Şrift:
Bu ilin sonuna qədər Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
25.10.2017 [10:29] - Türk dünyası-Turan
Energetika Nazirliyində nazir Pərviz Şahbazovla Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev arasında görüş keçirilib.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfir nazir təyin edilməsi münasibətilə P.Şahbazovu təbrik edib və bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da iki ölkə arasında energetika sektorunda əlaqələrə yeni töhfələr verəcək.
Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayan P.Şahbazov isə iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini və bunun üçün böyük imkanların olduğunu deyib. Qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlərin, hər iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın möhkəmləndirilməsində böyük rolunu qeyd edən nazir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin də mühüm əhəmiyyət daşıdığını deyib.
Bildirilib ki, səfər zamanı hər iki ölkənin dövlət rəhbərləri Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya bir sıra vacib tapşırıqlar verib.
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının ilin sonuna qədər keçirilməsi məqsədəuyğun sayılıb.
Görüşdə ötən müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi-ticari əməkdaşlığın genişləndirməsi məqsədilə konkret sahələr və istiqamətlər üzrə hazırlanan “yol xəritəsi” ilə bağlı müzakirələr aparılıb. Yeni təkliflər əsasında sənədin bir daha nəzərdən keçirilməsi və ilin sonuna kimi Hökumətlərarası Komissiyanın iclasının təşkilinin vacibliyi qeyd olunub.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed