Şrift:
Bir daha "Ziya" qəzetinin kölgədə qalan nömrələri haqqında
25.10.2017 [14:47] - Gündəm, DAVAMın yazıları
İyulun 4-də FACEBOOK dostlarımın birindən bir məktub aldım.Məktub Azərbaycanın görkəmli maarifçisi

Səid Ünsizadənin (1825,Şamaxı - 1905,İstanbul) bir əsrdən bəri axtarılan şəklinin tapılması haqqında yazdığım məqalə ilə ilgili idi.

... Aydınlıq məqsədilə bütün oxuculara Səid Ünsizadə haqqında bir neçə söz söyləmək istəyirəm.

Səid Ünsizadə ümummilli liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi görkəmli maarifçilərimizdən biridir.

O, Şamaxıda qazı işlədiyi illərdə burada 1874-cü ildə "MƏCLİS MƏKTƏBİ" adlı nümunəvi ibtidai məktəb açmış,

1878-ci ildə Tiflisdə nəşriyyat fəaliyyətinə başlamış,1879-1884-cü illərdə Zaqafqaziyanın inzibati mərkəzində-Tiflisdə "ZİYA" adlı həftəlik ictimai, ədəbi və pedaqoji məzmunlu qəzetin nəşrinə müvəffəq olmuşdur.

Səid Ünsizadə Tiflisdə Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü olsa da, tutduğu vəzifə çərçivəsində ən çox maarifçilik məsələləri ilə məşgul olmuş, gənc nəslin mükəmməl məktəb təhsilinə cəlbi yolunda böyük işlər görmüşdür.

Ana dilində yazıb çap etdirdiyi dərsliklər, oxu kitabları, "Kəlilə və Dimnə" adlı nəsihətnamə və öyüdnamə əsərinin "Hümayünnamə" adı ilə türk dilinə tərcüməsi, Quranın türk dilində təfsirinin hazırlanması, ədəbi dilimizin formalaşdırılmasındakı xidmətlər- Səid Ünsizadənin pedaoji və ictimaii-siyasi fəaliyyətinin yaxşı və aydın görünən istiqamətləridir.

Təəssüf ki, Səid Ünsizadənin maarifçilik fəalliyyəti onun sağlığında da, sonralar da qısqanclıqla üzləşmişdir.Tiflisdə bədxahları tərəfindən çətinliklərlə üzləşən Səid Ünsizadə müftilik uğrunda mübarizədən uzaqlaşdırılıb,doğma şəhəri Şamaxıya göndərilir və o, burada vaxtilə işlədiyi vəzifəyə yeni təyinat alır.

S.Ünsizadənin Şamaxıya qayıdışı əksəriyyət tərəfindən rəğbətlə qarşılanır. Bu qarşılanma və Səid Ünsizadənin yeni təyinatla Şamaxıda görəcəyi işlər onun ən yaxın dostlarından biri olan S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində ustalıqla nəzmə çəkilmişdir.Bu qəsidə ilk dəfə "Ziyayi -Qafqasiyyə" qəzetinin 1884-cü ildəki 4-cü nömrəsində dərc olunmuşdur.

Tiflisdəki bədxahları S.Ünsizadəyə Şamaxıda da dinclik vermirlər.Səid Ünsizadə haqqında yazılan dedi-qodular

gündən-günə artır. S.Ünsizadə bədxahların pis əməllərindən bezib, ərizə yazıb işdən çıxır və Bakıda işləmək qərarına gəlir. Mətbuat vasitəsilə rus müsəlmanlarını yuxudan oyatmaq istəyən Səid Ünsizadə Bakıda da qala bilmir, 1890-cı ildə türk dünyasının baş şəhərinə-İstanbula gedir.

S.Ünsizadə ömrünün son 15 ilini İstanbulda yaşayır və təhsil sahəsində geniş və səmərəli fəaiyyət göstərir. Bakıda nəşr olunan "Həyat "qəzetində verilən bir acı xəbərə görə türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə ömrünün 80-ci sinnində İstanbulda vəfat edir.("Həyat" qəzeti, 5 iyul 1905-ci il, N 21).



***

...Yenidən dostdan gələn məktuba qayıdıram.Məktubda "Ziya" qəzetinin tədqiqi yolunda gördqyüm işləri dəyərləndirən dostum mənə ərkyana şəkildə bildirir ki, guya mən "Ziya" qəzetinin ilk nömrəsinin çıxdığı tarixi bilmirəm,onlarınAMEA Ədəbiyyat İnstitutunda gördükləri işlərə kölgə salıram.

Ciddi ittihamdır.Lakin layiqli deyil...




Məsələ burasındadır ki,mənim bu mövzuda yazdığım yazılar Azərbaycanda da,Türkiyədə də,Rusiyada da oxucular və elmi ictimaiyyət yərəfindən maraqla qarçılamışdır.

Məktub müəllifi "Ziya" qəzetinin ilk nömrəsinin 1879-cu il dekabrın 6-da çap olumnasında israrlı idi.Mənim yazılarımda isə bu tarixdə çıxan nömrə "Ziya"nın müsəlman təqvimi ilə çıxan ikinci sənəsinin-1297-ci ilin ilk nömrəsi kimi göstərilir.

Mən "Ziya" qəzetinin 1879-1880-ci illərdə çıxan 30 nömrəsinin latın qragfikasına transliterasiya edilərək 2013-cü ildə "Qanun" nəşriyyatı tərəfindən çap edilməsini böyük maraqla qarşılamışdım.

Təəssüf ki, "Ziya"nın 1879-cu ildə çıxan ilk 46 nömrəsi (N1, 25.01.1879 -... N 46, 30.11.1879)-qəzetin ilk sənəsinin nömrələri- transliterasiya kitabına düşməyib.Əslində bu, tədqiqatçıların böyük günahıdır.Bu günahı yumağın ən yaxşı yolu rəsmi etirafdır.Və bu etirafdan sonra unudulmuş 46-ların nəşrinə başlamaq lazımdır. Özü də ciddiliklə və məhəbbətlə...

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Respublika Prezidentinin Fərmanı ilə keçirilən ƏN YAXÇI MÜƏLLİM müsabiqəsinin qalibi,

Avropa Azərbaycan Məktəbinin keçmiş kafedra müdiri və müəllimi,

türkoloq.

23.10.2017.




P.S.Facebook dostum filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin mənə ünvanladıı məktubu olduğu kimi diqqətinizə çatdırıram.









Asif Rustemli
· 6 İyul ·

“ZİYA” QƏZETİNİN YARANMA TARİXİ,
yaxud bir hərf düşümünün yaratdığı yanlışlıq



Hörmətli Nazim Nəsrəddinov!
Mənim elektron poçtuma ünvanladığınız materialları alıb oxudum. Sizin "Ziya" qəzetinin nəşr tarixi ilə bağlı qaldırdığınız məsələ Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin bugünkü (5 iyul 2017-ci il) iclasında geniş müzakirə olundu. "Ziya" qəzetinin 2013-cü il transfoneliterasiya nəşri (“Qanun” nəşriyyatı, Məsləhətçi və redaktoru Əflatun Amaşov, rəyçi və ön sözün müəllifi prof. Şamil Vəliyev, ərəb əlifbasından latın qrafikasına çevirəni Müştəba Əliyev) faksimilesi ilə tutuşdurularaq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, kitabda “Ziya” qəzetinin 1-ci nömrəsindən (hicri-qəməri təqvimi ilə 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il) 30-cu sayınadək (29 rəcəb 1297-ci il – miladi 26 iyun 1880-ci il) ardıcıl müasir əlifbaya çevrilərək nəşr edilmiş, kitaba geniş lüğət yazılmış, qəzetin dili və üslubu olduğu kimi saxlanılmışdır. Baxmayaraq ki, “Ziya” kitabı Mətbuat tarixi və publisistika şöbəsinin yaranmasından (iyun 2014) bir il əvvəl işıq üzü görüb, ədalət naminə qeyd olunmalıdır ki, nəşrə böyük zəhmət çəkilib və “Sizin transliterasiya etdirdiyiniz "Ziya" çox nöqsanlıdır” – deyilərək gözdən salınmasına lüzum yoxdur.
Mən “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsinin ilk səhifəsinin fotosunu diqqətinizə təqdim edirəm. Səhifənin yuxarı başında, sağdan birinci sözdə “əlif” hərfi düşdüyü üçün Müştəba Əliyev söz birləşməsini “Yekinci səne” yəni “birinci il” kimi oxumuşdur. Azərbaycanda “Ziya” qəzetinin tam dəsti olmadığını nəzərə alsaq bəzi mütəxəssislərin, o cümlədən prof. Ş.Vəliyevin, M.Əliyevin və b. “Ziya”nın hicri 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsini qəzetin ilk sayı hesab etməsi təəccüblü görünməməlidir. Amma həmin qəzetin 13 dekabr 1879-cu il 2-ci sayını nəzərdən keçirdikdə görürük ki, “Yekinci səne” kimi oxunan sözün əvvəlində “əlif” hərfi var və bu halda söz “ikinci sənə” yəni “ikinci il” kimi oxunur. Beləliklə bir hərf düşümü “Ziya” qəzetinin tarixini bir il geri atmış, ciddi yanlışlığa səbəb olmuşdur.
Nazim müəllim, sizin qeyd etdiyiniz kimi həqiqətən “Ziya” qəzeti 1879-cu ilin yanvar ayından nəşrə başlamış, həmin ilin dekabrın 6-dək 46 sayı üşıq üzü görmüşdür.
Bu məqamda belə bir sual da meydana çıxır: Necə olub ki, 1879-cu ildə “Ziya” qəzetinin iki dəfə birinci nömrəsi çap olunub? Nəzərə almaq lazımdır ki, qəzetdə hicri-qəməri təqvimi əsas idi və nömrələr də bu təqvimə uyğun sıralanırdı. Qəzet fəaliyyətə 1296-cı ilin səfər ayında başlamış, zilhiccə ayının sonunda il başa çatmışdır. Məhərrəm ayının 1-dən isə 1297-ci il başlamışdır. Beləliklə “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il, yaxud miladi ilə 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsi qəzetin nəşrinin ikinci ilinə aiddir.
“Ziya”nın ikinci ilinin 30 sayını nəşrə hazırlayan Müştəba Əliyevin mətbuat tariximiz üçün xidmətlərinin üzərinə kölgə salmadan qəzetin birinci ilində çap olunmuş 46 sayının transfoneliterasiya edilməsi məsələsi gündəmə gəlir.
Hörmətli Nazim müəllim. "Ziya" qəzetinin nəşr tarixi ilə bağlı səmərəli tədqiqatlarınıza görə təşəkkürlər. Qəzetin birinci ilinin 46 sayını nəşrə hazırlamaq arzusunda olsanız Mətbuat tarixi və publisistika şöbəsi Sizinlə bu məsələni müzakirə etməyə hazırdır.
Bakı, 05.07.2017
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed