Şrift:
Millət, dövlət və din
18.10.2011 [12:56] - DAVAMın yazıları
Ümumiyyətlə, dünyada dövlət idarəçiliyiylə maraqlananlar üçün ən əhəmiyyətli məsələ millət, din və dövlət arasındakı ideal balansı qorumaq və ya onların arasında düzgün seçim etməkdir. Əgər Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Kuba, Portuqaliya, Cənubi Koreya, Şimali Koreya, Misir və MDB ölkələri, Şərqi Avropa ölkələri, Hindistan, daxili siyasətində dövlətçilik yoluna üstünlük verirsə, Çin, Yaponiya, Fransa, İtaliya, Macarıstan, İsrail kimi dövlətlərin aparıcı daxili qüvvəsini millətçilər təşkil edir. Din xəttinin üstünlük təşkil etdiyi dövlətlər isə Pakistan, İran, İndoneziya və əksər ərəb dövlətləridir. Türkiyə, İspaniya, Böyük Britaniya və əksər Latın Amerika ölkələri siyasətlərində bu üç qüvvə arasında balans qurmağa çalışırlar. Bəs ən uğurlu variant hansıdır? Bu yazımda mən bunu araşdırmağa çalışacağam.
Dövlətin daxili siyasətinin qurulmasında əhalinin milli, sosial, iqtisadi vəziyyətinin çox böyük rolu var. Məsələn, ABŞ-da millətçiliyin daxili dominantlığı absurddur. Bunun səbəbi odur ki, ölkədə dünyanın bir çox millətlərindən olan əhalisi var. İtalyanlar, yəhudilər, çinlilər, yaponlar, ermənilər burada istər iqtisadi, istərsə də deoqrafik üstünlüyə malikdirlər. Hindistanda din fazasının üstünlük təşkil etsə, ölkə vətəndaş müharibəsi meydanına çevrilər, Rusiya da millətçiliyin əsas qüvvə olması üçün demoqrafik resursa sahib deyil, Yaponiya və Çində isə dövlətçilik sırf millətçiliyə bağlı olduğu üçün dövlətçilik millətçilikdən arxa plana keçir. Türkiyədə isə Ərdoğan hökümətinin dövrünə qədər millətçilik üstünlük təşkil edirdisə, indi din və millətçilik arasında balans qorunur.
Dünya tarixi göstərir ki, əksər dövlətlər ölkədə gedən ictimai, siyasi, həmçinin tarixi proseslərə uyğun olaraq öz daxili siyasətində bu fazaların balansını dəyişib. Bu barədə dəyişiklik olmayan dövlətlər Yaponiya, İsrail, Çin və s. dövlətlərdir. Türkiyə Ərdoğanın hakimiyyətində dinin önəmini qabartdı, Qandilərin dövründə Hindistanda millətçilik aktivləşdi, Almaniyada isə vaxt ötdükcə dövlətçiliyin əhəmiyyəti artdı.
Bu üç fazanı birləşdirməyin ən optimal yolu isə milli din konsepsiyasının yaradılmasıdır. Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Yaponiya, İsrail,Ermənistan, Britaniya, Almaniya, İtaliya, Rusiya bunun bariz nümunəsidir. Türkiyədə Nurçuluq, Səudiyyə Ərəbistanında Vəhabilik, İsraildə Yəhudilik, Britaniyada Anqlikanlıq, Almaniyada Protestantlıq və s. dinlər adıçəkilən dövlətlərə və millətlərə xidmət edir. Bu yolla həmən dövlətlər öz daxili siyasətlərini qorumaqla bərabər başqa ölkələrin ictimai həyatlarına da təsir edə bilirlər. Məsələn, Azərbaycanda bu gün Nurçular, Vəhabilər, Şiələr çoxluq təşkil etdiyinə görə ölkəmiz İran, Türkiyə və Səudiyyə Ərəbistanıyla yaxşı yola getməyə məcburdur. Bəs görəsən Azərbaycanda nə vaxt milli din konsepsiyası hazırlanacaq?
Ən sonda onu bildirmək istəyirəm ki, bu üç fazanın üçü də cəmiyyətin fərdlərini bir-birinə yaxşınlaşdırma məqsədi daşımalıdır. Bir halda ki, bir millətdə iki düşmən dini təriqətlərin nümayəndələri var o millət birləşə bilməz. Nə isə əfəndim, həmişəki kimi ümidimiz Tanrıyadır. Tanrı türkü qorusun!
Bu xəbər oxucular tərəfindən 1557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed