Şrift:
Almaniyada “Almanca-Azərbaycan Türkcəsində Lüğət” işıq üzü görüb
01.06.2012 [15:35] - Diaspor
Mayın 29-da Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Omid Yazdaninin müəllifliyi ilə işıq üzü görmüş “Almanca-Azərbaycan Türkcəsində Lüğət”in təqdimat mərasimi keçirilib.

Tədbiri AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova açıb. O, lüğəti elmi yaradıcılığın xüsusi yerə layiq olan bir bəhrəsi kimi qiymətləndirib və qeyd edib ki, lüğət dilin praktiki şəkildə işlənməsi, onun nəzəri prinsipləri ilə elmi axtarışları özündə birləşdirən işin nəticəsidir. Daha sonra o, müəllifdən lüğətin yaranması tarixinə dair məlumat verməsini xahiş edib. Əhməd Yazdani bildirib ki, Azərbaycanın almandilli ölkələrlə iqtisadi və mədəni sahədə genişlənən əlaqəsini, milyonlarla insanın azərbaycanca danışması və iki dilli lüğətlərə ehtiyacın artmasını nəzərə alaraq bu lüğəti yazmağı qərara alıb. Müəllif təxminən 10 il bu kitabın üzərində işlədiyini bildirib və əlavə edib ki, 900 səhifəlik, 45 mindən artıq söz və ifadələri əhatə edən lüğət Cənubi Azərbaycan türkcəsinin qarşılığını göstərməklə yanaşı həm də əlavə sözlərlə yeniləşdirilib. 42 il Almaniyada mühacirətdə yaşayan cənab Yazdani “Vətən xatirələri” silsiləsindən hekayələrini oxuyub və qonaqların suallarını cavablandırıb.

Tədbirdə Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor təmsilçiləri, incəsənət xadimləri, eləcə də alman qonaqlar iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed