Şrift:
Haqqıdır haqqa tapan millətimin istiqlal!
18.10.2011 [12:43] - Güney Azərbaycan xəbərləri
Son günlərdə istiqlalçı deputatlar haqqında hazırladığım yazılara görə onlardan bir çoxu ilə ünsiyyətdə oldum və keçirdiyim hissləri yalnız bir sözlə ifadə edə bilərəm: Fəxarət. Millətin bu qəhrəmanlarının hamısı ilə fəxr etməyə dəyər, çünki onlar nə oraqdan, nə çəkicdən qorxmayaraq “ əyinlərinə kəfən geyinib ” Sovet İmperiyasına qarşı çıxdılar. Ali Sovetin 7 Mart 1991-ci il sessiyasında sərgilədikləri mövqeylə Onlar qul olmaqdansa, qəhrəman olmağı seçdilər. Beləliklə, “ DAVAM ” İstiqlalçı deputatlar haqqında məlumatları sizin sərəncamınıza verir. Oxuyun və qəhrəmanlarımızı tanıyın.

Fərəc Quliyev - 1989-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri, Ə.Elçibəyin 1-ci müavini olmuşdur. 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks -Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir. 2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, hərəkatın sədri seçilmişdir. 7 noyabr 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür.

Mirmahmud Mirəlioğlu - 1995-ci ildə ikinci dəfə təkrarən millət vəkili seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı (Şirvan) seçki dairəsindən yenidən seçilsədə öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib. Hazırda KXCP-nin sədri kimi siyasi fəaliyyətini davam etdirir.

Firudin Cəlilov - 1990-1995-ci illərdə deputat, baş nazirin müavini, təhsil naziri kimi vəzifələrdə çalışıb. Hal-hazırda elmi fəaliyyətlə məşğuldur. Türk tarixini, mədəniyyətini araşdırır.

Hacıbaba Əzimov - 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir. 1992 -ci ildən Vahid Azərbaycan Milli Birlik Partiyasının sədridir. Hal-hazırda təqaüddədir.

İsa Qəmbər - 1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Ona qədər Ali Sovetin sədri olub. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və başqanıdır.

Sabir Rüstəmxanlı - 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsind ən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasını yaratmışdır, bu günə qədər partiyanın sədridir. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinə həmsədr seçilmişdir. Hazırda Milli Məclisin deputatıdır.

İsgəndər Həmidov - 1992-ci il 16 may tarixindən 16 aprel 1993-cü il tarixə qədər daxili işlər naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust - oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, “ İstiqlal ” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Etibar Məmmədov - 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. Hal-hazırda məsləhətçi kimi çalışır.

Arif Hacılı - 1992 -1993-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri olmuşdur. Hal-hazırda həbsdədir.
İbrahim İbrahimli - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini kimi siyasi fəaliyyətini davam etdirir.

Rəhim Qazıyev - 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. 1995-ci ildə cinayət məcəlləsinin 3-cü maddəsi üzrə ittiham edilərək ölüm cəzasına məhkum olunub. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən əfv olunub.

Heydər Əliyev - 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Azərbaycan Respublikası Milli Məclisnin qərarı ilə Azərbaycan Respublikasg Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır. 2003-cü ilə qədər Azərbaycan Respublikasının prezidenti olmuşdur. 2003-cü il dekabrın 12-də vəfat etmişdir.

Aydın Məmmədov - Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi. Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.
1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur.

Dilarə Əliyeva - 1991-ci il aprelin 19-da Aydın Məmmədovla birgə müəmmalı avtomobil qəzasında həlak olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Sülhəddin Əkbər - 1992-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi nazirinin müavini olmuşdur. Sülhəddin Əkbər həm də 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosasiyasını yaradıb və hazırda onun prezidentidir.

Vahid Əhmədov - Baş nazirin müavini vəzifəsini icra etmişdir. Hal- hazırda millət vəkilidir.

Tamerlan Qarayev - Azərbaycanın Çində və Hindistanda səfir vəzifəsini icra etmişdir. Hal-hazırda o, Azərbaycan Respublikasının İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışır.

Tofiq Qasımov - 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuşdur. Hal-hazırda xarici ölkələrdən birində yaşayır.

Cümşüd Nuriyev - VHP Ali Məclisinin keçmiş sədri.

Mətləb Mütəllimli - 1995-ci ildən Sosial Ədalət Partiyasının sədridir.

Tahir Kərimli - 1998-ci ildən Vəhdət Partiyasının sədridir.

Məryəm Həsənova - Müəllimə kimi çalışıb. Hal-hazırda təqaüdçüdür.

Hicran Kərimli - Hal-hazırda Rusiyada yaşadığı barədə məlumatlar var.

İxtiyar Şirin - Azərbaycanın ilk Baş prokuroru olmuşdur. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Hüseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra
məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

İsmayıl Şıxlı - Dramaturq, ədəbiyyatşünas, nasir. 1995-ci ildə vəfat edib.

Nəriman Həsənzadə - Azərbaycan xalq şairi.

Yusif Səmədoğlu - Dramaturq, ədəbiyyatşünas, nasir. 1998-ci ildə vəfat edib.

Tahir Əliyev - Ehtiyatda olan general.

Xəstəlikdən vəfat etmiş istiqlalçılarımız: Ədalət Rəhimli və Mürşüd Məmmədli.
Haqqında məlumat əldə edə bilmədiyimiz istiqlalçılar: Fizuli Axundov, Maşallah Abdullayev, Ramiz Fətəliyev, Məmməd Xələfov, Tofiq Bağırov, Şadman Hüseynov, Faiq Baxşəliyev, Şahmərdan Cəfərov, Eldar Bağırov, Əyyam Musayev və Vaqif Novruzov. Sonda, bir daha bütün xalqımızı Müstəqillik günümüz münasibətilə təbrik edirəm! Azad olun, azadlarla olun!

Şahlar Ruhi
Bu xəbər oxucular tərəfindən 1630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed