Şrift:
Hüseyn Cavidin qızının Azərbaycan ədəbi ictimaiyyətinə müraciəti - Sanki bir çoxları atama dəb mövzu kimi yanaşmağa başlayıb
18.10.2017 [11:27] - Xəbərlər, DAVAMın yazıları
Turan Cavidin illər öncə etdiyi bu müraciəti təkrar yayınlamağa bu gün də ehtiyac var. Çünki Turan xanım müraciətdə qeyd etdiyi kimi, bu gün necə deyərlər, Hüseyn Cavid fəlsəfəsinin mahiyyətini anlamayan, onun dərin qatlarına enə bilməyən şəxslər Hüseyn Cavid haqqına dissertasiya mövzusu götürür, kitab bağlayır, pyes yazaraq səhnələşdirməyə cəhd edirlər. İnanıram ki, Turan xanımın bu müraciətindən xəbəri olmayanlar oxuduqdan sonra güman ki, "hər yerindən duran" bu mövzuda işləməyə cəhd etməz.

1998-ci il martın 12-də “Azərbaycan” qəzetində nəşr olunan müraciəti bizə təqdim etdiklərinə görə dəyərli ziyalılarmız Mirələkbər Seyidova və Naxçıvandakı Hüseyn Cavidin Ev muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundova xüsusi minnətdarlığımızı bildiririk.

Beləliklə, Enter.News Hüseyn Cavidin qızı Turan Cavidin Azərbaycan ictimaiyyətinə müraciətini təqdim edir:

"Hörmətli ədəbi ictimaiyyət!

Hörmətli Cavidsevərlər!

Son illərdə Hüseyn Cavid irsinin öyrənilişi, təbliği, şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində respublikada görülən işlər dərin minnətdarlıq duyğuları oyadır. Övlad kimi məni ən çox sevindirən cəhətlərdən biri budur ki, artıq Bakıda şairin adı ilə bağlı mərkəz var. Hörmətli prezidentimiz, Cavid xatirəsinə hər kəsdən daha artıq diqqət və qayğı göstərmiş cənab Heydər Əliyevin qətiyyəti sayəsində nəhayət ki, uzun illərdən bəri gözlənilən məqsəd həyata keçib – Elmlər Akademiyasında Hüseyn Cavidin ev-muzeyi yaradılıb. Burada yalnız Cavidlə bağlı yadigarlar nümayiş etdirilmir, həm də onun həyat və yaradıcılığının ayrı-ayrı problemləri ətrafında elmi tədqiqat işləri aparılır.

Məni respublika ədəbi və elmi ictimaiyyətinə - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətinin rəhbərliyinə, nəşriyyatlarımıza, elmi tədqiqat institutlarına, təhsil ocaqlarına, qəzet-jurnal redaksiyalarına, mədəniyyət müəssisələrinin başçılarına mürüciət etməyə bir nigarançılıq vadar eləyir. Caviddə özü haqqında işıq üzü görən yazılara da, nəşr edilən əsərlərinə də, pyeslərinin səhnələrdəki ifasına da çox vasvası münasibət vardı. O, şəxsiyyəti və yaratdıqları ilə bağlı buraxılan səhvlərə, təhriflərə, qeyri-ciddi münasibətlərə çox narahat olurdu, belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə qarşılayırdı. İndi mən eyni hissləri vaxtaşırı yaşamalı oluram. Sanki bir çoxları Cavidə dəb mövzu kimi yanaşmağa başlayıb. Cavid mövzusu ətrafında ədəbi möhtəkirlik cəhdləri müşahidə edilməkdədir. Dərindən öyrənmədən, Cavid ruhunu duymadan, onun düşüncələr aləminə lazımınca daxil olmadan roman yazmayan birisi Cavid haqqında roman ortaya qoyur, bərkiməmiş, klassiklərdən yazabiləcək siqlət qazanmamış naşı qələmlərdən povestlər, hekayələr, məqalələr çıxır, dramaturgiyanın qaydalarından, əlifbasından bixəbərlər debütlərini Cavid haqqında pyeslərlə başlayırlar. Acınacaqlısı budur ki, belə “əsərlər” efirə, mətbuata, səhnələrə, nəşriyyatlara yol tapa bilir.

Bu yaxınlarda televiziya ilə Nafilə adlı müəllifin Cavid haqqında yazısı əsasında hazırlanmış səhnələşdirmə nümayiş etdirildi və sonralar təkrar da olundu. İnandırıram sizi, bu qəbil səviyyəsiz “xidmətlərlə” Cavid ruhunu yalnız incitmək olar. Yaxud, xəbər tuturuq ki, Cavid irsi ilə əlaqədar dissertasiya müdafiə olunub. Yaxud pyes tamaşaya hazırlanır, yaxud...

Mən varam və Elmlər Akademiyasının Hüseyn Cavidi peşəkarcasına araşdırıb təbliğ edən Cavid muzeyi var. Cavidlə əlaqədar iş görürlər, bizə xəbər vermirlər. Ola bilsin hətta görülən iş uğurludur, amma bizə də irəlicədən göstərilsəydi, hansısa məsləhətlərimizlə, təqdim etdiyimiz mənbələrlə, sənədlərlə bəlkə də onun daha yaxşı alınmasına yardımçı olardıq.

Artıq dərəcədə rica edirəm ki, Hüseyn Cavidin həyat və yaradıcılığı ilə əlaqədar yazılan əsərləri xalqa çatdırmazdan əvvəl, deyilişi mümkünsə, ilkin ekspertizadan keçirmək üçün Cavidin ev muzeyinə rəyə göndərin.

Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru, yanlışsız, təhrifsiz yazılmış əsərlər işıqüzü görsün.

Hörmətlə: Turan Cavid"

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed