30.10.2017 [10:28] - DAVAMın yazıları
Yazının əvvəlini bu linkdən oxuyun
Z.V.Toğan Avropaya gələrək, ilk əvvəl, hələ 1916-cı ildən Dövlət Dumasında fəaliyyət göstərərkən tanıdığı Ə.Topçubaşovla və Azərbaycandan gəlmiş Kazımzadə ilə görüşmüşdür. Z.V.Toğan mühacirətdə elmi fəaliyyətlə məşğul olmuşdur. Onun yaradıcılığı türk tarixşünaslığında müstəsna rol oynayır. Z.V.Toğanın “İbn-Fadlanın səyahətləri” əsərini tapıb nəşrə hazırlamağı, “Ümumtürk tarixinə giriş” və “Tarixi araşdırmaların metodologiyası”na aid əsərləri onun böyük alim kimi tarixə daxil olduğuna dəlalət edir. Bundan başqa onun “Türküstan bolşeviklərinin Şərq və müstəmləkə siyasəti”, “Türküstan ordusu haqqında” və b. əsərləri vardır. Z.V.Toğanın Azərbaycana aid əsərləri də vardır: “Azərbaycan etnoqrafiyası” və “Azərbaycanın tarixi coğrafiyası”. Bakıda keçirilən I Türkoloji qurultayda Qazizi Qubaydulin mühacirətdə olan Z.V.Toğanın elmi əsərlərinə yüksək qiymət vermişdir.
Beləliklə, Z.V.Toğan Lenin və Stalinin siyasəti ilə razı olmasa da, sosialist ideyalarını qiymətləndirirdi. Onun həyatında çox mühüm hadisələr baş vermişdir, milli-azadlıq hərəkatına başçılıq edərək doğma başqırd xalqına dövlətçilik statusunu qazandırmaq, türk həmrəyliyinə əsaslanaraq Türküstanda basmaçılar tərəfindən aparılan milli-azadlıq hərəkatına başçılıq etmək, türk problemini Avropada yaymaq və nəhayət, türkçülük yolunda genişmiqyaslı elmi-ictimai fəaliyyət göstərmək.
Tatar xalqının milli-azadlıq mübarizəsi tarixində Mirsaid Sultanqaliyev (13.7.1892 – 28.1.1940) xüsusi yer tutur. O, 1905-ci il inqilabi hadisələrindən sonra Bakıya köçmüşdür. Burada o, inqilabi fəaliyyətlə məşğul olmuş, müəllimlik etmiş, kitabxanada işləmiş və dəfələrlə mətbuatda çıxış etmişdir. Onun fəaliyyəti N.Nərimanov tərəfindən yüksək qiymətləndirilmişdir. 1917-23-cü illərdə bolşeviklər partiyasının üzvü, Rusiya, Tatarıstan, Kazan quberniyası və Qırmızı Orduda bir sıra məsul siyasi və dövlət vəzifələrində çalışmışdır. 3-cü Ümumbaşqırd Sovetlər qurultayında dövlət aparatında başqırd dilindən və başqırdlardan lazımi qaydada istifadə olunmamasını aradan qaldırmaq haqqında qərar imzalamışdır.
1917-ci ilin mayında Sultanqaliyev Ümumrusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuş və Müsəlman Sosialist Komitəsinin üzvü seçilmişdir. Sonuncuların siyasi proqramları bolşeviklərin proqramı ilə üst-üstə düşürdü. 1917-ci ilin noyabrında o, bolşevik partiyasına daxil olmuşdur. Həmin dövrdə Rusiya Xalq Milli İşlər Komissarlığında müsəlman bölməsinə rəhbərlik etmək üçün Stalinin dəvətini almışdır. Bundan başqa, o bolşeviklərin hakimiyyətində bir sıra məsul vəzifələrdə çalışmışdır. Sultanqaliyev tatar silahlı dəstələrinin bolşeviklər tərəfindən Kolçaka qarşı vuruşmasının tərəfdarlarından olmuşdur.
Sultanqaliyev türkçü olsa da, əsas məqsədi vahid Turan dövlətinin yaradılması deyildi. O, sadəcə türkdilli xalqların birlikdə mehriban ailə çərçivəsində inkişafının tərəfdarı olmuşdur. Sultanqaliyev həmfikri olan başqa türkçü kommunistə - Firdevsə yazdığı məktubunda Rusiyanın bütün müsəlman kommunistlərinin bolşevik mərkəzinə qarşı birləşməsini təklif etmişdir. Bu məktub Stalinin əlinə keçdikdən sonra Sultanqaliyev həbs olunmuşdur. Stalin rus şovinizminin və yerli milli təmayülün bolşevik ideyasına zidd olduğunu etiraf etsə də, yerli milli təmayülə qarşı mübarizəsini kəskinləşdirmişdir. “Sultanqaliyev işi” Stalin tərəfindən şişirdilmiş və yerlərdən dəvət olunanların iştirakı ilə 1923-cü ildə keçirilən məşhur RKP MK IV müşavirəsində bu məsələ xüsusi olaraq geniş müzakirə edilmişdir. Sultanqaliyevə qarşı çıxış edənlərin arasında türk mənşəli kommunistlər çoxluq təşkil etmişdir. Sultanqaliyev həbs olunandan bir ay sonra Kazanda keçirilən toplantıların birində onun həmyerlilərindən olan R.Müslimov Sultanqaliyev ideologiyasını “faşizmə bənzər” adlandırmışdı. Sultanqaliyevə qarşı irəli sürülən ittihamlar Rusiya müsəlman bolşeviklərinin Başqırdıstan, Tatarıstan, Türküstan, Kalmıkiyanın, çuvaşların torpaq hüquqlarını qorumaq və Z.V.Toğanla danışıqlara girmək idi. Sultanqaliyevin dövlətçilik fəaliyyətinin əsas mahiyyəti Tatarıstan statusunu muxtariyyətdən müttəfiq respublika səviyyəsinə qaldırmaq olmuşdur. 1930-cu ildə Sultanqaliyev həbs olunaraq güllələnməyə məhkum olunmuşdur. Sonralar bu hökm dəyişdirilmiş və o azad edilmişdir. 1937-ci ildə o, yenidən həbs olunmuş və 1940-cı ildə güllələnmişdir.
Türk xalqlarının milli dövlətçilik uğrunda mübarizə aparan xadimlərindən biri də Fayzulla Ubaydulla oğlu Xocayev olmuşdur. O, 1896-cı ildə Buxarda tacir ailəsində doğulmuşdur. 1920-ci ildən bolşeviklər partiyasının üzvü, Buxara əmirinə qarşı hazırlanan üsyanın başçısı, 1920-23-cü illərdə Buxara Xalq Komissarları Sovetinin sədri, 1924-cü ildə Özbəkistan İnqilab Komitəsinin Müvəqqəti fəhlə-kəndli hökumətinin sədri, 1925-ci ildən 1937-ci ilə qədər Özbəkistan Xalq Komissarları Sovetinin sədri olmuş və SSRİ MK sədrlərindən biri olmuşdur. F.Xocayev Özbəkistanda “üsuli-cədid” hərəkatının fəal iştirakçılarından olmuş və bu sahədə bir neçə əsərin müəllifi olmuşdur. F.Xocayevə qarşı irəli sürülən əsas ittiham, Özbəkistan və Azərbaycan daxil olmaqla, başqa türk xalqları yaşayan əraziləri SSRİ tərkibindən çıxarmaq yolunda gizli fəaliyyət göstərməsi olmuşdur. F.Xocayevin bəzi fəaliyyəti müasirləri olan bəzi bolşeviklər tərəfindən hətta “milli faşizm” kimi qiymətləndirilmişdir. Ona qarşı irəli sürülən ittihamlar bunlar olmuşdur: kənddə kolxoz quruluşuna maneə törətməsi, qolçomaqların antisovet dəstələrinin yaradılması, antisovet və millətçi ruhlu, silahlı qarşıdurmaya hazır olan kadrların tərbiyələndirilməsi, M.Sultanqaliyevlə əməkdaşlıq və s. O, 1937-ci ildə mühakimə olunmuş, 1938-ci ilin martında güllələnmişdir.
İkramov Akmal İkram oğlu (1898-1938) 1921-22-ci illərdə Türküstan KP MK katibi, Özbəkistan Kommunist Partiyasının təşkilatçılarından, 1929-37-ci illərdə Özbəkistan KP MK-nın birinci katibi olmuşdur. A.İkramov 1918-ci ildə bolşevik partiyasına daxil olaraq Özbəkistanın sovetləşməsində aktiv iştirak etmişdir. 1922-ci ildə Moskvada N.Nərimanovun da tez-tez çıxış etdiyi Kommunist Universitetində təhsil almışdır. Sultanqaliyevi ifşa etmək üçün çağırılan toplantıda Özbəkistan Mərkəzi Komitəsinin katibi Akmal İkramov Mərkəzi həddindən çox “göstəriş” verməkdə ittiham etmişdir. Stalin İkramovun bu hərəkətini müstəqilliyə meylli olmaq kimi qiymətləndirmişdir. 1937-ci ildə o, həbs olunaraq güllələnmişdir.
Qazax xalqının milli dövlətçilik uğrunda mübarizəsində Rıskulov Turar Rıskul oğlu (1894-08.02.1938) xüsusi yer tutur. Onun inqilabi fəaliyyəti 1916-cı ildə başlamışdır. 1926-cı ildə T.Rıskulov RSFSR XKŞ sədrinin müavini təyin olunmuşdur. Qazax siyasətçilərini fərqləndirən xüsusiyyətlərdən biri onların fəhlə sinfi sıralarında “proletar həmrəyliyi” dərsini keçməmələri idi. T.Rıskulov hələ Aulie-Ata sovet təşkilatının sədri olarkən yazırdı: “Yerli əhali sovet hakimiyyəti nə deməkdirsə, başa düşmür. 1919-cu ildə Türküstana gələn Kuybışev Moskvaya yazırdı: “Sovet hakimiyyəti bizim düşündüyümüz şəkildə inkişaf etmir, kəndli ilə heç bir əlaqə yoxdur, əsl hakim ruslar, dəmiryolçulardır. Əhali arasında “müsəlman” və “avropalı” bölgüsü gözə çarpır”. Qazax xalqının aparıcı siyasətçiləri və ziyalıları T.Rıskulov, S.Asfendiyarov, S.Sadvakasov, S.Xocanov, J.Mınbayev və başqaları belə bir şəraitdə bolşevizm hakimiyyətindən istifadə edərək xalqının milli maraqlarını əks etdirən siyasət aparırdılar. N.Nərimanov, M.Sultanqaliyev və başqa müsəlman milli təmayüllü kommunistlərlə yanaşı, T.Rıskulov müsəlman şərqində inqilabi proseslərin milli-azadlıq istiqamətində yönəlməsinin tərəfdarı olmuşdur. Rıskulov Şərq inqilabının idarə olunmasını zəruri saymışdır. O deyirdi ki, düşünülməmiş, yerli vəziyyətlə uzlaşmamış kommunizm ideyalarının Şərqdə tətbiqi lazımi nəticə verə bilməz. T.Rıskulov N.Nərimanovla birlikdə Şərq zəhmətkeşlərinin Kommunist Universitetində dərs verərək Şərq inqilabının xüsusiyyətlərinin nəzərə alınmasını vurğulamışdır. “Sultanqaliyevin işi” Moskvada müzakirə olunarkən T.Rıskulov da çıxış etmişdir. Lakin o, Sultanqaliyevin ünvanına Stalinin ürəyincə olan sözləri demədiyi üçün çıxışı xoşa gəlməmişdir. Sultanqaliyevi ifşa edən müşavirədə də çıxış edən T.Rıskulov bolşeviklərin milli siyasətinin yerlərdə düzgün həyata keçirilməməsi barədə narahat olduğunu vurğulamışdır.
Turar Rıskulovun milli dövlətçilik fəaliyyətinin əsas mahiyyəti müsəlman xalqlarının milli dəyərləri və xüsusiyyətləri ilə hesablaşmaq olmuşdur. T.Rıskulov Türküstan xalqları arasında həmrəyliyə böyük səy göstərmişdir. Onun bu yolda olan xidmətləri sonralar yüksək qiymətləndirilmişdir. Ümumtürk həmrəyliyinə üstünlük verən T.Rıskulov hələ 1920-ci ildə V.İ.Leninə yazdığı məktubunda Türküstanın milli zəmində bölgüsünü lüzumsuz saymışdır. O, S.Seqizbaev və başqa qazax siyasətçiləri ilə birlikdə var gücü ilə Türküstanın vahid dövlət elan edilməsinin tərəfdarı olmuşdur.
Sonralar SSRİ-nin xalq daxili işlər komissarı olan N.İ.Yejov 1923-cü ildə Qazaxıstanın Semipalatinsk quberniya partiya komitəsinə rəhbərlik edərkən sanki gələcəkdə törədəcəyi qətllərin məşqini burada keçmişdir. Qazaxıstanın ən məşhur siyasətçiləri və ziyalıları ya həbs olunur, ya da Qazaxıstandan qovulurdular. 1928-ci ildə Qazaxıstanda milli təmayülçülüyə qarşı mübarizə həyatın bütün sahələrini əhatə edirdi. Qazaxları köçərilik həyat tərzindən məcburi çəkindirmək meyllərinə mane olanları da millətçi adlandıraraq məhkum edirdilər. On il köçəriliklə müharibə aparanları da müxtəlif cəzalara məhkum edirdilər. Onların arasında yerli siyasətçilər Ə.Bukeyxanov, M.Dulatov, A.Baytursun, T.Rıskulov, İ.Sadvakasov və b. var idi. T.Rıskulov öz həmfikirləri olan S.Xocanov, S.Mendeşev, S.Sadvakasov və O.Candosovla birlikdə qəddar şovinist olan Qazaxıstan partiya təşkilatının rəhbəri F.İ.Qoloşşekinə qarşı mübarizəyə başladılar. Turar Rıskulov burjua millətçisi və pantürkist ideyalarında ittiham olunaraq qətlə yetirilmişdir. İttiham olunanlar sırasında 1931-1933-cü illərdə qazax əhalisinin kütləvi şəkildə qırğına məruz qalmasına narazılıq bildirənlər də olmuşdur. T.Rıskulova və onun bir neçə silahdaşına, MİK katibinin müavini N.Nurmakova, Qazaxıstan MİK sədri U.Kulumbetova və başqalarına qarşı irəli sürülən ittiham ondan ibarət olmuşdur ki, guya onlar Qazaxıstanı SSRİ tərkibindən çıxarıb Yaponiyanın himayəsinə vermək məqsədi güdürmüşlər.
Qazaxıstanda Cambul vilayətinin rayonlarından, dövlət universitetlərindən birinə Rıskulovun adı verilmişdir. Luqovaya qəsəbəsində T.Rıskulova heykəl qoyulmuşdur. Qazaxıstanın müstəqilliyi elan edildikdən sonra T.Rıskulovun əsərləri nəşr olunmuşdur.
Milli dövlətçilik uğrunda mübarizə aparan şəxslərdən biri də qazax yazıçısı və dövlət xadimi Saken Seyfullin (12.6.1894-1939) olmuşdur. Qazaxıstanda sovet hakimiyyətinin qurulmasının fəal iştirakçısı olmuşdur. 1918-ci ildən bolşeviklər partiyasının üzvü, 1922-ci ilin iyununda xalq maarif komissarının müavini, 1922-1925-ci illərdə Qazax Muxtar Sovet Sosialist Respublikasının Xalq Komissarları Sovetinin sədri vəzifələrində çalışmışdır. Qazaxıstan Sovet Yazıçılar İttifaqının banilərindən olmuşdur. Saken Seyfullin kommunist olaraq qazaxların milli hökuməti olan Alaş-Orda və onun tərəfdarlarına qarşı mübarizə aparmışdır. Bir ədib kimi S.Seyfullin əsas əsərini Qazaxıstanın sovetləşməsinə həsr etmişdir. S.Seyfullin N.Nərimanovu özü üçün bir örnək saymış, onunla tez-tez məsləhətləşmişdir. S.Seyfullin Xalq Komissarları Sovetinin sədri olarkən ilk əvvəl xalqının savadlanmasını və qazax sənayesinin inkişafını diqqət mərkəzində saxlamışdır. Bir çox başqa qazax ziyalılarından fərqli olaraq o, köçəriliklə yanaşı, əkinçiliklə məşğul olmaq məsələsini cəsarətlə qaldırmışdır. O, qazaxların dövlət aparatına cəlb edilməsini ümdə vəzifə olaraq qoymuşdur. Baş nazir olarkən S.Seyfullinin ən vacib problemlərindən biri qazax dilini dövlət dili səviyyəsinə qaldırmaq olmuşdur. 1923-cü il iyunun 9-da o, qəzetlərin birində qazax dili haqqında məqaləsində “qazax dilinin dövlət strukturlarına daxil olması kənd və qəsəbələrdən başlanmalıdır” fikrini qaldırmışdır. O, cəsarətlə qazax dilinin rus dili ilə eyni hüquqda olmasını, əslində isə Qazaxıstanda dövlət dili olması məsələsini irəli sürmüşdür. Məqalə qəzetdə çıxandan bir gün sonra o, həmin məsələni hökumətin iclasında qaldırmış, bu işi sürətləndirmək və tənzimləmək məqsədi ilə xüsusi hökumət komissiyasını yaratmışdır. Qaldırılan məsələləri hökumətin xüsusi qərarı ilə rəsmiləşdirmişdir. Bakıda N.Nərimanovun “millətçilik fəaliyyətini” ifşa etmək məqsədi ilə çağırılan toplantının təşəbbüskarı olan Mərkəzin nümayəndəsi E.Yaroslavski Qazaxıstanda partiya toplantısında çıxış edərək yeni rəhbərlərə, ilk əvvəl S.Seyfullini nəzərdə tutaraq onların sinfi maraqlardan daha çox milli maraqlara diqqət yetirdiyini söyləmişdir. 1938-ci ildə S.Seyfullin həbs olunaraq güllələnmişdir. Qazaxıstanda onun adına küçələr, kitabxanalar, universitetlər vardır. 1972-ci ildə ona heykəl ucaldılmışdır.
Bolşeviklər və Stalin milli təmayülçülüyə qarşı repressiyaları aparsalar da, onun kökünü kəsə bilməmişdilər. Milli təmayülçülük sovet hakimiyyətinin Stalindən sonrakı dövründə, XX qurultaydan sonra dövlət siyasətinə müxalif deyil, təkamül yolu ilə liberal kommunist ideologiyası şəklində inkişaf etmiş və 80-90-cı illərdə özünü daha qabarıq şəkildə büruzə verərək xalqları müstəqilliyə çıxarmışdır.
Beləliklə:
- milli təmayülçülük bolşevik partiyası sıralarında daha çox xalqının çarizmin hökmranlığı dövründə tarixən keçirdikləri ədalətsizliklərə qarşı ədalətin bərpası cəhdi olmuşdur;
- milli təmayülçülərin mövqeyi hakim xalqın şovinizminə və bolşevik hakimiyyətinin sinfi maraqları nəticəsində buraxılan əyintilərə qarşı inkişaf edən hərəkat olmuşdur;
- milli təmayülçülər sinfi mübarizədənsə milli həmrəyliyə üstünlük vermişlər;
- milli təmayülçülər milli dilin və sosialist mədəniyyətinin (formaca milli, məzmunca sosialist) çərçivəsində milli mədəniyyətin inkişafına üstünlük vermişlər;
- milli təmayülçülər dinə qarşı daha dözümlü mövqe tutmuşlar;
- milli təmayülçülər milli kadrları sinfi mövqedən daha çox milli maraq mövqeyindən qiymətləndirmişlər;
- milli təmayülçülər tarixə sinfi baxışla yanaşı, milli özünüdərketmə mövqeyindən olan baxışa üstünlük vermişlər.
1917-ci il Fevral inqilabı nəticəsində Rusiyada milli məsələlərin həlli zəruriliyi ön plana çıxmışdır. Bu məsələ oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşeviklərin siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Türk xalqları da milli dövlətçilik uğrunda mübarizəyə qoşulmuşlar. Milli təmayülçülük hərəkatı SSRİ-nin türk xalqları arasında da geniş yayılmışdır. Milli təmayüllü kommunistlərin əksəriyyəti sovet hakimiyyəti illərində repressiya edilmişlər.
SON.
P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |