Şrift:
İspan təhlilçilər Rusiyanın Qarabağ münaqişəsindəki rolunu araşdırıb
04.06.2012 [12:46] - Diaspor
“Ter-Petrosyan vaxtilə etiraf etmişdi ki, şəxsən Boris Yeltsinin razılığı ilə ruslar Ermənistana xeyli silah-sursat ayırıb...”

İspaniyanın “Reportecaucaso” analitik mərkəzi bu günlərdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində iştirakına dair məqaləni yayıb. Müəllif Maria Sol Peirotti yazır ki, 1988-ci ilin fevralında Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ muxtar vilayətində bölgənin Ermənistana birləşdirilməsi tələbi ilə aksiyalar başlayanda Moskva bu situasiyanı nəzarətdə saxlaya bilmədi. Sonradan məsələ böyüdü və irimiqyaslı müharibəyə gətirib çıxardı.

Müəllif tərəflərin münaqişənin nəticələrinə dair rəqəmləri şişirtdiyini, məsələn, azərbaycanlı qaçqınların sayının 1 milyon yox, 750 minə yaxın olduğunu, Dağlıq Qarabağda yaşayan ermənilərin sayının isə onların iddia etdiyi kimi 140 min yox, beynəlxalq təşkilatların hesabatlarına görə, bundan az qala iki dəfə az olduğunu qeyd edir. “Müharibədə erməni tərəfinin qələbəsi üç amillə izah edilir: ermənilərin hərbi baxımdan daha yaxşı təşkilatlanması, Azərbaycandakı xaos və əvvəllər hər iki tərəfə, sonra isə daha çox Ermənistana dəstək verən Rusiya”, deyə müəllif yazır.
Məqalədə deyilir ki, Ermənistandakı və Qarabağdakı sovet hərbi hissələrinin zabitlərinin çoxu erməni idi. “Müharibənin ən qızğın dövründə, 1992-ci ilin iyun-iyul aylarında azərbaycanlılar rus tanklarından və onların tərəfinə keçən bəzi sovet zabitlərindən istifadə edərək Qarabağın böyük hissəsinə nəzarəti bərpa edə bildilər. Lakin ermənilər rusları inandıra bildilər ki, onlara köməyə bir eskadrilyon hərbi vertolyotlar göndərsinlər. Bu vertolyotların köməyi ilə onlar azərbaycanlıların əlində olan rus tanklarını geri oturda bildilər” deyə Peirotti yazır. O qeyd edir ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan vaxtilə şəxsən prezident Boris Yeltsinin tapşırığı ilə Rusiyanın onlara böyük miqdarda silah verdiyini etiraf etmişdi. Ter-Petrosyan deyib ki, o vaxt Azərbaycanda olan silahların miqdarı Ermənistana nisbətən üç dəfə çox idi və Yeltsin bu tarazlığı bərpa etmək göstərişi verdi. “Bu gün Rusiya münaqişədə nisbətən pozitiv rol oynayaraq Azərbaycan və Ermənistanla münasibətlərini tarazlaşdırmağa çalışır. Eyni zamanda nəzərə çarpdırır ki, İrəvan Cənubi Qafqazda həmişə Moskvanın favoriti olub. Yenidən hakimiyyət başına qayıdan Putin isə tərəflərdən hansısa birinin yanında yer almaq fikrində olmadıqlarını bildirib. O deyib ki, Rusiya Qarabağ münaqişəsinin hansısa spesifik həll yoluna malik deyil”, deyə müəllif yazır. Məqalədə indiyədək danışıqlar prosesində müzakirə edilmiş təkliflərin qısa məzmunu da xatırladılır, bildirilir ki, prezidentlər arasında çoxsaylı görüşlərin keçirilməsinə baxmayaraq Minsk Qrupu münaqişənin həllində nəticə əldə edə bilməyib.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed