Şrift:
Elçin Hatəmi: İran və düşmənçilik
04.06.2012 [16:41] - DAVAMın yazıları
"İslam" dövləti olduğunu iddia edən İranın başqa bir islam ölkəsi olan Azərbaycan Respublikasına qarşı düşmənçilik mövqeyi aydın şəkildə görünür.Fələstin üçün sözdə canfəşanlıq edən rəsmi Tehranın başqa bir islam torpağını zəbt edən Ermənistana qucaq açması, ona hər cür dəstək olması İranın gerçək üzü və siyasətindən xəbərsiz olanlarda təəccüb və sual yaradır: “İran nə üçün Azərbaycana qarşı düşmən mövqedə dayanır? İslam olkəsinə dəstək verəcəyi halda niyə təcavüzkar Ermənistana yardım göstərir?” Əslində cavab elə sualların özündə yatır. Məsələyə daha ətraflı şəkildə aydınlıq gətirmək üçün tarixin qanlı-qadalı səhifələrini vərəqləməli oldum.



İran xülyasının cücərməyən toxumu

(rəngi solmuş yalanlar)



1979-ci ildə şah rejiminin devrilməsindən sonra indiki molla rejimi müxtəlif fəndlərdən istifadə edərək hökuməti ələ keçirdi. Bu, digər müxalif qüvvələrin zərəri və məhv edilməsilə nəticələnən qanlı toqquşmalar nəticəsində baş tutdu. Yeni hökumət xarici siyasətini iki ideologiya əsasında qurmağa başladı: qondarma islam inqilabının ideyalarını bütün dünyaya ixrac etmək və bu yolla Qərb ölkələrinin dünya səviyyəsində tərəqqisinə, üstünlüyünə kölgə salmaq. Hökumətin bu siyasəti əsasında xarici ölkələrdə yaradılan terror qrupları rejimin maddi və mənəvi dəstəyi ilə dünyanın müxtəlif yerlərində din adına terror aktları törətməyə başladılar. İndiyədək yüzlərlə sivil insanın öldürüldüyü çox sayda terror aktları törədilib. Lakin bütün ciddi cəhdlərinə baxmayaraq, İran xarici siyasətində nəzərdə tutduğu hədəfinə nail ola bilmədi. İslam inqilabının ideyalarını ixrac cəhdləri sadəcə xülya olaraq qaldı və gerçəkləşə bilmədi. Çünkü hökumət bunu sülh, humanizm və dostluq yolları ilə deyil, anti-demokratik və zorakılıq yolu ilə əldə etməyə çalışır. Odur ki, beynəlxalq aləmdə mənfi imic ilə tanınan İranda indiki rejimin varlığı və siyasəti dünyada sülh və əmin-amanlıq üçün təhlükə sayılır.



Qəsbkar müttəfiqlər

(Qorxudan azadlıq, qaranlığa sığınan köləlik, işğala dayanan “dostluq”)



Sovet İttifaqının dağılması isə İranın şimal sərhədlərindən kommunizm təhdidini aradan qaldırdı. Lakin Tehran rejimi bu dəfə də Quzey Azərbaycanda yaranan milli dövləti - Azərbaycan Respublikasını özünə qarşı yeni təhlükə kimi görməyə başladı. Bölgənin geosiyasətində baş verən hadisələr neft və təbii sərvətlərə malik ölkələr arasında beynəlxalq səviyyədə rəqabəti daha da artırdı və bölgə siyasi mübarizə meydanına çevrildi. İrana şimalda müstəqilliyini qazanan və öz dövlətini quran Quzey Azərbaycanı özü üçün əsas təhlükə hesab edir. Odur ki, Azərbaycan Respublikası yaranan bir gündən İran bu dövlətə qarşı siyasət yürüdərək ölkədaxili məsələlərinə müdaxilə etməyə çalışır. Tehranın rəsmi Bakıya qarşı indiyə kimi yürütdüyü siyasəti 4 mühüm faktora əsaslanır:

1.Güney Azərbaycan faktoru: Quzeydə baş verən proseslər və inkişaf İran əhalisinin 40%-dan çoxunu təşkil edən Azərbaycan türklərinə və Güney Azərbaycan Milli Hərəkatına müsbət təsir edir və güclənməsinə səbəb olur. Təbii bu da İran rejimini narahat edir və Tehran Quzeydə gedən inkişafı və tərəqqini müxtəlif yollarla əngəlləməyə çalışır.

2.Qarabağ məsələsi və İranın qərəzli mövqeyi: Bu məsələdə İran hər zaman Ermənistana dəstək olaraq ona hər cür yardım göstərib. Bu məsələdə maraqlı olan İran heç zaman tərəfsiz mövqe nümayiş etdirməyib, həmişə təcavüzkar Ermənistana arxa çıxıb, Azərbaycana qarşı siyasət yürüdüb.

3.Xəzər dənizinin hüquqi statusu məsələsi: İran tək Azərbaycanla deyil, başqa Xəzəryanı ölkələrlə də bu barədə indiyədək razılıq əldə edə bilməyib, bu ölkələrin neft və qaz ixraını müxtəlif yollarla əngəlləməyə çalışıb.

4.Azərbaycanın Qərb və Avropa Birliyi, xüsusilə ABŞ və İsraillə yaxın əlaqələri: İranda dinçi dövlət yaranan gündən Qərbi, ən başlıcası da ABŞ-ı və və İsraili birinci dərəcəli düşməni sayıb. Daim Qərb və onunla müttəfiq olan dövlətlərin milli maraqlarına müxtəlif yollarla zərbə vurmağa çalışaraq zərər yetirmək istəyib.

Demək olar ki, İran Azərbaycan Respublikası ilə Güney Azərbaycan faktoru əsasında əlaqələrini tənzimləyir, digər faktorları bunun üçün bir vasitə olaraq istifadə edir. İranın daxili siyasətində də Güney Azərbaycan faktoru önə çıxır. Bu ölkənin hətta orta məktəb dərsliklərində rejimin irqçi təsəvvürlər və təhrif olunmuş tarixi yer alıb. Yalan məlumatlarla xalqın zehniyyətini və baxışını formalaşdırmış və idarə etmişdir. Fars millətçilərinin dərc etdirdiyi təhrif olunmuş tarix kitablarında yazılıb ki, guya Quzey Azərbaycan 1812 və 1828- ci illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İran topraqlarından ayrılıb. İndi də Quzeyin guya ana vətəni olan İranla tarixi, mədəniyət və məzhəb əlaqələri var. Rejim hakimiyyətini əldə saxlamaq üçün qondardığı bu yalan tarix bütün məktəblilərə tədris olunur və xalq yalanlar üzərində qurulan xam xülyalarla idarə olunur. Tarixin bu cü təhrif olunması və dövlətin dərc etdirdiyi dərsliklərdə yazılması tək keçmişə aid deyil, bugünkü Azərbaycan Respublikasına qarşı da təxribatdır. İran tarix kitablarında İranın tarixi sivilizasiyasını Çindən başlayaraq Qara dənizin ətrafındakı bölgələr də daxil olmaqla öz xəritəsində yerləşdirir və bu sivilizasiyanın əsas xüsusiyyəti kimi irançılıq və fars dili kimi göstərilir. Həmin qondarma xəritəyə Quzey Azərbaycan da daxil edilib. Hətta İranda dövlət tərəfindən Quzey Azərbaycanı nəzərdə tutan “Şimali İran” adlı bir jurnal nəşr olunur və orada Quzey, Azərbaycan türkcəsi və tarixi ilə bağlı saxtalaşdırılmış məlumatlar dərc edilir. İran rejimi müxtəlif vasitələrə əl ataraq Azərbaycan Respublikasını öz təsiri altına salmaq istəyir və bu səbəbdən də indiyə kimi İran dövləti Azərbaycanın daxili işlərinə müdaxilə siyasətini davam etdirir. Bununla da Quzey Azərbaycanın İrandakı türk xalqının oyanışına və milli azadlıq mübarizəsinə təsirini azaltmağa çalışır. Bu məqsədlə də rejim Azərbaycan dövlətini müxtəlif yollarla zəiflətməyə və bölgədə gedən bütün demokratik prosesleri əngəlləməyə can atır. Bu işdə ETTELAAT-ın vasitəsilə narkotik maddələri xalq içində yaymaq, islam inqilabının ixracı doktrinası əsasında müxtəlif radikal dini qrupları maliyyələşdirmək, asayişi pozmaq yollarında istifadə olunur. İran hər vasitəyə əl ataraq Quzeydə də İranda hökm sürən rejimin qurulmasına çalışır. Bu siyasətində heç bir nəticə əldə edə bilməyən İran indiyə kimi Azərbaycanın torpaqlarını işğal edən Ermənistan dövlətinə hərtərəfli dəstək olmuş və yardım etmişdir. İran 1992–ci ildə törədilən Xocalı soyqırımında, Şuşanın və Laçının işğal edilməsində Ermənistana yardım göstərməklə Azərbaycana dəfələrlə xəyanət edib. Demək olar ki, tarix boyu İranla Ermənistanın əlaqələri “düşmənimin düşməni mənim dostumdur” prinsipi əsasında qurub. Bu yöndə İran hər zaman türklərə qarşı Ermənistanı bir vəsilə kimi istifadə edib. Sirr deyil ki, Ermənistanın dünyaya açılan tək qapısı İrandır.

Xəzər dənizinin statusu məsələsində də İranın Azərbaycana qarşı siyasətinin təməlində təbii sərvətlərə yiyələnmək dayanır. Azərbaycanın enerji sektorunda Qərb sərmayələrini azaltmaq, neft və qaz kəmərlərinin İran ərazisindən çəkilməsini istəyirdi. Lakin rəsmi Tehran bu niyyətinə də nail ola bilmədi. İran tək xarici siyasətdə deyil, ölkə daxilində də bu məsələyə diqqət ayırır. Məsələn, dərsliklərdə Xəzər deyil, Mazandaran dənizi olaraq yazılır.



Tündləşdikcə dərinləşən qaranlıq

(Saxta dini təəssübkeşlik, yalan səmimiyyət, çökən "dəyər”lər)



İran üzdə Azərbaycana qarşı dostluq münasibətində olduğunu bildirsə də, əslində pərdənin arxa üzü nifrət və düşmənçilik ipləri ilə hörülüb. İran hər fürsətdə Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizi nüfuzdan salmağa çalışır. İrandan fərqi olaraq Azərbaycan dövləti hər zaman rəsmi Tehrana qarşı daha demokratik və diplomatik yollarla münasibət saxlayıb. Halbuki İranın kəşfiyyat orqanları müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycanda fəaliyyət göstərir, İran mədəniyyət mərkəzləri, din xadimləri rəsmi Bakıya qarşı çalışırlar. “Səhər” kanalı açıq şəkildə Azərbaycan xalqının və dövlətinin əleyhinə hər gün yalan və təxtibat xarakterli xəbərlər yayır. Halbuki Azərbaycanın heç bir media qurumu İranda fəaliyyət göstərmək üçün qeydiyyata alınmır. Güney Azərbaycanda hər gün haqlarını tələb edən milli fəallar həbs olunur və ağır işgəncələrə məruz qalır.

İran-Azərbaycan münasibətinə diqqət yetirsək, hər zaman uduzan ölkənin İran olduğunu görərik. İran hökuməti təzyiq və fırıldaq siyasətilə bir nailiyyət əldə edə bilməyib. Bütün təxribatlara baxmayaraq. Azərbaycan neft-qaz sektorunda fəaliyyətinə davam edərək, əsrin müqaviləsini - Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşasını tamamlayaraq istehsal etdiyi neftin dünya bazarına ixracına nail olur. İranın Ermənistanla yaxın əlaqəsi və bu ölkəyə hər baxımdan dəstək olması Güney Azərbaycan türklərində milli oyanışa və türk kimliyi əsasında milli ruhun yüksəlişinə səbəb olur. Tehranın bu siyasəti rejimə və fars şovinizminə qarşı xalq içində nifrəti daha da artırır.



Nəticə: Yaxın səhərin görünən üfüqü



İranın Azərbaycan siyasəti indiyə kimi digər faktorlardan daha çox Güney Azərbaycan əsasında tənzimlənib və həyata keçirilib. Bütün təzyiqlərə baxmayaraq, İranın 40%-dan çoxunu təşkil edən Güney Azərbaycan türkləri milli fəalların mübarizəsi, türk kimliyi əsasında xalqı maarifləndirmələri və fəaliyyətləri nəticəsində ayağa qalxaraq öz hüquqlarını əldə etməyə çalışırlar. İran hökuməti Azərbaycanın güneyində gedən prosesləri yaxından izləyir və zorakılıqla bu milli hərəkatın qarşısını almağa cəhd edir. Çünki Güney Azərbaycanda milli oyanış və mübarizə İranın coğrafi varlığı, topraq bütövlüyü, fars şovinizminin yaratdığı “irançılıq” kimliyi və onun rəmzi olan fars dili üçün böyük təhlükə sayılır. Məsələni diqqətlə izləyən İran hökuməti Güney Azərbaycanı bürüyən milli oyanış dalğasının Quzey Azərbaycandan təsirləndiyini düşünərək Azərbaycan Respublikasına düşmənçilik edir, bu ölkəni zəiflətməyə və məhv etməyə çalışır. İranın məqsədi başda Türkiyə olmaqla ABŞ və müttəfiqlərini nüfuzdan salmaq, Xəzər dənizində Azərbaycanın iqtisadi fəaliyyətinə zərbə endirmək, Azərbaycanın daxilində qarşıdurmalar yaratmaqla İran tipli bir şəriət hökuməti yaratmaqdır. Güney Azərbaycan məsələsinin və bütöv Azərbaycanın yaranmasının qarşısını almaq, Quzey Azərbaycanı zəiflətmək üçün daim Ermənistanla yaxın əlaqədə olan İran bu ölkəyə hərtərəfli yardım edir. İran dövləti tərəfindən olan hədələrə və təhdidlərə baxmayaraq, Quzey Azərbaycan gündən-günə inkişafa və müasirliyə doğru irəliləyir. Hazırda Azərbaycan beynəlxalq səviyyədə tanınır, özünə güclü müttəfiqlər və dost ölkələr qazanmaqdadır. Bunun əksinə İran hökuməti dünya ictimayyətindən təcrid olunur, beynəlxalq təzyiqlərə və sanksiyalara məruz qalır. Müstəqil Quzey Azərbaycanın getdikcə müasirləşməsi, iqtisadi inkişafı və dünyada tanınması Güney Azərbaycan Milli Hərəkatına da öz müsbət təsirini göstərir. Əgər İran dövləti xam xülyasından və irqçi ideologiyasından əl çəkib ağıllı və real bir mövqedən çıxış etməsə, ən qısa zamanda dünyada sülhə və əmin-amanlığa təhlükə sayılan avtoritar və şovinist rejimin çökməsinin şahidi olacağıq.
Elçin Hatəmi
Bu xəbər oxucular tərəfindən 1739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed