Şrift:
Azərbaycanın AŞPA ilə münasibətlərə yenidən baxmasının mümkünlüyü və nəticələri…
13.10.2017 [10:37] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“AŞ PA-nın bu qərarı qərəzlidir və Avropanın ziyanınadır”

Fərəc Quliyev: “Bizə hörmətlə yanaşıb ədalətli mövqedən çıxış etməlidirlər”

Məlum olduğu kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin, belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub. Hər iki qətnamə qərəzli, tamamilə qeyri-obyektiv olduğu üçün, Azərbaycanda bu ciddi etirazla qarşılanıb və haqlı olaraq tənqid olunub. O cümlədən, ölkə rəsmiləri bunu pisləyiblər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AŞ PA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib ki, belə qərar Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Prezidentin köməkçisinin sözlərinə görə, bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞ PA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir: “Əlbəttə, bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcək. Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir".

Maraqlıdır, Azərbaycan Avropa Şurası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi yolunu tutsa, bundan hansı tərəf daha çox ziyan görəcək?

Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, bu cür addım atılacağı təqdirdə AŞ PA daha çox itirə bilər: “AŞ PA Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir. Bu dəfələrlə qeyd olunub və təəssüf ki, belə vəziyyət davam edir. Ancaq Azərbaycan hər zaman əlaqələri möhkəmləndirməyə, əməkdaşlığı davam etdirməyə səy göstərib. Reallıq ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Səmimi tərəf olaraq hər zaman üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bizim öhdəliyimiz olduğu kimi, qarşı tərəfin də öhdəliyi var. Ona görə də AŞ PA da buna əməl etməlidir. Yoxsa, buna əməl etmək əvəzinə, çox qərəzli şəkildə Azərbaycana münasibət bildirmək doğru deyil. Bu, münasibətlərə kölgə salır. Hesab edirəm ki, Azərbaycana qarşı belə qətnamələrin qəbul olunması Rusiyaya bağlı olan deputat qruplarının işidir. Hesab etmirəm ki, bu qərar bütün Avropa təsisatlarının mövqeyini əks etdirir. Ancaq prosedur elədir ki, istənilən nisbi say çoxluğu fərqi ilə qətnamə qəbul etmək olur. Bütün hallarda, hesab edirəm ki, AŞ PA-nın bu qərarı qərəzlidir və Avropanın ziyanınadır. Bundan sonra belə hallara yol verilməməlidir. Bizə hörmətlə yanaşıb ədalətli mövqedən çıxış etməlidirlər. Çünki Azərbaycan hər zaman öz öhdəliklərinə sadiq qalıb”.
Vidadi ORDAHALLI
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed