Şrift:
AŞ-ın Bakı ofisinin rəhbərindən ilginc anons - İlqar Məmmədov bu ay azad oluna bilər
03.11.2017 [10:04] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Mirvari Qəhrəmanlı: “Dekabrda verilə biləcək əfvlə İlqar Məmmədov azad oluna bilər”

Son aylarda Azərbaycanla Avropa Şurası (AŞ) arasında yaranan gərginlik bu ay düzələ bilər. AŞ-ın Nazirlər Komitəsinin REAL sədri İlqar Məmmədovu azad etmək üçün rəsmi Bakıya noyabrın 29-na qədər möhlət verməsi münasibətlərin düzəlmə ehtimallarını artırır. “Bu ayın sonuna kimi Avropa Şurası ilə Azərbaycan arasında problemlərin həllinə dair böyük gözləntilər var”. Bu sözləri APA-ya açıqlamasında Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeş deyib.

Onun sözlərinə görə, AŞ ilə Azərbaycan arasında problemin səbəbi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından birinin icra edilməməsidir: “Bu, əslində hüquqi məsələdir, lakin siyasi mahiyyəti var”.

Zoltan Harnyeş “icra edilməyən bir qərar” dedikdə heç şübhəsiz ki, REAL sədrini nəzərdə tutur. Bu ayın 29-na qədər İ.Məmmədov üçün verilən vaxtı və noyabrın 24-də “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin keçiriləcək 5-ci sammitini nəzərə alsaq, vicdan məhbusunun azadlığa buraxılması, eləcə də Azərbaycanla AŞ arasındakı problemlərin aradan qaldırılması real görünür. Siyasi şərhçilər də bu ay ərzində problemin həll olunacağını ehtimal edirlər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Azərbaycan tərəfi ilə təzyiq, təsir dili ilə danışmaq normal deyil: “Danışıqlar gedirsə, müəyyən razılaşmalar əldə olunacaqsa, bu başqa məsələdir. Azərbaycan hər hansı bir əməkdaşlıqdan imtina etmir. Ölkəmizin nə qədər tribunası olarsa, bir o qədər yaxşıdır. Bəzən qərəzli şəkildə ölkəmizin üzərinə gəlmək doğru deyil. Müəyyən tövsiyələr verə, xahişlər edə bilərlər. Onlar danışıqlarında redaktələr edərlərsə, danışıqlar alınacaq. Əks təqdirdə, məsələlər daha da pisləşəcək. İlqar Məmmədovla bağlı oktyabrda vaxt qoymuşdular, amma Azərbaycan tərəfi heç nə etmədi. Düşünürəm ki, doğru da etdik. İndi normal danışıqlar gedərsə, müəyyən güzəştlərin edilməsinin mən də tərəfdarıyam. Əgər hansısa bir problem yaranıbsa, Avropa təsisatları onu dialoqla həll edə bilərlər. Biz dialoqun tərəfdarıyıq. Bu məsələlər sonunda hər iki tərəf üçün normal nəticələrlə yekunlaşa bilər. Azərbaycan tərəfindən də barışa söykənən addımlar bu zaman atıla bilər. Amma həmin məhbus azad olunacaqsa, bu, humanizmdən irəli gələcək. Heç bir halda Azərbaycanın Avropa Şurasından çıxarılmasının müzakirə obyekti olacağını düşünmürəm. Ölkəmiz də bunda maraqlı deyil. Beynəlxalq güclər arasında da nüfuz savaşı gedir. Azərbaycanın onlardan hansısa birinin tərəfində olması həmin gücün daha da güclənməsinə səbəb ola bilər. Avropa Şurası və digər qurumlarda qəbul edilən bəzi qərarları bütövlükdə həmin qurumların mövqeyi kimi qəbul etmək lazım deyil. Məsələn, 700 nəfərdən çox üzvü olan Avropa İttifaqı Parlamentində bir də görürsən ki, 15-20 nəfər, ən yaxşı halda 75 nəfər bir qətnamə qəbul edir. Bu qətnamənin yerdə qalan 600-dən çox insana dəxli yoxdur axı. Hesab edirəm ki, əməkdaşlığımızı dostluğa çevirmək vacib şərtlərdən biridir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, Azərbaycan çox vaxt tələbləri yerinə yetirmir: “Azərbaycan götürdüyü öhdəliklər var ki, onları yerinə yetirmir. Maraqlıdır ki, Avropa Şurası da bütün siyasi məhbusların azadlığını tələb etmir, yalnız İlqar Məmmədovun azad olunmasını istəyir. Burada da ayrı-seçkilik var. Əslinə qalsa, bu vaxta qədər İlqar Məmmədov azad olunmalı idi. Açığı, düşünmürəm ki, bu ayın sonuna qədər verilən möhlət yerinə yetirilsin. Çox yaxşı olar ki, mən səhv edim. Mənə elə gəlir ki, dekabrda verilə biləcək əfvlə İlqar Məmmədov azad oluna bilər. Onu da deyim ki, nə Azərbaycan Avropa Şurasından çıxan deyil, nə də Avropa Şurası ölkəmizi oradan çıxaran deyil. Noyabrın 29-na qədər İlqar Məmmədovun azad olunacağını düşünmürəm. Çünki konkret azad etmək üçün bir yol olmalıdır. Zaman göstərir ki, konkret vaxtla qoyulan tələblər Azərbaycan hökuməti tərəfindən yerinə yetirilmir. Amma İlqar Məmmədovla bağlı tələb yerinə yetiriləcək, lakin dekabrda onun əfvlə azad olunma ehtimalları daha yüksəkdir. Ola bilər ki, Azərbaycan tərəfdən müəyyən mesajlar Avropa Şurası və digər qurumlara verilsin, onlar da rəsmi Bakı ilə bağlı planlaşdırdıqlarını bir müddət təxirə salsınlar. Avropa Şurası konkret ortaya qoymur ki, tələblər yerinə yetirilməsə hansı addımları atacaq. Praktikada belə bir təcrübənin, yəni bir ölkənin Avropa Şurasından çıxarılmasının olmadığını deyirlər. Bir məsələyə görə Azərbaycanın Avropa Şurasından çıxarılması mümkün deyil. Avropa Şurasına 40-a yaxın dövlət daxildir və onların hamısı buna səs verməlidir. Azərbaycana iqtisadi sanksiyaların tətbiqi də mümkünsüzdür. Müzakirələrin dekabrın axırına qədər uzanacağını düşünürəm”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed