Şrift:
Əbdürrəhman Düdənginskinin İngiltərə baş nazirinə yazdığı MƏKTUB - Stalini ifşa etməsi
06.11.2017 [10:41] - Xəbərlər, DAVAMın yazıları
Cümhuriyyətin 100 illiyi münasibətilə apardığı silsilə araşdırmalarına davam edir. Bu dəfə Cümhuriyyətdən sonrakı Cümhuriyyəti qurmaq istəyən, bolşevizmin qənimi Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqında danışacağıq.

Əbdürrəhman Fətəlibəyli-Düdənginski Azərbaycan legionerlərinin komandiri, yad torpaqlarda xaincəsinə qətlə yetirilmiş ictimai-siyasi xadimdir.

O, Azərbaycan Cümhuriyyəti hökumətində heç vaxt hansısa vəzifəni icra etməyib. Lakin Onun “Cümhuriyyət dövrü” fəaliyyəti nə qədər qəribə də olsa, 1920-ci ildən sonra, yəni dövlətin işğalından sonra başlanır. Rəsulzadənin mühacirətdə rəhbərlik etdiyi istiqlal sevdalıları cəmi 23 ay ömür sürən dövlətin müstəqilliyini yenidən bərpa etmək üçün bir sıra diplomatik manevrlərdən istifadə ediblər. Məhəmməd Əmin Rəsulzadənin bu yolda ən çox inandığı silahdaşlardan biri də məhz Düdənginski olub.

Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olan Əbdürrəhmanın ailəsi nəsilliklə hərbçi idi. Atası Əli bəyi hələ Əbdürrəhman Düdənginski uşaq olarkən rus ordusunun zabitləri qəsdən zəhərləyib öldürüblər. Ağır uşaqlıq illərinə baxmayaraq, Əbdürrəhman bəy öz gücünə yüksək təhsil alıb və hərbi akademiyaya qəbul olunub. Akademiyanı bitirəndən sonra isə orduya cəlb olunub. II Dünya Müharibəsi zamanı Düdənginski almanlara əsir düşüb, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçib. Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsiriləri azad etmək olub. O, Məhəmməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görüb.

O, bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Həm II Dünya Müharibəsindən sonra yaradılan “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, həm də mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olub.

Lakin müəyyən səbəblərdən Rəsulzadə ilə Düdənginskinin yolları sonradan ayrılıb. Rəsulzadə onunla bağlı xatirələrində “Abo”dan (şifrələnmiş adı belə idi) xeyli məmnun qaldığını, lakin Hitlerin xarici siyasəti ilə razılaşmadığı üçün bu əməkdaşlığı pozduğunu bildirib.

Çünki həm Rəsulzadə, həm də Düdənginskinin əsas istəyi II Dünya Müharibəsi zamanı almanların köməyi ilə Cümhuriyyəti yenidən dirçəltmək idi. Lakin Hitlerin Qafqazla bağlı siyasətində buna yer olmadı.

Düdənginski ömrünün son gününə qədər, yəni qəddarlıqla qətlə yetirilməyənə qədər SSRİ-yə qarşı mübarizə aparıb. Onun bütün fəaliyyəti məhz buna, bolşevizmin ifşasına yönəlmişdi.

İtaliyada ingilislərin nəzarətində olarkən İngiltərənin baş naziri Klement Ettliyə yazdığı məktubda bu və bu kimi bir çox məqamlara aydınlıq gətirib:

Modern.az həmin məktubdan bir hissəni təqdim edir:

“Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.

Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.

Bolşevizmin bu taktikası Lenin, Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç olmasa, bir nəfər demokratik xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-aydın xəbərdar etsin. Aydındır ki, 1941-ci ildə Hitler təhlükəsi altında Stalin məcburən İngiltərə və Amerikanın “müttəfiqi” oldu. Hələ cənab Çörçil onu “yoldaş” adlandırır. İstəmədən “yoldaş” deyilsəydi, daha doğru olardı. Yer kürəsinin 1/6 hissəsində yaşayan xalqlar bolşevik nəzəriyyəçiləri tərəfindən ingilis və amerikalılara nifrət ruhunda tərbiyələndiriliblər.

Stalin cənab Çörçilə cavabında bolşevizmin ingilis dünyasına olan ümumi nifrət və kinini konsentrik şəkildə göstərirdi. Stalin kommunizmin heç vaxt uğur qazanmadığını və qazanmayacağı ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata” adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə Hani Polpitin zəhmətkeşlərə hər kəsin qabiliyyətinə görə işləyəcəyi və tələbatına (xüsusən, viski tələbatına) görə alacağı kommunist cəmiyyəti qurmaq vədlərinə baxmayaraq, kommunistlərə səs vermədiklərinə görə hirslənmirmi?
Stalin deyir: “Xalqlar ona görə mübarizə aparmayıblar ki, bir köləlikdən digərinə keçsinlər. Konkret olaraq Hitler köləliyindən ingilis-amerikan köləliyinə”.
Biz də deyirik ki, xalqlar məhz ona görə mübarizə aparmayıblar ki, Stalin - kommunist köləliyinə düşsünlər.... Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər o, Avropanı xilas etmək istəsəydi, bunu İngiltərə və Fransa ilə ittifaqda edərdi, Hitlerlə yox. 7 milyon deməklə Stalin itkilərin sayını kəskin azaldır. Axı bizim xalqların Stalin rejiminə nifrəti o qədər böyükdür ki, onların heç biri Stalin uğrunda vuruşmaq istəmirdi. İlk növbədə ruslar, ukraynalılar, türk-müsəlmanlar. Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta bilmişdi.

I Dünya müharibəsində müharibəni çar Rusiyası aparanda bir nəfər də olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s. vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi? Nə üçün bir nəfər də olsun ingilis, ya amerikalı almanlarla birgə vuruşmadı? Çünki, onların ingilis tarixinin inkişafı nəticəsində, dövlətçilik ənənələri üzərində öz xalqlarının oğulları tərəfindən idarə olunan vətənləri var. Çünki, İngiltərəni Kral, Ettli, çörçillər, bevinlər, aleksandrlar, krippsilər və başqa xalqın qanından, kökündən olmayanlar, başqa ölkələrdə leyboristlər və ya konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər inqilabı naminə nə bir pendən, nə də bir nəfər ingilisdən söz yox, keçməzsiniz. Leyborizm və həmçinin konservatizm təmiz ingilis əsillidir, ingilislər tərəfindən ingilis zəminində yaradılıb və ingilis xalqına xidmət edir.

Kommunizm və dünya proletar inqilabı haqqında nə demək olar? Kommunizm rus, ukraynalı və xüsusən türk-müsəlman gerçəkliyinə, tarix və ənənələrinə yad və yabançı ideyadır. Ümumiyyətlə isə, kommunizmin heç bir xalqm gerçəkliyi ilə ümumi nöqtəsi mövcud deyil, çünki, kommunizmin vətəni yoxdur. Kommunizm öz xalqının, vətəninin mənafeyini satmaq, dünya proletar inqilabı naminə milyonlarla həyatı qurban verməkdir. Məgər dörd illik vətəndaş müharibəsi bizim xalqların mənafeyinə, sinfi mübarizə alovlarında milyonlarla yaxşı zəhmətkeşin məhv edilməsinə və yaxud bizim xalqların başqa xalqlardan və dünya bazarından təcridinə, 1939-cu ildə Hitlerlə müqavilə bağlanmasına uyğun idimi? Bu, Yer üzünün 1/6 hissəsində yaşayan xalqların mənafeyinin tarixdə misli görünməmiş satılması deyildimi?”.
Əbdürrəhman Düdənginskinin İngiltərə baş nazirinə yazdığı MƏKTUB - Stalini ifşa etməsi
İrihəcmli məktub Stalinin iç üzünü və bolşevizmin riyakarlığını Avropanın yüksək elitasına çatdıran ilk qaranquşlardan oldu. “Abo” isə bunun acı nəticəsini tezliklə yaşamalı oldu.

Sovet DTK-sının Əks-kəşfiyyat idarəsi onun barəsində əsaslı işə keçdi. Bu məqsədlə Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəldilər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir.

İsmayılov nəhayət işə keçir.

Bir alman xanımın- Böhmün evində Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə əvvəlcə yeyib-içir. Bir az keçəndən sonra İsmayılov əlində olan xüsusi maddəni onun içkisinə qatır. Müvazinətini itirəndən sonra isə usta Föstledən aldığı çəkiclə Əbdürrəhman bəyin başına vurmağa başlayır. Düdənginski bir təhər ona müqavimət göstərir, amma ölümdən qurtula bilmir. İsmayılov Düdənginskini öldürəndən sonra isə öz paltarlarını ona geyindirir, öz sənədlərini onun cibinə qoyur və oranı tərk edir. Səhəri gün alman qadın evə gələrkən cəsədi aşkarlayır. Polisə məlumat verəndən sonra gəlib meyitin sənədlərinə baxırlar və orada “Mikayıl İsmayılov” yazıldığını görürlər.

E.Nihad
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed