Şrift:
Əli Həsənov Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından yazdı
02.11.2017 [10:52] - DAVAMın yazıları
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə bağlı fikirlərini bölüşüb.

O, "Facebook" səhifəsində yerləşdirdiyi məqalədə qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrilib:

"Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region ölkələrinin iqtisadi inkişafı və onların dünyada geosiyasi nüfuzunun artmasına güclü təkan verməklə yanaşı, həm də və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".

Ə. Həsənov bildirib ki, məhz prezident İlham Əliyevin Azərbaycanın zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin milli maraqlara uyğun şəkildə istifadəsi istiqamətində apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu əsaslı şəkildə möhkəmləndirib: "BTQ Avrasiya məkanında ticarət əlaqələri, yük daşımaları sahəsində yeni və iqtisadi cəhətdən daha əlverişli nəqliyyat marşrutunun yaradılması zərurətindən ərsəyə gəlib. Məlumdur ki, hazırda Avrasiya regionunda Avropa İttifaqı və Çin əsas iqtisadi güc mərkəzləri kimi çıxış edir. Onların arasında yükdaşımaları şimaldan Transsibir dəmir yolu ilə Rusiya ərazisindən, cənubdan isə Hind okeanı-Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin fərqli geosiyasi maraqları baxımından Avropa İttifaqının və Çinin bu nəqliyyat marşrutlarına münasibətləri müxtəlifdir. Avropa İttifaqı ölkələri hesab edir ki, Şimal dəmir yolu marşrutunun Rusiya ərazisindən keçməsi yüksək siyasi risklər doğurur. Digər yanaşmaya görə, Cənub dəniz yolu marşrutu üzrə daşınmalar xeyli vaxt itkisinə səbəb olur ki, bu da iqtisadi səmərəlilik baxımından əlverişsizdir. Ona görə də BTQ yeni marşrut kimi şimal və cənub istiqamətləri üzrə tranzit daşımalarının potensialını kifayət qədər artıran və geoiqtisadi baxımdan ciddi səmərəlilik vəd edən layihə kimi dünyanın diqqətini özünə cəlb etməyi bacarıb".

Ə. Həsənov qeyd edib ki, Avrasiyanın nəqliyyat xəritəsinin mühüm tərkib hissəsi olan BTQ dəmir yolu layihəsinin hazırlanması və reallaşması müxtəlif çətinliklərdən keçib: "Bəzi xarici siyasi dairələr bu tarixi layihəni gözdən salmaq üçün məqsədli şəkildə təbliğat apararaq onun iqtisadi baxımdan səmərəsiz olduğunu iddia edirdi. Lakin ilk növbədə prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin prinsipial mövqeyi, qarşılıqlı dəstəyi və etimadı bütün çətinlikləri dəf etməyə və növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində fəal siyasət aparıb. Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları üst-üstə düşərək bir-birini tamamlayır. Bu üç ölkənin birgə geoiqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. 2007-ci ildə BTQ dəmir yolunun tikintisinə dair sazişin imzalanması nəqliyyat-kommunikasiya sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirib".

Prezidentin köməkçisi deyib ki, son bir neçə ildə Azərbaycan həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarını, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərini müasir tələblərə uyğun yenidən qurmaqla dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilib: "Ölkəmizin transmilli enerji, nəqliyyat-kommunikasiya və yükdaşıma layihələrində (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) iştirak etməsi onun regiondakı geoiqtisadi əhəmiyyətini, beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında rolunu artırıb. Azərbaycan BTQ dəmir yolu layihəsinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı kimi artıq dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".

Ə. Həsənov vurğulayıb ki, BTQ-nin Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyacağı şübhə doğurmur: "Dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa, eyni zamanda iqtisadi baxımdan əlverişli marşrut xəttidir və onun vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı dövrdə isə 17 milyon ton və daha artıq həcmdə yüklərin daşınması proqnozlaşdırılır. Həmçinin yeni dəmir yolu yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin kəskin artması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir".

O bildirib ki, Azərbaycan ixracatçılarının dünya bazarlarına səmərəli və ucuz xərclərlə çıxmasına, marşrut üzərindəki dövlətlər arasında xarici ticarət dövriyyəsinin həcminin artmasına BTQ dəmir yolu mühüm təsir göstərəcək: "Bu nəqliyyat marşrutunun digər geoiqtisadi əhəmiyyəti Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən keçməklə, Avropa ilə birbaşa dəmir yolu əlaqəsi qurmasından ibarətdir".

Ə. Həsənov qeyd edib ki, Cənubi Qafqazda transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşması yalnız Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin qorunub saxlanılmasında maraqlı olan dünya dövlətlərinin strateji maraqlarına cavab verir: "Avropa İttifaqının enerji-nəqliyyat təhlükəsizliyi siyasətində Azərbaycana həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi böyük əhəmiyyət verilməsi ölkəmizin geosiyasi dəyərini artıran mühüm amillərdən biridir. Eləcə də bu amil dünya iqtisadiyyatının mərkəzlərindən biri olan Çinin Azərbaycanın apardığı transmilli nəqliyyat siyasətini dəstəkləməsində özünü göstərir. Rəsmi Pekin Şərq-Qərb nəqliyyat dəhlizinin Avrasiyadan Çinə qədər olan hissəsinə aid layihələrə xüsusi diqqət yetirir. Çin hətta BTQ dəmiryolu layihəsinə böyük maraq göstərib və onun maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu bildirib. Hazırda Azərbaycanın Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemində mövqeyi getdikcə güclənir və onun tranzit imkanları artdıqca iqtisadi güc mərkəzləri (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və s.) ilə strateji tərəfdaşlığı daha da möhkəmlənir. Bütün bunlar bir daha göstərir ki, BTQ dəmir yolunun istifadəyə verilməsi ölkələrarası nəqliyyat əlaqələrini daha da gücləndirəcək, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunması üçün geniş geoiqtisadi imkanlar yaranacaq. Şübhəsiz, bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutacaq".
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed