Şrift:
Amerikadan təlimat alıb, Azərbaycan əleyhinə iş görənlərə sərt qınaqlar
04.10.2017 [09:59] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Yeni Müsavat”ın dünənki sayında Qərbin bəzi dairələrindən Azərbaycan iqtidarına təzyiq etmək üçün AXCP sədri Əli Kərimlidən və “araşdırmaçı” jurnalist Xədicə İsmayıldan istifadə etmələri haqda məqalə dərc olunmuşdu. Yazıda bildirilir ki, ABŞ-ın müəyyən dairələri Azərbaycanda seçkiöncəsi siyasi mühitdə radikal təmayülü artırıb, ölkədə qeyri-sabit şərait yaratmağa çalışır. Bu layihəni özünün Bakıdakı agentura şəbəkəsinin əli ilə reallaşdırmaq fikrindədir.

Məqalədə olduqca maraqlı, sensasion məlumatlar var. Qərbin dəstəyi ilə baş verən rəngli inqilablardan tutmuş, ölkəmizdə xaosun yaradılmasına qədər bir çox məsələlər haqda məqalədə yazılıb.

Əli Kərimlinin, Xədicə İsmayılın bu cür layihələrdə görəv alması, Azərbaycan əleyhinə qorxunc proseslərdə iştirakları barədə də yazılıb.

Qeyd edək ki, ölkə iqtidarına qarşı bu cür təzyiqlər daha çox bir ildən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərinə hesablanıb. Xatırlayırsınızsa, Gürcüstan, Ukrayna, Qırğızıstan və s. ölkələrdə Qərbin dəstəyi ilə baş verən inqilablar da eyni ssenari üzrə getmişdi. Yəni həmin ölkələrdəki prezident və ya parlament seçkilərinə az müddət qalanda Qərb hərəkətə keçmiş, gizli kartlarını işə salaraq, istədiyinə sonda nail olmuşdu.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, 1 ildən sonrakı prezident seçkilərində Azərbaycanın Qərbin təzyiqləri ilə üzləşəcəyini indidən təxmin etmək olar: “Azərbaycan çox ciddi strateji yerdə yerləşir. Artıq yeni dünya düzəni qurularkən üç Yaxın Şərq projesini həyata keçirməyə çalışırlar. Ərəb dünyasında bu məsələləri bitirmək üzrədirlər. Yerləşdiyimiz həssas regionda hər kəs öz üstünlüyünü təmin etmək üçün müəyyən imkanlar axtarır. Çalışır ki, öz obyekti kimi gördüyü və öz orbitinə daxil etmək istədiyi fiquru elə hala salsın ki, təzyiqlərə az davamlı olsun. Nəticədə də təzyiqlərlə istədiyini həyata keçirə bilsin. Bunun üçün də müxtəlif silahlardan istifadə olunur. Sadalanan insanlar və təşkilatlar da bu dövlətlərin maşası, silahıdır. Onlar üçün fərqi yoxdur kimdir, hansı ideyanın daşıyıcısıdır, onun sonu nə olacaq. Bunlara maşa lazımdır ki, onlardan da istifadə edirlər. Burada əsas məqsəd Azərbaycana təzyiq etməkdir. Əgər Azərbaycan öz maraqlarını bu dövlətlərin maraqlarına qurban verərsə, onda bu maşaları sakitcə kənara atıb, Azərbaycanla başqa dildə danışarlar. Amma ölkəmiz müstəqilliyini çox mühüm hal kimi öndə tutur, müstəqil siyasət yürüdür, problemlərini həll etmək üçün öz daxilində toparlanma xəttini götürüb, heç kimin də orbitinə daxil olmaq istəmir. İstəyir ki, ölkənin maraqları tapdalanmasın. Bu da kənardakı qüvvələrə təbii ki, sərf etmir. Seçki illərində hər zaman belə basqılar olacaq. Getdikcə bu basqılar daha da artacaq. Seçki olmayan vaxtlarda da bu tipli ”5-ci kolon" nümayəndələrindən, “sapı özümüzdən olan baltalar”dan istifadə etməyə çalışacaqlar. Burada təəccüblü bir şey yoxdur. Belə məsələlərin qarşısını almaq təkcə hökumətin işi deyil, bizlərin də işidir. Bu təzyiqlərin qarşısında davam gətirmək lazımdır".

Fərəc Quliyev: “Ölkənin mənafeyini xarici dövlətlərə satan şəxslər barədə sərt ölçü götürülsün”


F.Quliyev deyib ki, Əli Kərimli, Xədicə İsmayıl kimiləri ya tutduqları yolun Azərbaycan üçün nə qədər təhlükəli olduğunun fərqində deyillər, ya da bilərəkdən bu addımları atırlar: “Hakimiyyət uğrunda mübarizə aparmaq tamam fərqli anlayışdır. Ölkə əleyhinə kənardan aparılan proseslərdə rol almaq isə tamam fərqli işdir. Bu mənada onlar vətənə xəyanət edirlər. Kimisi onlara pul, kimisi isə siyasi dəstək, vəd verir. Düşünməlidirlər ki, özlərini, millətini, dövlətini nəyə dəyişirlər, yaxud satırlar. Bu, çox acınacaqlı bir haldır”.

Deputat təklif edir ki,
Azərbaycanın maraqlarını, mənafeyini xarici dövlətlərə satan şəxslər barədə qanun çərçivəsində sərt ölçü götürülsün.

F.Quliyev Rusiya və Qərbin təzyiqlərini də müqayisə etdi: “Biz dostlarımızın sayını artırmaq üçün Qərblə işləməliyik. Çünki nə olursa-olsun Kremlin basqıları davam edəcək. Bu basqıların qarşısında cinahlardan zərbələr almamalıyıq. Açığı, daha çox təhlükəni Rusiyadan görürəm, nəinki Qərbdən”.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Ə.Kərimli və X.İsmayıldan təkcə Qərb istifadə etmir: “Əli Kərimli və Xədicə İsmayıl kimi şəxslərdən Azərbaycan hakimiyyətinə qarşı təkcə Qərbdəki müəyyən dairələr deyil, həm də tamamilə əks qütbdəki qüvvələr də istifadə edirlər. Buna nümunə olaraq, radikal dini qruplarla əməkdaşlığı və ”Milli Şura" layihəsini göstərmək olar. Digər tərəfdən, adıçəkilən şəxslərin liderlik keyfiyyətlərinə, ictimai dəstəyə malik olduqlarını düşünmürəm. İstənilən cəmiyyətdə narazı təbəqə var, olub və olacaq. Azərbaycanda da həmçinin. Lakin bu təbəqənin özü belə Əli Kərimlinin və prototiplərinin timsalında lider axtarışında deyil. Ucadan bağırmaq, ən son deyiləsi sözü ən birinci demək, aqressiya, kin püskürmək, gözlərin hədəqədən çıxması, ağzın köpüklənməsi - bütün bunlar şizofreniyanın əlamətləridir. Belələrindən yalnız kiçik yaşlı uşaqları qorxutmaq üçün “xoxan” kimi istifadə etmək olar. Azərbaycanda maraqlı olan dairələrə də əslində daha çox “xoxan” lazımdır. Hər iki şəxs ən müxtəlif dairələr üçün ona görə “populyardılar” ki, onlardan heç biri ideoloji dəyər daşıyıcısı deyil. Onların xamırına, yaxud gilinə məşhur lətifədə olduğu kimi istənilən elementi qatmaq olar, amma yekunda yenə də Əli Kərimli və Xədicə İsmayıl olacaqlar. Belələrinin seçkiqabağı aktivliyinə gəldikdə isə, bu da onların sezonudur. Sezona çıxıblar... Amma nəticədə sata biləcəkləri “siyasi tərəvəz”dən başqa bir şey olmayacaq. Şübhəsiz ki, seçki öncəsi ən müxtəlif qütblərdən təzyiqlər olacaq. Amma bu təzyiqlərin təsir gücünün əvvəlkilərdən daha az və daha ağrısız olacağını düşünürəm. Ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə yoxdur. Baş verənlər isə gündəlik siyasi proseslərdir. Sadəcə, indi informasiya və kommunikasiya texnologiyaları daha çox inkişaf edib və çağırışlara daha dinamik, çevik cavab vermək lazım gəlir. Siyasi “photoshop” effektlərindən istifadə edilərək yaradılan mənzərə reallıq demək deyil.
Elçin Mirzəbəyli: “Əli Kərimlinin hərisliyi hakimiyyət marağından daha çox natamamlıqdan və uğursuzluqdan qaynaqlanan qisas hissidir”

Əvvəla, Azərbaycanda çoxsaylı dairələrin maraqları var və bu maraqlar bir-birindən fərqlənir. Bu baxımdan, da fərqli çağırışlara fərqli resurslarla və fərqli cavablar verilir. Zənnimcə, hazırda regionda mövcud olan vəziyyət ciddi narahatlıq üçün əsas vermir. Çünki siyasi dedi-qodulardan fərqli olaraq faktların yaratdığı mənzərə başqadır. “Əsrin layihəsi”nin müddətinin daha 25 il artırılması və bu müddət ərzində Azərbaycanın neft sektoruna 40 milyard dollarlıq investisiya qoyulacağının açıqlanması, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində həyata keçirilən intensiv tədbirlər, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin reallığa çevrilməsi və bu müstəvidə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cazibədarlığının artması tamamilə fərqli reallıqların əks olunduğu mənzərə yaradır. Bu mənzərənin yaranmasına səbəb isə sabitliyə təhlükə yarada bilən bütün amillərin ciddi təsir gücünə malik olmamasıdır".

Politoloq belə qüvvələrlə nəticə qazanılmayacağını düşünür: “Əli Kərimli, Xədicə İsmayıl və bu kimi digər ifşa olunmuş şəxslərin gözlərinin açılması üçün vasitələrin sayı kifayət qədərdir. Amma bunların heç birindən ”əzabkeş" obrazı düzəltməyə dəyməz. Azərbaycan dövləti ölkədə gedən bütün proseslərə nəzarət etmək, istiqamətləndirmək gücündədir. Digər tərəfdən, mən Əli Kərimli və bu kimi şəxslərin hərisliyini hakimiyyət marağından daha çox natamamlıqdan və uğursuzluqdan qaynaqlanan qisas hissi kimi dəyərləndirərdim. Bununla yanaşı, hesab edirəm ki, ölkədə milli və dövlətçilik maraqlarından çıxış edən siyasi institutların inkişafı üçün də müəyyən addımlar atılmalı, ictimai-siyasi tənzimləmə metodlarından da daha geniş şəkildə istifadə olunmalıdır. Azərbaycanın milli maraqları, ölkənin ərazi bütövlüyünün təmin olunması barədə yalnız dövlətçilik təfəkkürünə, soyuq siyasi analiz qabiliyyətinə, milli hədəflərə aparan ideoloji prinsiplərə söykənən insanlar və siyasi qüvvələr düşünə bilərlər. “Beşinci kolon”un təmsilçilərində bu hisslər olsaydı, onlar ölkəmizə qənim kəsilən dairələrin nüfuz müvəkkillərinə çevrilməzdilər ki? Mənə elə gəlir ki, Azərbaycanda hər kəs belələri ilə bağlı “niyə”, “nə üçün” suallarının cavablarını çoxdan tapıb. Belələrinin hakimiyyəti və xalqı satmaq üçün nə gücü var, nə də potensialı. Heç kim xalqı və hakimiyyəti sata bilməz. Uzaqbaşı özünü, daha öncə elan etdiyi prinsipləri, dəyərləri sata bilər".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed