Şrift:
Rəsulzadənin əsərlərindən ibarət kitabın təqdimatı oldu
31.05.2012 [22:48] - Sosial
Bu gün Azərbaycan Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçirilib. M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gələn nəşrlə bağlı mərasimi MŞ sədri Əflatun Amaşov açıb.

Ə.Amaşov bildirib ki, bu iş çox məsuliyyətlidir, ağır zəhmət tələb edir.
”Təqdimatına toplaşdığımız nəşrin müəllifi, hamımızın ağsaqqalı Şirməmməd müəllim həmin məsuliyyəti və zəhməti çiyinlərinə götürərək təkcə tədqiqat işi aparmayıb, eyni zamanda böyük bir tarixi missiya yerinə yetirib. Rəsulzadənin əsərlərinin hələlik 3 cildi çıxıb. Hər cildin ərsəyə gəlməsinə təxminən on ilədək vaxt sərf olunub. Bu isə o deməkdir ki, Şirməmməd müəllim ömrünün əhəmiyyətli hissəsini, təxminən 20 ildən artığını dahi mütəfəkkirin irsinin öyrənilməsinə sərf edib», - deyən Ə.Amaşov Ş.Hüseynov yaradıcılığının Azərbaycan jurnalistikasına, elminə, ictimai fikir mühitinə örnək səciyyə daşıdığını vurğulayıb, ona qarşıdakı elmi işlərində uğurlar arzulayıb. Şura sədri səmərəli fəaliyyətinə görə Ş.Hüseynova Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Ş.Hüseynovu bütövlükdə ziyalı mühitimizin müəllimi adlandıraraq bildirib ki, onun yaradıcılığı, tükənməz enerjisi Azərbaycan klassikasına, jurnalistikasına, ədəbi-bədii fikrinə olan sonsuz məhəbbətindən qaynaqlanır.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü Aqil Abbas Ş.Hüseynov yaradıcılığını xarakterizə edərkən bildirib ki, məhz onun gərgin əməyi nəticəsində M.Ə.Rəsulzadə kimi vətən övladı xalqına yenidən qaytarıldı.

BDU-nun jurnalistika fakultəsinin dekanı, professor Şamil Vəliyev AXC dövrünün, eləcə də müstəqilliyə aparan tarixi yolun tədqiqinin müstəsna əhəmiyyətinə toxunub. O, mövcud istiqamətdə hələ bir sıra həqiqətlərə aydınlıq gətirilmədiyini, onların daha dərindən öyrənilməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Təqdimatı baş tutan kitabın bu mənada dəyərli məxəz olduğunu deyən Ş.Vəliyev əsərdə M.Ə.Rəsulzadənin azad, demokratik fikir, plüralizm kimi dəyərlərə münasibətinin ifadəsi olan baxışlarının günümüz üçün də aktual səciyyə daşıdığına diqqət çəkib.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid M.Ə.Rəsulzadə yaradıcılığının yüksək peşəkarlıqla araşdırılmasının və cəmiyyətə çatdırılmasının zəruriliyinə toxunaraq yeni çapdan çıxmış əsəri Ş.Hüseynovun hədsiz məsuliyyətinin, öz işinə olan dərin inamının və böyük şövqünün məhsulu kimi dəyərləndirib.

Sonda “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının müəllifi, qocaman professor Şirməmməd Hüseynov çıxış edib. O bildirib ki, tarixi şəxsiyyətlərin fəaliyyətinin öyrənilməsi vacibdir. Çünki onların hər birində mənsub olduqları millətlərin daşıyıcısı olduğu xüsusiyyətlər var. Görkəmli şəxsiyyətlərin öyrənilməsində İslam, Şərq aləmi üçün xarakterik mənfi stereotiplərin mövcudluğunu önə çəkən Ş.Hüseynov bildirib ki, o dövrdə də M.Ə.Rəsulzadə şəxsiyyətinin demokratik, mütərəqqi ruhlu olmasına dair fikrin qəbulu bu məkan üçün tam fərqli hadisədir. Dahi mütəfəkkirlə bərabər AXC dövrünün digər xadimlərinin irsinin də öyrənilməsinin vacibliyindən danışan alim müəllifi olduğu kitabın qəhrəmanının həyat və yaradıcılığı, siyasi və mənəvi dünyagörüşü ilə bağlı maraqlı faktlar açıqlayıb. Toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 1555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed