Şrift:
Ermənistanı silahlandıran Rusiyaya xeyir verməməliyik
23.10.2017 [10:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri hesab edir ki, Azərbaycan işini ehtiyatlı tutmalı, digər ölkələrin istehsalı olan, üstün göstəricilərə malik silahlar almalıdır

Müstəqil Azərbaycan 30 ilə yaxındır işğalçı Ermənistanın təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Bu təcavüzkarlıq nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs haqqında razılıq əldə olunsa da, işğalçı ölkənin silahlı qüvvələri buna riayət etmir. Davamlı olaraq cəbhə xəttində atəşkəs pozulur, düşmən müxtəlif təxribatlara əl atmaqla münaqişə regionunda gərginlik yaradır. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli indiyə qədər qeyri-mümkün olub. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eləcə də nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr bu günə qədər yerinə yetirilməyib. Təbii ki, belə situasiyada Azərbaycanın öz təhlükəsizliyini təmin etmək, müdafiəsini daha da gücləndirməkdən başqa çıxış yolu qalmır.
Bunun üçün Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artırılması, Ordumuzun ən modern silahlarla təmin edilməsi başlıca vəzifə kimi qarşıya qoyulub. Bu vəzifənin öhdəsindən gəlmək üçün rəsmi Bakı müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla hərbi müttəfiq olan dövlətlərlə hərbi sahədə əməkdaşlığı genişləndirir. Həmin ölkələrdən ən müasir silah-sursatlar alınaraq Ordumuzun sərəncamına verilir. Belə dövlətlərdən biri də Rusiyadır. Heç kimə sirr deyil ki, Azərbaycan milyardlarla vəsait xərcləyərək böyük həcmdə silahı şimal qonşumuzdan alır. Bunun müqabilində Rusiya böyük gəlir əldə edir. Lakin təəssüf doğuran məqam burasıdır ki, Rusiya Azərbaycanın ödədiyi pullar hesabına işğalçı Ermənistana güzəştli şərtlərlə kredit verir, bizimlə düşmən münasibətlərində olan ölkənin silahlandırılmasına şərait yaradır. Misal üçün, Boris Yeltsinin prezidentliyi dövründə Rusiya Ermənistana 1 milyard dollar həcmində silah-sursat hədiyyə edib. Sonrakı illərdə Rusiyanın Gürcüstandakı hərbi bazasından çıxarılan 800 milyon dəyərində silah-sursat da işğalçı Ermənistana hədiyyə edilib. Bundan başqa, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Cari il oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə məsul olan dövlətlərdən biri kimi Rusiyanın bu cür davranışı rəsmi İrəvanın işğalçılıq iştahasını daha da artırır, qeyri-konstruktiv mövqeyini gücləndirir, mövcud problemin həllini yubadır. Belə situasiyada Azərbaycan birmənalı olaraq Rusiya silahından nə üçün imtina etməsin? Baş verənlərdən nəticə çıxarılaraq Silahlı Qüvvələrimiz üçün əsasən Türkiyə, İsrail, Pakistan, Ukrayna, Belarus, Polşa istehsalı olan silahlar alınsa daha yaxşı olmazmı?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan nəinki gələcəkdə, bu gündən başlayaraq Rusiya silahından imtina etməlidir: "Ən birinci ona görə ki, düşmən Rusiya tərəfindən silahlandırılırsa və bu silahlar Azərbaycana qarşı işlədilirsə, belə olan halda düşmən ölkəyə daha güclü silahlar veriləcək. Həm Rusiya, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Üstəlik, bu təşkilatın birləşmiş qərargahının rəisi də Azərbaycan və Ermənistan arasında müharibə başlanan zaman işğalçı dövlətə kömək etməyə çalışacaq. Bu, açıq şəkildə ifadə olunur. Ən nəhayət, bu günlərdə Ermənistana verilməsi təsdiqlənən 100 milyonluq kredit də əslində kredit adı altında düşmən ölkəyə bağışlanacaq. Onsuz da rəsmi Moskva indiyə qədər Ermənistana ən müxtəlif silahlar verib. Araşdırsaq görərik ki, bununla Rusiya Ermənistanın silahlanmasındakı kvotanı pozub. Heç kim zəmanət verə bilməz ki, bu proses bundan sonra da davam etməyəcək. Sülh danışıqları heç bir nəticə verməyəcəyi halda gələcəkdə torpaqlarımızı müharibə yolu ilə azad etməyi fikirləşiriksə, o zaman NATO silahlarına üstünlük verməliyik. Çünki, baş verəcək müharibədə Rusiyanın bizə satdığı silahlardan Ermənistan da bizə qarşı istifadə edəcək. Biz çalışmalıyıq ki, daha üstün silahlar əldə edək, təhlükəsizliyimizi, müdafiəmizi, suverenliyimizi daha etibarlı şəkildə qoruyaq. Bunun üçün Türkiyə ilə müştərək silahların istehsalı da nəzərdən keçirilməli, eyni zamanda müttəfiqlərimiz İsrail və Pakistandan əlavə silahlar almalıyıq. Ermənistanı silahlandıran dövlətə xeyir verməməliyik”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü, millət vəkili Elman Məmmədov da baş verənlər fonunda Azərbaycanın Rusiya silahından imtina etməsini təbii sayıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrimiz üçün nəzərdə tutulan modern silahları əldə etmək üçün böyük məbləğdə pul xərcləyir. Deputatın fikrincə, bu da ölkəmizə imkan verir ki, digər güclü dövlətlərlə hərbi əməkdaşlığı dərinləşdirmək çərçivəsində onlardan daha üstün, müasir silahlar alsın: "Rusiyanın Azərbaycana və Ermənistana münasibəti tarixən bizə məlumdur. Elə bir vəziyyət yarana bilər ki, Rusiya satdığı hansısa silahın ehtiyat hissələrini, sursatını məqsədli şəkildə sonradan bizə verməsin. Kreml rəhbərliyi kiminsə və ya nəyinsə xətrinə gələcəkdə bunu edə bilər. Ona görə də işimizi ehtiyatlı tutmalı, tədbirli davranmalı, Ordumuzun silahlanmasında digər ölkələrin istehsalı olan, üstün göstəricilərə malik silahlardan yararlanmalıyıq”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed