Şrift:
Azərbaycandan qəti tələb - Türkiyəli deputatlar ciddi şəkildə cəzalandırılmalıdır!
17.10.2017 [11:48] - Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
Əslində türkiyəli deputatların Azərbaycana qarşı çıxış etməsi dolayısı ilə elə Türkiyənin özünə cinahdan və ya arxadan xəncər saplamaq kimi bir şeydir. Bu mənada onların addımları Azərbaycan üçün olduğu qədər Türkiyə üçün də zərərlidir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Türkiyədən olan bir neçə deputatın son zamanlar ardıcıl olaraq antiAzərbaycan addımlarına münasibətində deyib.

Millət vəkili əvvəlcə türkiyəli deputatların Azərbaycandan rəsmi icazə almadan Ermənistanın işğalı altında olan ərazilərə də qanunsuz səfər etmələrini ciddi tənqid edib: "Həmin şəxslərin Türkiyəni parçalamaq istəyən şəbəkələrlə, o cümlədən PKK ilə əlaqələri var. Onlar Türkiyə xalqının iradəsini ifadə etməyən və dövlətçilik doktrinasından çıxış etməyən adamlardır. Ona görə də onların mövqeyini Türkiyənin mövqeyi kimi qiymətləndirmək olmaz. Amma həmin şəxslərin bu hərəkətinə qarşı bizdən daha çox Türkiyənin özündən, hüquq-mühafizə orqanlarından, ictimaiyyətindən, siyasi partiyalarından ciddi şəkildə təpki olmalıdır. Lakin təəssüf ki, bu təpki faktiki olaraq yoxdur. Hər halda ümid edirəm ki, Qarabağa qanunsuz səfər edən türkiyəli deputatların əməllləri cəzasız qalmayacaq. Onlara qarşı ciddi şəkildə ölçü götürülməlidir. Özü də uzatmadan və operativ şəkildə! Çünki bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını tanımaq deməkdir. Buna hər hansı siyasi mövqe ilə bəraət qazandırmaq olmaz. Bu hamımızın qəti tələbimizdir!"
Ardınca Türkiyəni təmsil edən digər deputatların AŞPA-da Azərbaycanın əleyhinə səs verməsinə gəlincə, F.Quliyevin fikrincə, bunu Türkiyənin mövqeyi kimi qəbul etmək düzgün deyil. Lakin onların bu addımı Türkiyənin özünün də maraqlarına zərbə vurduğu üçün ciddi təpki ilə qarşılanmalıdır: "Avropa təsisastlarındakı deputatların hamısı eyni siyasi mövqedə olmurlar və müxtəlif siyasi düşərgələri təmsil edirlər. Demək olar ki, hər bir dövlətdən nümayəndə heyəti fərqli olur. Orada konkret dövlətin mövqeyindən çıxış etmək məsələsi olmur. Hər bir deputatın iştirakı fərdi xarakter daşıyır. Ona görə də AŞPA-da Azərbaycanın əleyhinə səs verən türkiyəli deputatlar Türkiyə dövlətinin və hökumətinin iradəsini ifadə eləmirlər. Onlar mənsub olduqları siyasi partiyaların, daha çox isə öz fərdi mövqelərindən çıxış edirlər. Həmin deputatların bir qismi yəqin ki, lobbiçiliyin qurbanı olub, bir qismi isə ümumiyyətlə, Türkiyədəki ziqzaqlardan sonra milli mövqedə deyillər. Lakin AŞPA-da Azərbaycana qarşı çıxış edən deputatlara qarşı da Türkiyənin özündən daha çox təpki olmalıdır".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunda həmin şəxslər barəsində cinayət işi başlanılıb. Onlar məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Oktyabrın 11-də isə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs veriblər. Türkiyəli deputatların Azərbaycana qarşı bu gözlənilməz addımı anlaşılmaz olaraq qalır.

İlkin İzzət
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed