Şrift:
Dilçiliyin İnkişafına dair Dövlət Proqramının əsas prinsipləri müəyyənləşdirilib
30.05.2012 [12:51] - Gündəm
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkə prezidentinin sərəncamı ilə hazırlanacaq Dilçiliyin İnkişafına dair Dövlət Proqramının əsas prinsiplərini müəyyənləşdirib. AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi məlumata görə, akademiyada ilkin müzakirə zamanı müəyyənləşdirilən prinsiplər dövlət proqramının layihəsində əks olunacaq: «Dünyanın qabaqcıl ölkələrinin bu sahədə təcrübəsi öyrəniləcək və dövlət proqramının hazırlanmasında yaradıcı şəkildə istifadə ediləcək. Dövlət proqramında Azərbaycan dilinin müasir qloballaşma şəraitində Azərbaycan xalqının bütövlüyünü qoruyan əsas amil olması, dil və dövlətçilik, dil və milli mədəniyyət , dil və milli varlıq və s. əhatə edən konseptual mülahizələr əsasında dil haqqında sistemli konsepsiyanın müəyyənləşməsi, Azərbaycan dilinin tədrisi, təbliği və qorunması sahəsində dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının qorunması, söz yaratma prosesinə nəzarətin gücləndirilməsi, dilin təmizliyinin mühafizəsi üçün elmi tədqiqatların və müvafiq dövlət qurumları ilə birgə tədbirlərin müəyyənləşdirilməsi əks olunacaq. Proqramda müasir Azərbaycan ədəbi dilinin imkanlarından lazımınca və düzgün istifadə edilməsi üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsi, ədəbi dilin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislərin məsuliyyətinin artırılması və onların bu prosesə müdaxilə etməsinə imkan verən mexanizmlərin formalaşdırılması, dilin inkişafının təmin edilməsi, ədəbi dil normalarının qorunması, ictimai həyatın bütün sahələrində dilin təmizliyinə xələl gətirən, onun işlənmə dairəsini məhdudlaşdıran halların aradan qaldırılmasını təmin edən normativ hüquqi qanunvericilik bazasının yaradılması, mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi, küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması hallarının qarşısınınm alınması istiqamətində, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin inkişafı sahəsində tədbirlərin, Azərbaycan dilinin təbliği istiqamətində dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşməsi və Azərbaycan dilini öyrənən əcnəbilər üçün müasir tələblərə cavab verən tədris vəsaitlərinin yaradılması nəzərdə tutulub».
Qeyd edək ki, ölkə prezidenti mayın 23-də «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» sərəncam imzalayıb. Sərəncama əsasən AMEA Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın layihəsini hazırlayıb 2012-ci il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed