Şrift:
Vəsiyyətnamənin depozitə qəbul edilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması qaydaları dəyişdirilib
31.05.2012 [10:54] - Gündəm, Hüquq
Vəsiyyətnamənin depozitə qəbul edilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması qaydaları dəyişdirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı hökumət "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişikliklər barədə qərar qəbul edib.

Bu dəyişikliklər vəsiyyət edənin öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnamələrlə bağlı edilib. Qeyd edək ki, bu növ vəsiyyətnamənin saxlanması onun notariusda rəsmən depozitə qoyulması ilə təmin edilir.
Dəyişikliyə görə, həmin vəsiyyətnamələri notarius depozitə notariat kontorunda qəbul edir və həmin kontorda olan seyflərdə saxlayır.
Notarius vəsiyyətnaməni depozitə qəbul edərkən, vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən edir və onun fəaliyyət qabiliyyətini yoxlayır.
Notarius vəsiyyətnamənin qoyulduğu zərfin üzərində zərfdəki vəsiyyətnaməni onu təqdim edən şəxsin öz əli ilə yazıb imzalaması və vəsiyyətnamənin hansı tarixdə və saatda depozitə qəbul olunması barədə qeyd yazır. Qeyd notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.
Qaydalara görə, notarius vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır. Vəsiyyətnaməni depozitə qəbul edən notarius qəbzi imzalamalı və ona şəxsi gerbli möhürünü vurmalıdır.
Qəbz itdikdə vəsiyyətnaməni depozitə qoyan şəxsin, həmin şəxs öldükdən sonra isə onun vərəsəsinin müraciəti əsasında qəbzin notariat qaydada təsdiq olunmuş surəti verilir.
Depozitin yeri dəyişdirildikdə, notarius bu barədə digər şəxslərə məlumatın çatmasını istisna edən üsullarla vəsiyyətnaməni təqdim edən şəxsə məlumat verir.
Notariusun fəaliyyətinə xitam verildikdə, depozitə qoyulmuş vəsiyyətnamələr həmin ərazi üzrə təyin edilmiş notarius tərəfindən saxlanılır.
Vəsiyyətnaməni depozitə qoyan şəxs öldükdən sonra qəbzi təqdim edən şəxs ərizə ilə müraciət etdikdə, notarius işlədiyi və fəaliyyət göstərdiyi inzibati ərazi vahidi üzrə digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilib-verilməməsini yoxlayır.
Digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilmişdirsə, notarius 2 iş günü ərzində vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna təqdim edir və ya sifarişli poçt göndərişi (məktubu) ilə göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir. Mirasın açıldığı yerin notariusu vəsiyyətnamə saxlayan notariusla eyni şəhərdə (rayonda) fəaliyyət göstərirsə, vəsiyyətnamə onu saxlayan notarius tərəfindən mirasın açıldığı yerin notariusuna imza etdirməklə şəxsən təqdim edilməlidir.
Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilməyibsə, notarius qəbzi təqdim edən şəxsə həmin ərizənin verilməsi qaydasını izah edir. Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilməsi haqqında məlumat notariat kontoruna daxil olduqdan sonra notarius vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna, mirasın açıldığı yer Azərbaycanın hüdudlarından kənarda olduqda, həmin yer üzrə Azərbaycan konsulluğuna göndərilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edir və ya göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.
Mirasın açıldığı yerin notariusu gün təyin edərək, maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edərkən, vəsiyyətnamənin surətlərini onlara paylayır və vəsiyyətnamənin mətnini ucadan oxuyur.
Vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən onun geri götürülməsi, vəsiyyətnamənin mirasın açıldığı yerin notariusuna göndərilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxslərin tanış edilməsi barədə məlumatlar notariat reyestrində qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed