondan sonra dünyanın heç bir ölkəsində bu cür siyasi sistemə rast gəlinməyib. Molla rejiminin adını nə qoymasından asılı olmayaraq, İranın ali dini lideri vəzifəsi özlüyündə siyasi postdur. Əgər ali dini lider prezidenti vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətinə malikdirsə, deməli, həm də siyasətlə məşğuldur. Siyasi fəaliyyətlə məşğul olan kəs isə tənqidə də, karikaturasının çəkilməsinə də hazır olmalıdır. Əks halda, bu o deməkdir ki, heç bir elmi-siyasi əsası olmayan vilayəti-fəqih institutu dini despotizmdən, din pərdəsi altında kiməsə toxunulmazlıq verməkdən və müqəddəslik donu geyindirməkdən başqa bir şey deyil.

Əgər bu gün molla rejiminin “müqəddəs” elan etdiyi Seyid Əli Xamneyinin rəhbərlik etdiyi ölkədə seçkilərin nəticələri saxtalaşdırılırsa, 35 milyonluq Azərbaycan türklərinin ana dilində təhsil almasına imkan verilmirsə, rejimə müxalif olanlar “Allaha üsyan” bəhanəsi ilə dar ağacından asılırsa, bunun adı İslam deyil, diktaturadır.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz edən müxalifət liderləri Mehdi Kərrubi və Mirhüseyn Musəvi heç bir məhkəmə qərarı olmadan üç ildir ev dustağı edilibsə və bu azmış kimi, dustaq saxlanıldıqları evlərin kirayə haqqı zorla onların ailələrindən tutulursa, prezident Mahmud Əhmədinejad ali dini lideri ona cadu etdirməkdə ittiham edirsə, şiə Azərbaycanın torpaqlarının 20 faizini işğal etmiş xristian Ermənistan şiə İrandan hər cür yardım alırsa, bu, İslam adına karikaturadır.

Bununla müqəddəs dinimizi gözdən salanlara isə “müqəddəs” sözünün heç bircə hərfi də yapışmaz...

kulis.az
Bu xəbər oxucular tərəfindən 2148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed