Şrift:
“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”
05.10.2017 [09:38] - DAVAMın yazıları
“Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.”

Sokrat

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən mövcud vəziyyətin təhlili göstərib ki, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

“Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və
insan resursları inkişaf etdirilməlidir. Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır.”

Qeyd olunanlarla yanaşı, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilmişdir.

Düzdür, ədalət naminə demək lazımdır ki, son illər müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılıb və bu sahədə işlər yəqin ki davam etdiriləcək.

Müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə 2014-cü il sentyabrın 15-dən "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilib. Müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilib və s.Bu kimi misalların sayını artırmaq da olar.

Bununla belə etiraf edək ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvəlki mövqe və nüfuz sahibi deyil. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, bunu təhsilin mövcud durumu ilə birbaşa əlaqələndirmək də düzgün olmazdı. Müəllimin nüfuzunun aşağı düşməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi-hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim tərəfindən yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır.

Başqa sözlə müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddən artıq qabardılır, bu da müəllimin nüfuzu baxımından yol verilməzdir. Digər bir məsələ müəllimə olan inam və etibarın azalmasıdır. Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim
faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ “yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi “bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır.

Başqa bir məsələ. Xüsusilə son illər “savadsız müəııimlər”, “saxta müəllimlər”, “filan qədər müəllim imtahandan kəsildi”, “filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirilir, “pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi rəsmi bəyanatlar verilir. Yəni, dünyanın hansı sivil ölkəsində belə xəbərdarlıqlar edilir? "Müəllim günü"nə bir həftə qalmış, başlayırıq ki, ay aman qoymayın... Bir də ki, pul yığan elə sanki təkcə müəllimlər imiş. Sonra da ağız dolusu müəllim nüfuzunun qaldırılmasından danışırıq. Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən “Müəllim günü” münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə müəllimi təbrik etmək istəyirlərsə bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz.

Fürsətdən istifadə edib mənə son dərəcə əzız və doğma olan müəllimləri arzu, istək və ümid dolu bir gün – “Müəllim günü”münasibətilə təbrik edirəm, onlara təhsilimizin inkişafı və tərəqqisi yolunda uğurlar arzulayıram. Bu əlamətdar gün ərəfəsində Ölkə başçısının Sərəncamı ilə “Əməkdar müəllim” adı alan və Tərəqqi” medalı ilə təltif edilən təhsil işçilərimiz isə xüsusi təşəkkürə layiqdirlər.

Nadir israfilov, təhsil eksperti
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed