Şrift:
Milyarderlər Qərbdə hakimiyyəti ələ keçirir - səbəb
24.10.2017 [10:14] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Milyarderlərlə bağlı rəqəm o qədər də böyük deyil”

Elçin Mirzəbəyli: “Bu adamlar konkret siyasi platforma üzərindən hərəkət edirlər”

Son zamanlar bəzi ölkələrdə keçirilən prezident və parlament seçkilərində milyarderlərin, biznesmenlərin rəhbərlik etdikləri qurumların qalib gəldiklərinin şahidi olmaqdayıq. Son olaraq, Çexiyada belə bir nəticə qeydə alınıb.

Populist milyarder namizəd Andrej Babis və onun rəhbərlik etdiyi partiya Çex Respublikasında keçirilmiş parlament seçkilərində qələbə qazanıb. 63 yaşlı Babis ölkənin ikinci zəngin adamı sayılır, seçkiqabağı kampaniyası çərçivəsində onun təbliğ etdiyi ideya və şüarlar ölkə daxilində mövcud hökumət təsisatları əleyhinə olmaqla yanaşı, xarici siyasətdə avroskeptiklər platformasına söykənib. Andrej Babisin mərkəzçi ANO hərəkatı səslərin 30 faizini toplayıb, bu rəqəm isə ikinci nəticə göstərmiş rəqib partiyanın topladığı səslərdən təxminən 3 dəfə çoxdur. Koalisiya yaradılmasına dair danışıqlar başa çatandan sonra Andrej Babis Çexiyada yeni hökumətə rəhbərlik edə bilər.

Babis 4 milyard dollar dəyərində təxmin edilən sərvətini kimya, ərzaq və media sahələrində biznes fəaliyyəti nəticəsində toplayıb. Bundan öncə də dünyanın əsas güc dövləti sayılan Amerikada Donald Tramp, Ukraynada Pyotr Poroşenko, Gürcüstanda Bidzina İvanişvili kimi varlı biznesmenlər də prezident seçkilərində qalib gəliblər. Siyahını uzatmaq da olar.

Avropa ölkələrində siyasətçilərdən fərqli olaraq, insanların daha çox imkanlı şəxslərə üstünlük vermələri, ölkənin taleyini onların əlinə vermələri ilə bağlı fikirlər birmənalı deyil. Siyasətlə yaxından maraqlanmayanların birdən-birə peyda olub hakimiyyətə gəlmələrinin demokratiya, insan haqları və bu kimi məsələlərə necə təsir edəcəyi ilə bağlı ən müxtəlif mövqelər var.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev siyasət adamları ilə varlı şəxslər arasında bu cür bölgülərin aparılmasının əleyhinədir: “Bolşevik təfəkkürü olar ki, mütləq proletarlar iş başına gəlsinlər. Bu, Leninin şüarına oxşar bir şey olardı. Keçmişdə kommunizm qurulanda guya bütün sosialist ölkələrində məsələyə bu cür baxırdılar. Hesab edirəm ki, hakimiyyətə gələnlər arasında milyarderlərlə bağlı rəqəm o qədər də böyük deyil. Təbii ki, bu proseslərə varlı şəxslərin qoşulmalarının səbəblərindən biri də maliyyə imkanlarıdır. Amma düşünmürəm ki, bu, təkcə pulla bağlı olsun. Avropanın özündə son zamanlar daha çox millətçi şüalarla hakimiyyətə gəlmək cəhdləri var. Terrorla qorxutma, süni şəkildə terror səhnələri düzəltmək və bu kimi halların baş verməsi və bunların önə çəkilməsi gerçək millətçi kəsimin şüarları ilə siyasi meydana atılmasına səbəb olur. Bir də görürsən ki, millətçiliyə dəxli olmayanlar da kütləni aldatmaq üçün bu cür şüarlardan istifadə edirlər. Bu şüarlarla son zamanlar çıxış edənlər gerçək və yalançı millətçilər olmaqla iki hissəyə bölünür. Elektorat düşünür ki, biz səs veririksə, o zaman gerçək millətçilərə verək. Bunların da çoxu pullu kəsimdən olan şəxslərdir. Yaxud həmin pullular həmin kəsimlə işləyib elektoratı qazanmağa çalışırlar. Düşünürəm ki, burada pul əsas rol oynamır, daha çox millət üçün çalışmaqdan, bəşəri dəyərlərdən daha çox millətçi dəyərlərdən, özünü qoruma instinktindən irəli gələn bir şeydir. Pul bu cür proseslərdə 10% təsiri olan bir amildir”.

Politoloq Elçin Mirzəbəyli biznes faktoruna görə varlıların siyasətdə önə keçdiklərini düşünür: “Avropa ölkələrinin əhalisi üçün sosial-iqtisadi problemlərin həlli, həyatlarının yaxşılaşması, səhiyyə, təhsil, iş yerlərinin açılması və bu kimi digər sahələrdə irəliləyişlərə ümid yaradan faktorlar mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu ölkələrin iş adamları da öz ölkələrində biznes mühitinin yaxşılaşdırılması üçün əvvəlkindən daha artıq fəallıq nümayiş etdirirlər. Bu isə öz növbəsində iş adamlarının siyasi proseslərdəki fəallıqlarının artmasına zəmin yaradır. Azad iqtisadiyyat cəmiyyətin bütün fərdləri üçün bərabər imkanlar açır, insanların fərdi bacarıqlarına görə dəyərləndirilmələrinə zəmin yaradır. Bu kimi ölkələrin vətəndaşları yaxşı başa düşürlər ki, əlverişli biznes mühiti iqtisadi inkişafın təməlini təşkil edir. İqtisadi inkişaf isə sosial layihələrin daha geniş şəkildə icra edilməsinə imkan yaradır. Adamlar hansısa gəlişigözəl ideoloji mülahizələrə deyil, onların həyatlarının yaxşılaşmasına xidmət edən real təşəbbüslərə səs verirlər. Demokratiya, insan haqları həm də fərdi anlayışlardır. İnsanın demokratik düşüncəyə sahib olması onun peşəsi ilə bağlı ola bilməz. Bu daha çox konkret şəxsin yaşadığı mühitdən, təhsildən, intellektual və mədəni səviyyədən asılı olan məsələdir. Demokratiya təkcə düşüncə və davranış forması deyil, həm də vərdişdir. Bu vərdişə yiyələnmək üçün vaxt lazım gəlir. Vaxtın azlığı-çoxluğu isə xalqın potensialından asılıdır. Digər tərəfdən, mən iş adamlarının hakimiyyət pilləsinə biznes mühitindən yüksəldiyini də düşünmürəm. Bu adamlar konkret siyasi platforma üzərindən hərəkət edirlər. Onların namizədliklərini siyasi partiyalar irəli sürür və dəstəkləyir. Siyasi sistem isə imkan verir ki, hansı peşə sahibi olmasından asılı olmayaraq, hakimiyyətin yüksək pilləsinə yiyələnmiş şəxsin fəaliyyəti siyasi cizgilərdən kənara çıxmasın”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed