Şrift:
Fars şovinizmi (II YAZI)
18.10.2011 [13:43] - Güney Azərbaycan-Təbriz
“Parslar elamlıların vassalı idilər”


“Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar”

VII-IX yüzillərdə islam dinini qəbul etməyən yüz minlərlə maqlar (zərdüştçülər) köçüb Hindistana getdilər. Onların çoxu fars (pars) olduğu üçün onlara bu gün də parslar deyilir. Bir məlumata görə, onların sayı 100 min, başqasına görə, 150 mindir. Azərbaycan və Anadolu (Kiçik Asiya) türkləri istər danışıqda, istər yazıda ərəb dilinin təsiri altında yalnız "fars" sözcüyünü işlədirlər.
Orta çağlarda "pars"dan dönüb "fars" olan, indi də özlərini daha çox "irani, iranilər" adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aşağı hövzəsindən - qədim ata-baba yurdlarından axın-axın köç edərək Elam dövlətinin torpaqlarında yerləşmişlər. Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar. Eradan qabaq VII yüzildə indiki Şiraz şəhəri yaxınlığında, daha çox bir əraziyə toplaşan parslar bir böyük tayfa ittifaqı halında birləşdilər. Onların bir ərazidə toplaşıb bir inzibati ərazi yaratmalarını Elam dövlətinin siyasəti tələb edirdi. Belə ki, elamlılar indiki Şirazdan 50 km quzey-doğuda şəhər saldırmış, onu yeni əyalətin paytaxtı etmişdilər. Həmin şəhər və onu əhatə edən əyalət parslarla məskunlaşdırılmışdır. Sonralar hakimiyyətə gələn pars sülaləsi Əhəmənilərin (Haxamanişi) nümayəndəsi I Dara (m.ö. 522-486) bu şəhər-qəsəbəni yenidən qurmuş və Əhəmənilərin əsas paytaxtına çevirmişdir. Bu şəhər Parsa adlanırdı, onu əhatə edən torpaqlara da Pars əyaləti deyilirdi. Məhz bu şəhərə yunanlar Persepolis, əyalətə isə Persiada, ya da Persiana deyirdilər, bu da "pars ölkəsi", yaxud "pars şəhər-dövləti" mənasına gəlirdi. Parsanın ilk özülünün qoyulmasında elamlılar əsas rol oynasalar da onun inkişafı və müstəqil dövlətə çevrilməsində parslar midiyalılara minnətdardır. Belə ki, dediyimiz kimi, parslar elamlıların vassalı idilər.
Elam dövlətinin tənəzzülə uğramasında Assuriya ilkin səbəb olmuşdur. Assuriya hökmdarı Aşşurbanipal miladdan öncə yeddi kərə (665, 655, 652, 648, 646, 645, 640-639-cu illər) Elama basqın yapıb onun bir çox əyalət və şəhərlərini xaraba qoydu, əhalisini qılıncdan keçirib var-yoxunu taladı. Assuriya bütün dörd yanını - Elam, Babil, Urartu, Suriya və başqalarını qorxu və zülm altında saxladığı bir dövrdə Azərbaycan-Midiya dövləti meydana çıxdı.
Midiya dövləti və tarixi haqda müxtəlif fikirlər və mübahisələr vardır. Ancaq biz qəti bu fikirdəyik ki, Midiya Azərbaycan-türk dövlətidir. Midiyanı təşkil edən altı böyük el türk elləri idi. "Midiya ölkəsi" (Kur Midiya) ifadəsinə miladdan öncə 9-cu yüzilin başlarında Assur yazılarında rast gəlinir. Midiyalılar miladdan öncə 14-13-cü yüzillərdə, bəlkə də ondan daha qabaq İkiçayarasında tanınırdılar. Bütün tarix qaynaqları və çağdaş tarixçilər m.ö. birinci minilliyin başlanğıcında Azərbaycanda mərkəzi Urmiya gölü yaxınlığında yerləşən Manna dövlətinin olduğunu və bu dövlətin Azərbaycan-türk dövləti olduğunu qəbul edirlər. Bununla yanaşı, Midiya ellərinin-tayfalarının Ərdəbil-Qəzvin-Zəncan-Həmədan boylarında yaşadığını, gah Mannaya daxil olub, gah da müstəqil fəaliyyət göstərdiklərini, mannalılar zəiflədikcə midiyalların gücləndiyini tarix mübahisəsiz qəbul edir. Sadəcə olaraq, Manna yüzillərlə Assur, Babil və Urartuya qarşı daim müharibələrdə olmuş, m.ö. yeddinci yüzildə Babil, Elam, Manna, Assur və Urartu bir-biri ilə müharibələrdə tənəzzülə uğramış, bu müharibə səhnələrindən bir qədər uzaqda qalmış midiyalılar öz güclərini bir yerə toplamış, tam müstəqil dövlət yaratmış, Həmədanı (Ekbatanı) özlərinin paytaxtı edərək Elam və Babili məğlub və özlərinə müttəfiq edərək Assuriyanı darmadağın etmişlər. "Hökmdarlar hökmdarı" adlanan Midiya hökmdarı Kiaksarın dövründə (m.ö. 625-585) Midiya sanki hər hansı bir olağanüstü gücün yardımı ilə Elamı, Mannanı, Babili, Assuriyanı, Urartunu fəth etdi, Lidiyanı özündən asılı duruma saldı. Elamlıların bir canişini olan Əhəmənilər və onların idarəçiliyində olan Parsa Midiya dövlətinin tərkibinə qatıldı.
Göstərdiyimiz kimi, Parsa öncə Elamın bir əyaləti idi, Əhəmən də oranın canişini. Bundan istifadə edən parslar ilk öncə Elamın şərqinə və mərkəzinə yayılırdılar. M.ö. yeddinci yüzilin başlanğıcında Assuriya tərəfindən məğlubiyyətə uğrayan Elamın zəifliyindən yararlanaraq ona zərbələr vurur, öz nüfuzlarını artırırdılar. Ancaq bütün xəyanət və çabalamalara baxmayaraq Əhəmənin (sülalənin banisi) və onun oğlu Çişpişin (m.ö. 675-640-cı illər) canişinliyi dövründə Elamın hakim nüfuzu Parsanın üzərində qalırdı.
M.ö. 640-639-cu illərdə Elamla Assuriya arasında olan savaşda Çişpişin oğlu və varisi I Kir Elamın vassalı kimi vuruşurdu. Bəlli olduğu kimi, bu müharibədə Elam tam məğlub olmuş, onunla yanaşı "Persumaş hakimi" I Kir də məğlublar sırasında idi. I Kir (m.ö. 640-604-cü illər) oğlunu Assuriya hökmdarı Aşşurbanipalın yanında girov qoyaraq keçmiş hamisi və ağası, indi məğlub Elama qarşı çıxır, daha doğrusu, ona arxadan zərbə vuraraq Elamın Anşan şəhərini və Anşan vilayətini öz əlinə keçirir. Bu zaman Kiaksar Anşan və Parsanı tutur, Əhəmənilər nominal canişin hakimiyyətlərini itirir, öncə Elamın xidmətçiləri olan Əhəmənilər bundan sonra Midiya hökmdarına xidmət edirlər.
Midiya hökmdarı, daha doğrusu, imperatoru yenilməz Kiaksar öləndən sonra onun yerinə oğlu Astiaq keçir (hakimiyyət illəri m.ö. 585-550). Astiaqın hakimiyyəti dövründə də Midiya Yaxın və Orta Şərqin ən güclü imperyiası idi. Ancaq 6-cı yüzilin ortasında Midiya imperiyasına qarşı xarici güclər mübarizəyə başlayır. Babilistan, iskit, kas (qaz) və saklar Midiyanın hüdudlarına müdaxilə edirdilər. Bundan istifadə edən parslar daxildən çevriliş hazırlayırdılar. Parslar bu anadək Midiyanın mərkəzi Ekbatanda özlərinə müəyyən yer qazanmış, hətta Astiaqın sarayında mövqe tutmuşdular. Əhəmənilərin başçısı II Kir sarayda güclü nüfuz qazanmış, bir sıra əyanları müxtəlif yollarla ələ almışdı.
Bu zaman Astiaqın ordu başçısı Harpaq da hökmdara qarşı gizli mübarizə aparırdı. Azərbaycanın quzeyində qədimdən yaşayan kaslar (qazlar) Midiyaya qarşı müharibəyə başlayır. Astiaq kaslara qarşı II Kirin başçılığı altında güclü bir ordu göndərir. II Kir xəyanət edərək kasların tərəfinə keçir, onlarla saziş bağlayır, birlikdə Midiyaya qarşı müharibə aparırlar. Müharibə m.ö. 553-cü ildən 550-ci ilədək, 3 il davam edir. Bu üç il ərzində türk kaslarla türk midiyalılar bir-birini qılıncdan keçirir. Ancaq midiyalılar yenə də məğlubedilməzliklərini saxlayırdılar. Bu anda ikinci böyük xəyanət baş verir. Ordu başçısı Harpaq saray çevrilişi edir. M.ö. 550-ci ildə kas və pars birləşmələri Həmədana (Ekbatana) girir və Astiaq öldürülür. Herodot yazır ki, Astiaq ölüm ayağında Harpaqa deyir: "Əgər sənin mənimlə ədavətin var idisə başqa cür edəydin. Ancaq sən xəyanət edib hakimiyyəti bu əclaf parslara satdın!".
Bəli, bu, çox böyük bir tarixi xəyanət idi. Harpaqın və Kirin xəyanəti, kas-sak türklərinin hücumları nəticəsində Azərbaycan-türk dövləti Midiya imperiyası süqut etdi, parslar hakimiyyəti ələ keçirdilər. Bu üç qüvvənin içərisində qələbədən yararlanan yalnız II Kir - parslar oldu; II Kir Astiaqın oğlan nəslinin olmadığını görüb onun qızı Amitadanın ərini edam etdi və Amitadayla zorla evləndi. Bununla da o, Midiya taxt-tacının "varisi" oldu.
Tarixdə ilk dəfə olaraq türk dövlətinin başına parsların nümayəndəsi keçdi, II Kir Midiya imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaşmaları aradan qaldırıb, hətta Lidiyanı da işğal edib Midiyaya qatdı. O, Azərbaycanı bütövlükdə Midiyaya birləşdirmək üçün ölkənin quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) türkləri ilə döyüşdə məğlub oldu. Massakların qadın hökmdarı [Tomris] II Kiri məğlub edəndən sonra, tarixdə yazılı rəvayətə görə, onun başını kəsib qanla dolu bir tulumun içinə salmış və demişdir: "Sən ki qan içməkdən doymurdun, indi doyunca iç!".
II Kirdən sonra onun yerinə oğlu II Kambiz (m.ö. 530-522) keçir, ondan sonra isə II Kirin başqa oğlu və Kambizin qardaşı Bardi keçir. Bu zaman midiyalılar hakimiyyəti yenidən ələ keçirmək üçün Qaumatanın başçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən çıxdığını görən I Dara Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür və o da II Kirin yolu ilə gedərək II Kirin qızı Atossayla zorla evlənir və "qanuni varis" olur.

Əbülfəz Elçibəy
Bu xəbər oxucular tərəfindən 1555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed