Şrift:
Vəkillər Kollegiyası vəkillərin sayını artıracaq - daha 1019 nəfər üzv olmaq istəyir
07.11.2017 [11:15] - Hüquq
Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən dəyişikliklərin parlamentdə təsdiqlənməsi cəmiyyətdə etirazlara səbəb olub.

2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunub. Sənədə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklikdə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək .

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov deyib ki, təklif edilən dəyişiklikdə təmsilçi yalnız Kollegiyanın üzvü olan vəkillər deyil, həm də yaxın qohumlar ola bilər.

Qərarın ictimaiyyət və hüquqşünaslar tərəfindən narazılıqla qarşılanmasına gəlincə, sədr müavini bildirib ki, məsələ hansısa şəkildə öz həllini tapmalıdır:

“Müvəqqəti də olsa, çətinlik olacaq. Amma aydın məsələdir ki, bu proses Azərbaycanda nə vaxtsa, başlanmalı idi. Bizim qarşımızda Kollegiyanın üzvlərinin sayının artırılması məsələsi var”.

A.Axundov qeyd edib ki, hazırda qarşıda duran əsas məqsəd Kollegiyanın üzvlərinin sayının artırılmasıdır:

“Bunun üçün bəzi təkliflərimiz var, həmçinin, imtahanlar keçiriləcək. Hazırda 1019 nəfər Kollegiyaya üzvlük üçün sənəd verib. İmtahanlar maksimum şəffaf keçiriləcək. Çalışacağıq ki, hər şey yüksək səviyyədə təşkil olunsun. Düşünürəm ki, Kollegiyanın üzvlərinin sayının artırılmasında bu imtahanın əhəmiyyəti böyük olacaq. Biz limit qoymamışıq. Əgər 1019 nəfərin hamısı imtahandan keçəcəksə, qəbul olunacaq. Hazırda Vəkillər Kollegiyasının 936 nəfər üzvü var”.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed