Şrift:
Fransız Şarl Mismerin Osmanlıya əlifba islahatı təklifi - TARİXİ MƏKTUB
09.10.2017 [06:29] - DAVAMın yazıları
Fransız Şarl Mismerin 1869-cu il martın 2-də Osmanlı imperiyasının böyük vəziri Əli Paşaya (Əli Paşa Məhməd Əmin (1815-1871) XIX əsrin Osmanlı vəzirlərindən və diplomatlarından biri) ünvanladığı bu məktubu olduqca maraqlıdır və ətrafında bir sıra müzakirələr açıla bilər.

Fransız Şarl Mismerin 1869-cu il martın 2-də Osmanlı imperiyasının böyük vəziri Əli Paşaya (Əli Paşa Məhməd Əmin (1815-1871) XIX əsrin Osmanlı vəzirlərindən və diplomatlarından biri)ünvanladığı bu məktubu olduqca maraqlıdır və ətrafında bir sıra müzakirələr açıla bilər. Şarl Mismer məktubunda Əli Paşanı inandırmağa çalışır ki, Oslmanlı imperiyası əlifba islahatı aparmalıdır, əks təqdirdə dövlətin və millətin inkişafından danışmağa dəyməz.

Beləliklə, mərhum ədəbiyyatşünas alim Məmməd Adilovun tərcümə etdiyi həmin məktubu təqdim edirik:

“Şan-şövkətli cənab!

Müsəlman xalqlarının vəziyyətini əsaslı təhlil edəndə adamın qarşısına istər-istəmz belə bir sual çıxır: səkkiz əsrdən artıq bir müddətdə bütün bəşəriyyətə tərəqqi yolunu göstərəndən sonra İslamın belə geri qalmasının səbəbini nə ilə izah etmək olar?

Xristianlığın birbaşa təsiri altında yunan-Roma sivilizasiyasının Avropadan tamamilə itdiyi bir vaxtda yenicə zühur etmiş İslam özünü şüalarının Asiyada Dəməşq və Bağdaddan Buxaraya, Səmərqəndə, Kabilə və Dehliyə qədər, Afrikada Xoş Ümid burnuna və Cəbəlüt-təriq boğazına qədər, Avropada Kordovaya qədər yayıldığı geniş bir işıq ocağı kimi göstərmişdi. Amma Avropanın iftixar və ümumdünya səviyyəsində heyrət predmeti olan möhtəşəm və əsaslı sivilizasiya zəminində getdikcə yeni-yeni nailiyyətlər qazandığı bir vaxtda İslam qəflətən öz irəliləyişini dayandırdı.

Bu cür qəribə dönüşü nə ilə izah etmək olar? Peyğəmbərin dini iləmi? Yox, çünki Peyğəmbər elm öyrənməyi öz dini hökmlərinin zirvəsinə qaldırmışdı. Müsəlmanların təhsilə biganə münasibəti iləmi? Yox, heç bir millət idraka çatmaq ehtirasında müsəlman xalqı ilə müqayisə edilə bilməz: hər yerdə məscidlərin kölgəsində bütöv-bütöv nəsillərin ömrünü elmi axtarışlara sərf etdiyi məktəb və mədrəsələr ucaldılır. Onların fizioloji inkişafının aşağı səviyyəsi iləmi? Yox, asiyalılar öz bacarıq və istedadlarına görə avropalılardan heç də geri qalmırlar.

Buna baxmayaraq, Avropada uğur uğur gətirir, bir kəşf başqa bir kəşfi doğurur, Asiyada isə ara-sıra hansısa bir təsadüfi vaiz və ya şair ortaya çıxır. Yaxud, bəlkə, hansısa imtiyazlı mühitlərmi mövcuddur? Məncə, yox: məgər tərəqqiyə müstəsna haqqı olmaq üçün Sena və ya Temza sahillərindəmi anadan olmaq lazımdır; məgər Afrikada və ya Asiyada doğulmaq fərsizliyə və səmərəsizliyə məhkum olmaq üçün kifayətdirmi?

Xristian xalqı gündən-günə insan idealının sərhədlərinə yaxınlaşdığı və ona çatmağa çalışdığı halda, müsəlman dünyası dəniz qabarmaları və çəkilmələri kimi, fasiləsiz olaraq həmin sərhədlərə yaxınlaşır və yenidən oradan uzaqlaşır.

Düzdür, hazırkı yüzilliyin əvvəllərində müsəlman torpaqları tərəqqi şüalarına bürünmüşdü. Türkiyədə Sultan Mahmud, Misirdə Məhəmmədəli paşa tərəfindən mühüm islahatlar keçirilmişdi. Hökumətdə, inzibati dairələrdə, quru qoşunlarında və donanmada yeniliklər baş vermişdi. Bu cür dəyişikliklər indi də həyata keçirilir. Ancaq bu cür islahatları müşayiət edən əzab-əziyyətlərin təhlilinə baş vurduqda həmin dəqiqə əmin olursan ki, bunun səbəbi müsəlman millətinin həmin islahatları qəbul etməyə meyl göstərməməsi ilə bağlıdır. Ölkəni gücləndirmək ümidi ilə Sultan Mahmudun apardığı islahat az qala onun imperiyasını məhv edəcəkdi, çünki təkcə sivilizasiyanın praktiki nəticələrini onun səviyyəsinə qalxmaq üçün əxz etmək kifayət deyildir; şüurları nəzəri cəhətdən də buna hazırlamaq lazımdır. Ağacla onun məhsulu, köklə yarpaqlar, səbəblə fakt arasında taleyüklü əlaqə mövcuddur; dünənki gündən sonra bugünkü gün gəldiyi kimi, fikrin kamilliyindən sonra da əməlin kamilliyi gəlir. Başqasının təcrübəsinin qəti şəkildə təkmilləşdirilmiş forma almasından qabaq onun ideyasında baş verən əqli prosesin sirlərinə agah olmadan həmin təcrübədən istifadə etməyin əhəmiyyəti yoxdur.


Məhəmməd Əmin Əli Paşa

Müsəlmanların fəaliyyətinin səmərəsizliyi həmişə bundan irəli gəlir ki, onların nəzəri uğurları praktiki nailiyyətlərini qabaqlamır. Türkiyə və Misir Avropa elminin əsasını təşkil edən ideyaları öyrənmədən Avropanın silahını, mebelini, pal-paltarını, hərbi taktikasını, iqtisadi və maliyyə təsisatlarını və s. əxz edir. Buna görə də Avropa ideyaları burada nəinki avropalıların fəaliyyət üsulu kimi qabaqcadan əxz olunmamış, hətta heç onu müşayiət də etməmişdir.
Doğrudanmı, Şərq dilləri ən yeni ideyaları əxz edib yaya bilmir? Doğrudanmı, ərəb və fars dillərindən bütün sözləri ovcunun içində götürmək imkanı olan, çevikliyinə görə istənilən mənbədən hər hansı sözü asanlıqla götürüb mənimsəyə bilən və asanlıqla yer kürəsinin ən zəngin dillərindən birinə çevrilə biləcək türk dilinin təkmilləşmək qabiliyyəti yoxdur?

Ən yeni elmləri türk və ya fars dillərinin əsasına keçirməyin daha xoş olduğu bir halda, Avropa dilində təhsil almağa nə ehtiyac vardır; halbuki islam ərazisini bürüyən saysız-hesabsız məktəblərin, hər bir müsəlmanın üzərinə düşən maariflənmə borcunun sayəsində bütün Asiyanın əqli səviyyəsini ən yüksək dərəcədə maariflənmiş millətlərin sivilizasiya səviyyəsinə qaldırmaq mümkündür. Burada dil alətini, yəni əlifbanı nəzərdən keçirmək lazım gəlir.

Əlifba nədir? Hər bir xalqın əlifbası onun dühasını ifadə etməyə imkan verən uydurulmuş və icad edilmiş müxtəlif işarə və fiqurlardan ibarətdir. Geniş mənada rəsm, memarlıq, heykəltaraşlıq, insan ağlının hər cür təzahür formaları əlifbanın bir hissəsini təşkil edir, çünki monument, heykəl, bina və s. də fəlsəfi və ədəbi əsərlər kimi xalqın qabiliyyətini yaxşı qiymətləndirməyə imkan verir.

Dar mənada isə əlifba dedikdə musiqi səslərinin ifadə edilməsinə və qavranılmasına kömək edən notlar kimi, insan fikrinin açılmasına və başa düşülməsinə şərait yaradan qrafik işarələr nəzərdə tutulur.

Əlifba insan fikrinin müasirləri və xələfləri ilə əlaqə yaratmaq üçün getdiyi yoldur. Əgər bu yol hamardırsa, burada maneələr yoxdursa və iti getmək üçün rahatdırsa, onda həmin yolla həm yüngül, həm də ən ağır ağıl yükünü daşımaq mümkündür.

Bu yol maneələrlə doludursa və çətin keçilirsə, onda fikrin məhsuldarlığı və əlaqə imkanları iflic olur. Yolun rahat olacağı təqdirdə ağıllı adamların bir axın kimi gedib çatacağı arzu stansiyasına belə vəziyyətdə yalnız tək-tük cəsarətli ağıllar gedib çıxa bilir. Daha aydın desək, necə gəldi bir yola malik olmaq hələ kifayət etmir. Bu yolun dövrün tələblərinə uyğun gəlməsi vacib məsələdir. Buxar lokomotivinin və elektriklə hərəkətin sürətilə yarışmaq lazım gələndə karvan yolu artıq işə yaramır.

Dil və əlifba ilə bağlı rəqabət prinsipi artıq ən yeni cəmiyyətlərdə qəbul edilmişdir.

Bir bu qədər fateh xalqların dilləri necə olmuşdur? Onlar öz yerlərini daha mükəmməl alətə vermək üçün sıradan çıxmışdır, məsələn, Qalliyanı fəth etmiş franklar qall-Roma dilini, yaxud türklər ərəb əlifbasını və qismən ərəb dilini qəbul etmişlər.

Bütün müsəlmanlar tərəfindən indi də istifadə edilən ərəb əlifbası tamdırmı? Yox. Dünyanın yaranışından başlayaraq bizim günlərimizə qədər əsrləri yola salmış və hələ də yaşamağa can atan bütün dillər üç müxtəlif faza keçmişdir. Birinci faza heroqlif yazısı ilə, ikinci faza sillabik yazı və ya heca yazısı ilə, üçüncü faza əlifba yazısı ilə səciyələnir.

Ümumiyyətlə, bəşəriyyətin tərəqqisi, o cümlədən hər bir xalqın inkişafı həmişə və hər yerdə onun qrafik işarələrinin təkmilləşdirilməsinə müvafiq tərzdə cərəyan etmişdir.

Xalqların yalnız maddi tələbat irəli sürdüyü, ideyalarının isə məhdud olduğu gənclik dövründə insanların yaddaşına həkk etmək üçün əşyaların fiqurlarını çəkmək yolu ilə təsvir etmək kifayət edirdi. Bu heroqlif şəklində yazı idi. Hazırda biz onlara Qədim Misir və Meksika abidələrində rast gəlirik, onları ən mükəmməl səviyyəsinə çatmış Çin yazısında müşahidə edirik.

Heroqlif yazısı üçün tələb olunan fiqurların çoxluğu barədə hesabatı təsəvvür etmək olar; çinlilərdə bu işarələrin sayı 130.000-ə çatır və məhz bu yazı sayəsində də Çin elə 5000 ildən artıqdır ki, özünəxas mədəniyyətin dar dairəsi içərisində fırlanmağa məhkum olmuşdur. Çinlilər arasında elm adamları da 30.000-dən artıq fiquru yadda saxlamaq imkanına malik deyillər. Oxucuların qıtlığı səbəbindən bir çox kitablar elm üçün birdəfəlik itirilmişdir. Çinlilərin öz hərəkətsizliyinə son qoymaq üçün heroqlif yazıdan birbaşa əlifba yazısına keçməyə məcbur olacaqları dövr yaxınlaşmaqdadır.

Qədim dünyanın ilk riyaziyyatçıları olan xaldeylər heroqlif yazısının rahat olmadığını başqa xalqlardan daha tez hiss etmiş və onu sillabik yazı ilə əvəzləmişlər. Bu yazı birincidən onunla fərqlənir ki, insan səsini ifadə edən şərti işarələrlə, öz aralarında bir-biri ilə bağlı olan və işləndiyi zaman öz növünü dəyişən, sait səsləri göstərən hərflərin olmaması səbəbindən yazıb-oxumağı son dərəcə çətinləşdirən işarələrlə təsvir olunur. Sillabik yazı xaldeylərdən finikiyalıların və ərəblərin əlinə keçmişdir. Ərəblər onu dəyişdirmədən saxlamışlar; islamı sağ olsun ki, o bu cür qeyri-kamil işarələr vasitəsi ilə bütün bəşəriyyətin tərəqqisinə xidmət etmiş müxtəlif elmi kəşflərə nail olmuşdur.

İslamın öz elmi irəliləyişini dayandırmasında təəccüblü heç nə yoxdur; əksinə, onun hər halda öz dilinin saysız-hesabsız nöqsanlarla dolu olan bu cür aləti vasitəsi ilə elmi inkişafa nail olması daha çox heyrətamizdir. Ərəblər öz qeyri-kamil sillabik yazıları ilə onların yerində, bəlkə də, heç bir başqa millətin görə bilməyəcəyi işləri həyata keçirmişlər.

Əlifba yazısından istifadə edən avropalıların qədim dövr elmini başdan-ayağa keçib cahillik qəflətinə qapıldıqları bir vaxtda bu elmin qalıqlarını əxz edən ərəblər görkəmli nailiyyətlər qazanmışdılar. Nəhayət, elə bir vaxt gəlib çatdı ki, müsəlman xalqlarının əqli irəliləyişi sillabik ərəb yazısının qeyri-kamilliyinin doğurduğu keçilməz maneələr qarşısında məcburən dayanmalı oldu.

Qeyd etmək lazımdır ki, şerlə yazmaq adəti sillabik yazının oxunuşunu çox asanlaşdırırdı: ölçü, rəvanlıq və qafiyə sait səsləri göstərən hərflərin olmamasından irəli gələn boşluğu qismən doldururdu.

Adətən ədəbiyyatın gənclik çağında poeziya üstünlük təşkil edir. Qrafik işarələrin təkmilləşdirilməsindən və elmi biliklərin genişlənməsindən sonra isə poeziya anaxronizmə çevrilir.

Finikiyalılar sillabik əlifba işarələrini parçalamaq və onlardan hər birinə insanın çıxardığı səs payı vermək şərəfinə nail oldular. İnsanın səs orqanı vasitəsi ilə ifadə olunan hər bir səs finikiyalılardan özünə ayrıca bir işarə qazandı. Bu işarələrin sayı qırx ədəd idi və beləliklə, sait səsləri göstərən hərflərin əlavə edilməsi yolu ilə sillabik əlifbanın qüsurları əlifba yazısının timsalında aradan qaldırıldı.

Onda finikiyalıların dilindəki bütün sözləri ifadə etmək üçün bu işarələri bir-biri ilə bağlamaq kifayət edirdi; bunun nəticəsində bəşəriyyətin xoşbəxtliyindən yazıb-oxumaq hədsiz dərəcədə asanlaşdı.

Bütün ideyalar heç bir eyham vurulmadan ümumiləşdirilə və qorunub-saxlana bilərdi, özündə tərəqqi cücərtilərini ehtiva edən hər bir fikir digər mütəfəkkirlər tərəfindən də qəbul edilə bilərdi. Bəşər dühası öz yolunu tapdı.

Yunanlar asiyalıların fikrini mənimsəmişlər

Yunanlar finikiyalılardan onların səmərəli kəşfini əxz etdilər. Onlar bununla əsrlər boyu yalnız yunanların müstəsna dahiliyini etiraf edən xalqların birtərəfli fikirləri sayəsində qazandıqları nüfuza borcludurlar. Halbuki yunanların məziyyəti onların əsasən uzaqgörən zirəkliyindədir, onlar qabağa düşərək asiyalıların fikrini mənimsəmişlər.

Bir said kahini Solona müraciətlə Platonun “Timey” əsərində izi qalmış salamlamasında deyirdi: “Ey afinalılar! Siz ancaq uşaqsınız. Siz özünüzdən qədim olan heç bir şeyi bilmirsiniz: siz özünüzə vurğunluq və qürur hisslərinin təsirinə qapılaraq özünüzdən qabaq gələnləri tanımırsınız; siz elə fikirləşirsiniz ki, dünya yalnız sizdən və sizin şəhərinizdən sonra yaşamağa başlamışdır”. Həmin Misir kahini heç ağlına da gətirməzdi ki, öz sadəliyi ilə diqqəti cəlb etməyən əlifbanın kəşfi ayrı-ayrı şəxsiyyətlərin mütəfəkkirlər dairəsində istedadlı ağlından irəli gələn həyat mənfəətlərində kütlələrin iştirakını təmin edir. Yunan müdriklərinin bizdə heyrət yaradan nümunəvi əsərləri əsas etibarilə yalnız Asiya fikrinin bu və ya digər dərəcədə uğurlu sayıla biləcək işlənmələridir.

Yazının qeyri-kamilliyi Çin və Hindistanın hərəkətsizliyinin səbəbini aydınlaşdırır. Müasr nəsillərin öz təcrübəsinin məhsullarını gələcək nəsillərə qoyub gedə bilməyəcəyi halda, tərəqqi öz yoluna necə davam edə bilər?

Romalıların əxz etdiyi və latınlardan törəyən xalqlara keçmiş əlifba yazısı bir sıra təkmilləşdirmələrə məruz qalmış və nəhayət, fransız dilində bərqərar olmuşdur. Ancaq bu dil də tam əlifbadan istifadə etmir: o da, məsələn, almanların “sh”, ingilislərin “th”, ispanların “n” və ərəblərin “h” boğaz samitini ifadə etmək üçün müxtəlif naqolay üsullara əl atmağa məcburdur. Slavyan xalqlarına məxsus başqa səslər də vardır ki, fransız dili onları heç cür ifadə edə bilmir. Əlifba yazısının heroqlifik və sillabik yazıdan üstünlüyünün şübhəsiz olduğunu göstərmək üçün onlardan hər birində işlədilən işarələrin sayını yada salmaq kifayətdir. Təkmilləşdirilmiş Çin heroqlif yazısı müvafiq sayda əşyaları ifadə etmək üçün 130.000 işarədən istifadə edir.

Təkmilləşdirilmiş ərəb sillabik yazısı hansısa bir kitabı və ya jurnalı nəşr etmək üçün 800 mətbəə işarəsinin olmasını tələb edir. Hər bir mürəttib bu dildə mətbuat üçün hərfləri səhvsiz yığmaqdan ötrü ərəb dilini bilməlidir. Oxumağı öyrənmək üçün bir neçə il vaxt lazımdır. Tərcümə etmək çox çətindir: müəyyən mənfəət əldə etmək üçün elmi kitabları oxumaqdan ötrü tərcümə mətnlərinin aid olduğu elmlərin terminologiyasını əsaslı şəkildə bilmək lazımdır.

Əlifba yazısı təxminən 40 işarənin köməkliyi ilə bütün dillərin bütün səslərini ifadə edə bilir. Təhsilli adam bir neçə saat ərzində, uşaq isə bir neçə aya oxumağı öyrənir. Bir səhifəni oxumağı bacaran bütün kitabları oxuyur, bütün elmlərə açar əldə etmiş olur. Burada həqiqət Gün kimi aydındır: bütün sağlam şüurlar bunu etiraf etməli və həyta keçirilməsini tələb etməlidir.

İslam mövhumatı müasir təkmilləşdirilmiş silahla rəqabətdə köhnə silahın, zirehli gəmi ilə döyüşdə taxta gəminin tərəfini saxlaya bilməz. Hər şeydən qabaq öz atının yorğa qaçışı ilə fəxr edən ərəb buxar lokomotivinin üstünlüyünü başa düşməyə məcburdur. Hər şey elə bu cür aydın olduğuna görə əlifba yazısının sillabik yazıdan üstün olmasını etiraf etmək lazım gəlir. Fikrimi daha da inkişaf etdirmək üçün müsəlman nöqteyi-nəzərindən irəli gələn iki etiraza öz cavabımı bildirmək istəyirəm. Müsəlman deyir:

1) ərəb dili Quranın dilidir və onun yazısının hər hansı bir şəkildə dəyişdirilməsi bu müqəddəs dil üçün təhqir sayılır;

2) islam cəbr, kimya və s. elmlərini inkişaf etdirməkdən ötrü öz əlifbasının dəyişdirilməsinə ehtiyac hiss etmir.

Birinci etiraza gəlincə, qeyd etmək lazımdır ki, söhbət dilin dəyişdirilməsindən deyil, əksinə, onun saxlanmasından gedir. Dilin saxlanmasının ən yaxşı vasitəsi onun hamının əli çatan və ümumxalq səviyyəsinə gətirilməsi üsuludur. Bu üsul heç köhnə əlifbanın qrafik işarələrinin dəyişdirilməsindən də ibarət deyildir, sadəcə olaraq həmin işarələrdən hər birinə xüsusi düzgün təsvir və fonetik təxsisat vermək lazımdır.

Əlifba islahatının keçirilməyəcəyi təqdirdə ərəb dilinin gələcəkdə bütün müqəddəs dillərin aqibəti ilə üzləşəcəyini indidən görmək olar. Hindlilərin sanskrit dili, Zərdüştün dili və Misirin müqəddəs dili hara olmuşdur? Bunlar hamısı indi ölü dillərdir. Yəhudilər də öz dillərini axıradək xilas edə bilməmişlər. Beləliklə, ərəb əlifbasının islahatı ilə ərəb dili qorunub-saxlanacaqdır; ərəb ədəbiyyatının yayılması ilə kitabxanalarda saxlanılan və qurtların yeməkdə olduğu qiymətli əlyazmaların çoxuna yeni həyat veriləcəkdir.

Ərəb dili öz elmi qrammatikası, öz zənginliyi, öz xəfif zərifliyi ilə Şərqdə sivilizasiyanın qiymətli alətinə çevriləcəkdir. Hər halda əlifba islahatını məhdudlaşdırmaq və onu yalnız türk dilində və ya fars dilində həyata keçirmək olar. Bu dil islahat yolu ilə Asiyanın praktiki dilinə çevriləcəkdir və bu zaman o, Avropa ideyalarının müsəlman xalqlarına ötürülməsinə xidmət edəcəkdir, həm də nəzərə almaq lazımdır ki, türk və ərəb dilləri arasında, yaxud bu son dillə fars dili arasında heç bir oxşarlıq yoxdur və deməli, haqqında danışılan islahatın həyata keçirilməsinə heç nə mane olmur.

Ərəb dili elə bir sintaksisə malikdir ki, bu istənilən əlyazmanı tərəddüd etmədən oxumağa kömək edir. Mübtəda, fel və xəbər həmişə onlara xas olan mövqelərdə durur. Türk və fars dillərində buna bənzər şey yoxdur. Burada hər şey özbaşına buraxılmışdır. Eyni bir monoqrama dəfələrlə rast gəlmək lazımdır ki, onun əslində necə tələffüz edildiyinə əmin olasan. Hətta dili yaxşı bilən adam da mənası ona məlum olmayan sözü düzgün oxumaq iqtidarında deyildir; başqa sözlə, elmi kitabı oxumaq üçün əsl alim olmaq lazımdır. Qabaqcadan tələffüzünü eşitmədən xüsusi insan və ya şəhər adını oxumaq mümkün deyilsə, onda coğrafiyanı, tarixi necə öyrənmək olar?

İkinci etirazın əsası birincidən heç də artıq deyildir: ərəb dilinin müzəffər dövrü ərəblərin silahla qalib gəldiyi epoxaya düşür. O zaman cahil vəziyyətdə olan Avropa heroqliflərdən istifadə etməklə kifayətlənirdi, həmin dövrün herblərini öyrənməklə buna asanlıqla əmin olmaq olar. Harunərrəşidin müasiri Böyük Karl yazıb-oxumağı bacarmırdı. XVI yüzilliyə qədər əsil-nəcabətli baronlar imza qoymaq əvəzinə xaç çəkməklə və ya şpaqalarının ucunu qaynar surquca batırmaqla kifayətlənirdilər. Sanki savadsız olmaq şərəfli bir iş sayılırdı; hətta belə bir məşhur ifadə də yaranmışdır: “o əsil-nəcabətli olmaqla yanaşı, həm də yazıb-oxuya bilmir”. Xəlifələr özlərinin ilk dəfə işlətdikləri döyüş silahını dayandoldurumlarla, sonra onları muşketlərlə, muşketləri isə ən yeni tüfənglərlə əvəz etməkdən imtina etmədikləri kimi, müsəlmanların bu müdrik hökdarları özlərinin ilk dəfə işlətdikləri elmi vasitələri daha kamili ilə, köhnə əlifbanı yenisi ilə dəyişdirsələr, yaxşı olardı.

Ərəb dili ilə onun hazırda olduğu vəziyyətdə Bağdadın və Kordovanın qədim akademiyalarını bərpa etmək çətin deyildir, ancaq bu dillə yeni kəşfləri öz ehtiyaclarına tətbiq etmək istəyən xalqa təhsil vermək də mümkün deyildir. İndiki dövrdə hökmranlıq etmək kobud gücdən deyil, elmdən asılıdır. Hazırda xalqların mübarizəsi elm zəminində cərəyan edir. Dəqiqədə yüz iyirmi dəfə atan tüfəngin və dünyanın bütün taxtadan qayrılmış gəmilərini sulara qərq edə bilən monitorların olduğu bir yerdə say heç bir rol oynamır. Bu cür dəhşətli silahları idarə etmək və onlardan faydalanmaq üçün elm lazımdır. Əkinçilik mədəniyyəti, heyvandarlıq elmə çevrilmişdir; sənaye elm tərəfindən irəli aparılır; işçi, sənətkar, kəndli, dənizçi və əsgər elmsiz öz əlləri ilə nə etməyin lazım olduğunu bilmirlər. Elm qüvvəyə qənaət edir və əməyin məhsuldarlığını artırır.

Zehni əsərlər fikrin dəqiq ifadəsi və tez yayılması üçün vasitələr tələb edir. Rəqəmlər, xətlər, cəbr və həndəsə şərhlərə ehtiyac hiss edir. Ərəb əlifbasının tam olmadığını belə bir vəziyyət sübut edir ki, ondan istifadə edən milyonlarla adamın arasında öz ağlının zəhməti və öz qələminin məhsulu ilə müstəqil yaşayan bircə nəfər də adam yoxdur. Yazıçı yoxdur! Nə üçün? Ona görə ki, oxucu yoxdur. Oxumağı öyrənmək üçün uzun illər lazım gəldiyi halda, oxucu kütləsini necə yetişdirmək olar? Fəqir-füqəra sinfindən olan insanlar bunun üçün haradan vaxt tapsınlar? Hazırkı dövrdə itirilən hər dəqiqə itirilmiş kapital deməkdir.

Xalqların bir-birinə yaxınlaşması yalnız hakim millətlə məhkum millətin hissiyyat və təfəkkür sahəsində bir-birinə uyğunlaşacağı halda ağlabatandır. Əgər hakim millət savadlı deyilsə, savadlı məhkum millətdə özünə qarşı ikrah oyadacaqdır; əgər məhkum millət savadlı deyilsə, savadlı hakim millətə qarşı nifrət hiss edəcəkdir. Bu məqalənin predmetini təşkil edən məsələnin vacibliyini etiraf etməmək gözüyumulu şəkildə sadəcə olaraq günəşin işıq saçmadığını elan etmək deməkdir.

Avropa tərəfindən müdafiə olunan Osmanlı İmperiyasının bütövlüyünə hələlik heç bir qüvvənin təhlükə törətmədiyinə baxmayaraq, bu İmperiya qrafik silahı təkmilləşdirilmiş xalqlarla mübarizədə tamamilə köməksizdir; həm Türkiyə, sonra həm də bütün Asiya yaxşıca işlənib hazırlanmış elmi dili ilə meydana çıxacaq fatehlər üçün əsl qənimətə çevriləcəkdir. Bu məktubun predmetini təşkil edən məsələnin vacibliyini etiraf etməmək və beləliklə, bu məsələnin zəruri səciyyəsini qəbul etməmək Türkiyəni və İslamı fəlakətə məruz qoymaq deməkdir.

İmperiyanın mənafeyi qeydinə qalan dövlət adamının vəzifəsi sillabik əlifbada mövcud olan və Şərq xalqlarının ən yeni elmləri mənimsəməsini iflic edən əngəl və maneələri aradan qaldırmaqdır. Bu onun öz vətəni və ümumiyyətlə bəşəriyyət qarşısında ən böyük xidməti olacaqdır. Həmin dövlət adamı Peyğəmbərin aşağıdakı sözləri ilə mükafatlandırılacaqdır: “Ey müsəlmanlar! Sizin biliklərinizin nəticəsinə nə isə bir şey əlavə edənə öz atanız kimi hörmət edin”. Bir çox böyük ideyalar kimi, bu ideya da sadə bir fikrə əsaslanır. Əlifbada samit səsləri göstərən hərfləri ayırıb-fərqləndirin və onların arasına sait hərflərini yerləşdirin.

Musaidənizlə …

Şarl Mismer

Konstantinopol, 2 mart 1869-cu il”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed