Şrift:
İlyas Əfəndiyevə göndərilən məktub: ''Qəribədir, ailədə sevmədən, məhəbbətsiz yaşamağı heç kəs qəbahət saymır...''
30.10.2017 [10:23] - Gündəm, DAVAMın yazıları
Arxivlərimizdə saxlanılan müxtəlif səpkili məktublar içərisində ədəbiyyat adamlarının da ünvanıa gələn məktublar var. Belə məktublardan biri də 1963-cü il dekabrın 7-də Xalq yazıçısı İlyas Əfəndiyevə ünvanlamış məktubdur.

S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət arxivində salxlanılan həmin məktubu təqdim edirik.

“Hörmətli İlyas müəllim.

Mən sizin əsərlərinizin həmişə ilk oxucusu olmuşam. Azərbaycan yazıçılarını çox az oxumağıma baxayaraq (əlbəttə, bu mənim qəbahətimdir) Sizi həmişə izləmişəm. Son əsəriniz (“Dağlar arxasında üç dost”) məni tamamilə valeh etmişdir. Hətta “Azərbaycan” jurnalının çapdan çıxmasını gözləyə bilmədim, mətbəədə hələ tam hazır olmayan nüsxələri alıb oxudum. Elə o vaxt da əsər haqqındakı qeydlərimi, mülahizələrimi Sizə yazmaq qərarına gəldim. Ancaq ailəmizdə baş verən bir bədbəxtlik bu məsələni təxirə saldı. Bəlkə buna görədir ki, indi fikirlərimi istədiyim kimi verə bilmirəm. Hər halda, zəif də olsa, öz təəssüratımı Sizə çatdırmaq istəyirəm.

Əsərinizdəki Səlimə, Şahlar, Bəndalı, usta Manas, Bağdagül və s. surətlər nə qədər canlıdırlar. Bir sözlə, Qartallı dərənin adamları çox təbiidirlər, onlarda heç bir cansıxıcılıq yoxdur. Hələ Səlimə! Ümumiyyətlə, Sizin yaratdığınız qızlar qəribə təbiətə malikdirlər (hərçənd həyatda belələrini yaxşı qarşılamırlar).

Səlimənin riyakarlıqdan uzaq olması, cəsarətliyi, romantik təbiəti, təbii ehtirasları mənə nəinki kimisə xatırladır, hətta mən onun prototipini tanıyıram. Xüsusilə, qızın barmağına taxılan üzük - bu qeyri-adi nişanlanma mənə bir hadisəni çox xatırladır. Elə bil Siz həmin hadisənin şahidi olmusunuz. Ancaq məni başqa şey düşündürür. Məhəbbət əsl mənada olarkən barmaqdakı üzüyə ehtiyac qalırmı? Sizin “Yun şal”dakı qıza vaxtilə tərəddüd keçirən oğlan nəhayət üzük alır. Doğrudur bu bizim milli ənənəmizidir, lakin məndə belə bir etiqad yaranıb ki, əsl məhəbbət olmayan yerdə barmaqdakı üzük də, pasportdakı möhür də öz əhəmiyyətini itirir, elə deyilmi?

Əsərinizdəki üsulla barmağına üzük salan qız (mənim tanıdığım…) beş ildən yuxarıdır ki, bir nəfəri sevir. Bu qızın hissi o qədər yüksəkdir ki, Səlimənin dediyi kimi, onu “çeynənmiş sevgi” adlandırmaq da qəbahətdir. Lakin bu yüksək hissə mane olan səbəb vardır. Kişi evlidir. Qəribədir, sevəsən, seviləsən, hissin də yetim qalsın. Deyəcəksiniz kişi boşansın, vəssalam. Axı, onun uşaqları yar, cəmiyyətimiz elədir ki, boşananlara ictimaiyyət yaxşı nəzərlə baxmır. Xüsusilə vəzifə daşıyan, az çox tanınmış adamlar ailədə nümunəvi olmalıdırlar. Qəribədir, ailədə sevmədən, məhəbbətsiz yaşamağı heç kəs qəbahət saymır, çünki uşaqların var və pasportuna möhür vurulmuşdur. Lakin ömrünü, gününü əsirgəmədiyin bir adamla möhürsüz-filansız (ancaq saf hisslərlə) yaxın olduqda yer-yandan səni ittiham etməyə çalışırlar.

Çox qəribədir, İlyas müəllim, heç bilmirəm bunları Sizə niyə yazıram. Yəqin yaratdığınız qızlar mənim təbiətimə çox yaxın olduğu üçün öz fikirlərimi qismən açıq yazdım. Bir az ürəyi olanlar ürəkləri ovuda bilərlər, deyilmi? Əgər Sizinlə görüşsəm, bu məsələləri, bəlkə avtobioqrafik xarakter daşıyan bu macəranı da təfsilatı ilə Sizə danışaram. Bu, Sizin üçün gözəl bir əsər mövzusu ola bilər. Mən Sizə danışacağım əhvalatı kiçik bir povestimdə qismən vermişəm (kaş onu oxuyardınız), ancaq mənə elə gəlir ki, dediyim mövzu mənim kimi püxtələşməmiş, gənc yazıçıların deyil, Sizin kimi bir yazıçının qələmi üçündür.

Vaxtınızı aldığım üçün üzr istəyirəm.

Hörmətlə: S.Rəhimova”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed