Şrift:
Azərbaycanda çimərliklərin monitorinqinin nəticələri açıqlanıb
31.05.2012 [15:55] - Gündəm, Sağlıq
Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərin monitorinqinin nəticələri açıqlanıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, çimərliklərin mövsümə hazırlıq vəziyyəti öyrənilib, dəniz sularının laborator müayinələri aparılıb.
Onun sözlərinə görə, dəniz suyunun fiziki, kimyəvi və toksikoloji analizlərin nəticələri əvvəlki illərdə keçirilən monitorinqlərin nəticələri ilə eyni olub: “Analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır. Ona görə də həmin çimərliklərlə bağlı olaraq 2010-cu ildə verilən qərar bu il də qüvvədə qalacaq”.
Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərindən istifadə qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed