Şrift:
Nazirlik: Bakıda oktyabrın son günlərdəkindən də güclü istilər qeydə alınıb
31.10.2017 [10:51] - Gündəm, Bildiriş
Dünən və bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından 3-4 dərəcə yüksək olmasına baxmayaraq, anomal hava şəraiti müşahidə edilməyib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 24-29 dərəcə isti olub.

A.Verdiyev qeyd edib ki, Bakıda və Abşeron yarımadasında oktyabr ayında bu ildəkindən də yüksək temperaturlar qeydə alınıb. Son 20 il ərzində ən yüksək temperatur 33 dərəcə isti olmaqla, 2012-ci ilin oktyabrın 9-da, 32 dərəcə isti olmaqla, 2013-cü ilin oktyabrın 19-da qeydə alınıb:

“Ona görə də bu temperaturları anomal hesab etmək olmaz. Ümumilikdə, bu ilki oktyabrda müşahidə edilən hava şəraitini anomal saymaq olmaz. Oktyabrda bu ay üçün, eləcə də payız üçün xarakterik olan hava şəraiti müşahidə edilib”.

A.Verdiyev qeyd edib ki, bu gündən başlayaraq, Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən 5-6, bölgələrdə 3-5 dərəcə enəcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində soyuq hava şəraiti müşahidə ediləcək. Bakıda və Abşeron yarımadasında hava küləkli keçəcək, temperatur 17-22, Aran rayonlarında 16-21, dağlıq rayonlarda 9-14 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed