Şrift:
Tarix dərsliyindəki səhvə görə cəza TƏLƏB EDİLDİ - “Üzr istəmək yox, cavab vermək lazımdır”
09.10.2017 [11:05] - Gündəm, Hadisə
X siniflər üçün rusca nəşr olunmuş “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Təhsil Nazirliyi həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edildiyini açıqlayıb. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.
Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Dərsliyin müəlliflərindən olan Kamran Əsədov saytımıza kitabda hər hansı qüsur olmadığını iddia edib. Onun sözlərinə görə, xəritədə indiki Ermənistana və ermənilərə aidiyyatı olmayan qədim Ərməniyyə dövləti göstərilib.

"Vuran bəlli, yıxılan bəlli"

Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xəqani Ədəboğlu açıqlamasında bu faktı kəskin tənqid edib:
“Tarix dərsliyində gedən səhvə həmin dərsliyin müəlliflərindən olan Kamran Əsədov iddia edib ki, guya, kitabda qüsur yoxdur. “Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir” söyləyib.
Deməli, hansı məqsədləsə belə bir səhvə yol verirlər, kitab çap olunur, müəllif kimi qonorar da alırlar. Səhv ictimailəşəndə üzr istəmək əvəzinə bunu "texniki qüsur" adlandırır və kitabların yenidən çap edildiyini bildirirlər. Üstəlik, bunu aşkara çıxaranların, bundan narahat olanların üstünə gedirlər. Özləri erməniyə xidmət etdikləri halda, bunların "texniki qüsur"undan yazanları "ermənidən betər" adlandırırlar. Müəlliflərə diqqət edin:Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynov.. Kitabı "Şərq-Qərb" nəşriyyatı çap edib. Yəni vuran bəlli,yıxılan bəlli”.

Keçmiş döyüşçü deyib ki, bu mövzuda bitərəf qalmaq olmaz.


“Mən dəfələrlə yazmışam ki, Aprel döyüşlərindən sonra içimizdəki erməni şəbəkəsi total şəkildə hücuma keçiblər. “26” kafesi, "26 Bakı komissarı" küçəsi, Şaumyanın yetimlərinin qəbir ziyarəti, xəritə təsadüf ola bilməz, hələ bu xəritənin kontur (lal) variantı da var. Onu müzkirəyə çıxartmayıblar. Bu günlərdə bir araşdırma apardıq Fedai.az -da. Məlum oldu ki, rus dilinin regionda zəifləməsi səbəbindən erməni informasiya və dezinformasiya mərkəzlərini Türkiyə və Azərbaycana yerləşdiriblər. Türkiyədə 56 vəqf ermənilərə məxsusdur və İstanbul, Diyarbəkr, Kayseri və Hatayda fəaliyyət göstərir. Bunların nəzarətində 700 min portal var. Bu mərkəzlərin Azərbaycanda uzantıları aşkar fəaliyyətdədirlər. Bu xəritə hələ ki gözə görünən bir olaydır. Xalq və xüsusən də saytların erməni nəzarətində olmayan kəsimi diqqətli olmalıdırlar... Bu xainlərin əməlləri bizim veteranların dərin hiddətinə səbəb olub”.

"Üzr istəmək yox, cavab vermək lazımdır"

Milli Məclisin deputatı, tarixçi, professor Fəzail İbrahimli Modern.az-a deyib ki, heç bir halda səhvə yol vermək olmaz:

“Biz bu gün həssas dövrü yaşayırıq. Bizim erməni kimi düşmənimiz var. Tarix, sərhədlər məsələsində bizim “texniki xəta”ya yol vermək haqqımız yoxdur. Biz diqqətli, ədalətli, qərəzsiz olmalıyıq. Fikirlərimiz, düşüncələrimiz rəqəmlərə söykənməlidir. Mən hesab edirəm ki, bu “səhv”ə görə üzr istəmək yox, cavab vermək lazımdır. Müəllif kollektivi və həmin xəritənin ideya müəllifi və kitaba daxil edənin kimliyi araşdırılmalıdır. Qoy aydınlaşsın ki, bu məsələləri qəsdən o kitaba kim pərçim edib. Müəllif bilərəkdən buna yol veribsə, bu kifayət qədər ciddi və cavabdehlik daşıyan məsələdir”.

"Təhsil Nazirliyində ən kiçik işçidən nazirə qədər hər kəs məsuliyyət daşıyır"

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Təhsil Nazirliyinin məsuliyyət daşıdığını deyib. A.Nağı Modern.az-a bildirib ki, müəlliflərin özlərinə hansısa şəkildə bəraət qazandırması da anlaşılan deyil:
“Mən hesab edirəm ki, məsələyə Təhsil Nazirliyi səviyyəsində, ona cavabdehlik daşıyan bölmələri səviyyəsində diqqətlə yanaşılmalı idi. Bu məsələni belə qoymaq olmaz. Tənqiddən sonra həmin xəritənin dərslikdən çıxarılması da xətadır. Əgər bunu səhv olaraq qəbul etmirlərsə, niyə yenidən dərslik nəşr edilir və həmin hissə çıxarılır? Nazirlikdə hər kəs aşağıdan yuxarıya qədər məsuliyyət daşıyır və mütləq cəzalandırılmalıdır. Hər dəfə məsələlərə dırnaqarası yanaşırıq, aşağıdakı 1-2 nəfəri cəzalandırıb, töhmət verib işi bitmiş hesab edirik. Ona görə də bu cür hallar təkrarlanır. Bu məsələdə Təhsil Nazirliyinin ən kiçik işçisindən tutmuş nazirə qədər hər kəs məsuliyyət daşıyır. Məsələyə elmi yanaşma olmalıdır. Elə “dedilər səhvdir, çıxartdıq”la olmaz. Biz bununla erməni dəyirmanına su tökmüş oluruq. Mətbuatda rast gəldim ki, “Armeniya” (Ərməniyyə”) o vaxt Romanın hansısa əyaləti olub. O zaman “Armeniya” ilə “Hayastan” fərqləndirilməli idi. Ermənilər öz tarixini Nuh peyğəmbərin dövrünə qədər aparıb çıxarırlar. Onlar iddia edir ki, hətta Nuhun özü də erməni olub və bu dildə danışıb. Biz isə tariximizi ermənilərin xeyrinə təhrif edirik. Ona görə də hesab edirəm ki, bu erməni təbliğatına xidmət edən bir faktdır və hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed