Şrift:
Varşavada 18 oktyabr–Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib
12.10.2017 [10:59] - Diaspor
Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin önündə 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib.

Polşadakı səfirliyimizdən verilən məlumata görə, tədbirdə Varşavanın Cənubi Praqa rayonunun meri Tomaş Kuxarski, Milli Ordunun Əsgərlərinin Ümumdünya Birliyini idarə heyətinin üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, diaspora nümayəndələri, habelə səfirliyin kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli Matsey Sulkeviçin və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş azərbaycanlı Vəli bəy Yadigarın həyat və mübarizə yolundan bəhs ediblər. Bildirilib ki, bu iki görkəmli şəxsiyyət xalqlarımız arasında dostluğun əsl nümunəsidirlər.

Daha sonra Milli Ordunun Əsgərlərinin Ümumdünya Birliyinin idarə heyətinin üzvləri tərəfindən abidənin üzərinə “QR Code” yapışdırılıb. “QR Code” xüsusi oxuyucu proqram təminatı vasitəsilə oxudulduqdan sonra ekranda Vəli bəy Yadigar haqqında məlumat göstərilir.

Qeyd edək ki, “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və xalq rəssamı Əli İbadullayevdir.

Tədbirdə səfirlik tərəfindən nəşr edilən “Vəli bəy Yadigar – Polşa Milli Ordusunun (AK) azərbaycanlı polkovniki” və “Matsey Sulkeviç – Polyak, Azərbaycan Milli Ordusunun generalı” kitabları tədbir iştirakçılarına paylanılıb.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed