18.10.2011 [13:52] - Müsahibə, Fərəc Quliyev
Fərəc Quliyev : “Hakimiyyətin ən yüksək eşalonunda məsələlərə yanaşmada dəyişikliklər varsa, aşağı təbəqələrdəki məmurların düşüncəsi bir şeyi dəyişmir”
Hər insan indiki zamanını keçmişinə baxaraq yaşayır. Keçmişinə hörmət edən heç bir kəs indiki zamanını yanlış yolda qurmaz. Məhz bu rakursdan baxanda aydın görünür ki, müsahibimiz Fərəc bəy olduqca şərəfli bir yol keçib və o yol onun indiki yolunun başlanğıcıdır. Beləliklə, sözümü çox da uzatmadan istiqlalçı deputat, MDHP sədri və millət vəkili Fərəc Quliyevlə hazırladığımız müsahibəni diqqətinizə çatdırırıq.
- Fərəc bəy, ilk öncə müstəqilliyimizə imza atanlardan, bu əsərin müəlliflərindən biri olduğunuz üçün, eyni zamanda bir vətəndaş kimi Sizi təbrik edir, bayramınız kutlu olsun deyirik!
- Mən də həm sizi, həm də sizin simanızda oxucularımızı, bütün xalqımızı Müstəqillik günü münasibətilə təbrik edirəm!
- Fərəc bəy, istiqlalçı deputatlardan biri kimi 18 Oktyabr Müstəqillik Gününün qeyri-iş günü kimi ləğv olunmasına münasibətiniz necədir?
- Ümumiyyətlə, müstəqillik milli mənlik şüurunun formalaşmasının obyektiv yekunudur. Bu, millətin özünüifadəsinin ən yüksək formasıdır ki, bu, ən şərəfli məsələdir. Bütün dövlət başçıları bir-birini heç vaxt da olmasa, müstəqillik günündə mütləq təbrik edirlər. Buna görə mən müstəqillik gününü bütün bayramlardan daha önəmli bayram hesab edirəm və düşünürəm ki, müstəqillik gününün bu gün rəsmi bayram olaraq, qeyri-iş günü kimi qeyd olunmaması çox yalnışdır. Amma bu il müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi və müəyyən mənada bu günə münasibətin dəyişməsi məndə həm də o ümidi yaradır ki, bu məsələ tezliklə həllini tapacaq. Mən Milli Məclisdə də müstəqillik gününün rəsmi bayram və qeyri-iş günü kimi qeyd olunması məsələsini qaldırmışam.
- Bəs, bunun səbəbi nədir? Yəqin ki, siz də elə düşünürsünüz ki, hakimiyyət xalqa düşmən kəsilməyib...
- Bilirsiniz, açığı budur ki, o dönəmdə hərəkatin və proseslərin siyasi təşkilat olaraq, Azərbaycan Xalq Cəbhəsi aparıcı qüvvəsi olmuşdur və sonra hakimiyyətə gəlmişdi. Ondan sonrakı hakimiyyətin bəzi üzvləri hələ də o dövrdə baş verən hadisə və prosesləri, o proseslərdə iştirak etmiş insanların yaratmış olduğu tarixi yaxın buraxmaq istəmirlər. Başqa cür desək, o dövrlərdə cərəyan edən proseslərdə heç bir rol oynamamış bir kəsim insan bu gün də hakimiyyətdə təmsil olunur və iştirak etmədiklərinə görə, bir az da tarixiləşmiş bir məsələdə yerləri olmadıqlarına görə buna qısqanclıqla, eyni zamanda barmaqarası yanaşırlar. Amma tarixi saxtalaşdırmaq və ya dəyişdirmək mümkün deyil. Qısa zaman keçməyinə baxmayaraq bizə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin örnəyindən aydındır ki, tarix, qısa müddət ərzində, oturuşmuş şəkildə öz yerini tapır. Bir ölkənin tarixi üçün 60-70 il o qədər də uzun müddət sayılmaz. Amma indi zaman dəyişib. İndi biz elə mərhələyə çatmışıq ki, Azərbaycanda artıq Milli Azadlıq Hərəkatını yetişdirən, aparan və müstəqilliyə gətirib çıxaran, ona rəhbərlik edən təşkilat missiyasını bitirib. Artıq Azərbaycanda konsoldasiya axtarışı, insanları milli düşüncə ətrafında toplamaq üçün milli resursları səfərbər eləmək zamanıdır. Və buna görə keçmişdə baş verən hadisələrdən, hətta baş vermiş yaxşı hadisələrdən belə imtina etməklə bir gələcək qurmaq olmaz. Bunu anlamayan məmurlar var. Amma qeyd etmək istərdim ki, hakimiyyətin ən yüksək eşalonunda məsələləri çox dürüst qiymətləndirənlər var. Yəni, artıq hakimiyyətin ən yüksək eşalonunda məsələlərə yanaşmada dəyişikliklər varsa, aşağı təbəqələrdəki məmurların düşüncəsi bir şeyi dəyişmir. Ona gorə düşünürəm ki, bu məsələlərə münasibət dəyişəcək və bir məsələ də var ki, hər kəs bunu etiraf edir, hətta Prezident də öz çıxışında bunu bildirdi ki, Azərbaycanın bu günkü dövləti 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Biz o prinsipləri indi yaşadırıq .Təbii ki, təkamüllər, dəyişikliklər də olur. Daha heç kim əvvəlki dönəmdə olduğu qədər məsələlərin üstünə gedə bilmir. Bir müddət əvvəl deyək ki, 1918-20-ci il parlamentinin deputatlarına qarşı qısqanc münasibət var idi, onların adları belə çəkilmirdi. Mən son parlament iclasındakı çıxışımda qeyd etdim ki, o dönəmdə o hökumətdə, o parlamentdə olmuş adamlara abidə kompleksi qoyulmalıdır. Hesab edirəm ki, bu təklif də öz əksini tapacaqdır. Məncə artıq hər kəs anlayır ki, milli ideya dəyişməzdir, sadəcə bu ideyaya xidmət edən ideologiyalar bir az fərqlidir. Məsələn, Milli Azadlıq Hərəkatı dönəmində aparıcı ideologiya türkçülük idi. Düşünürəm ki, sonrakı mərhələdə azərbaycançılığın aparıcı ideologiyaya çevrilməsi düzgün addım idi. Çünki Azərbaycanda qarışıqlıq salmaq istəyən kəşfiyyat orqanları dini cəhətdən tolerant dövlət olduğumuzu bildikləri üçün milli-etnik faktorlardan istifadə edirdilər. Talış-Muğan Respublikasının yaratma cəhdləri, “ Sadval ”- ın hərəkətləri məhz bunun nəticəsiydi. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının ana xəttə çevrilməsi bu məsələlərin dəyişməsində az rol oynamadı. Mən bunu nə üçün deyirəm, ona görə ki, ideologiya dəyişkən ola bilər, ideologiya ideyanı həyata keçirmək üçün maşın, davranış stilidir. Amma ideya dəyişməz. İndi Azərbaycanın müstəqilliyi qorunmalı və Bütöv Azərbaycan uğrunda mübarizə aparılmalıdır. Çünki müstəqil dövlət kimi Azərbaycan bütöv olmalıdır. Mənim bu məsələyə geniş toxunmağımın səbəbi odur ki, milli ideyanın dəyişmədiyi qənaətindəyəm. Və belə düşünürəm ki, bu bayrama olan münasibət, milli ideyanın təməllərindən birini, həm də ən mühümünü təşkil etdiyi müstəqillik akti baza kimi götürüldüyü üçün ona mövsümi yanaşmalar ola bilər, amma sonunda o olduğu kimi cəmiyyətin təhtəlşüurunda qalacaqdır.
- Necə düşünürsünüz, qeyd etdiyiniz kimi bəzi məmurların bu məsələyə qısqanclığı cəmiyyətin proseslər barəsindəki düşüncəsini nə dərəcədə dəyişir?
- Bilirsiniz, cəmiyyət bir işi görəndən sonra, ictimai şüurda hər hansı fikr oturuşduqdan sonra hökümətin hər hansı qoluna, ümumiyyətlə hər hansı siyasiləşmiş təşkilata bu fikirlə yalnız hesablaşmaq qalır. Bu elə bir məsələdir ki, müstəqillik bir günün, bir ayın işi deyil. Müstəqillik uğrunda mübarizə müstəqilliyimiz itirilən gündən başlayıb. Və son 200 il ərzində istər Quzey, istərsə də, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizə gedir. Hətta Güneydə 4 dəfə dövlət qurulub. Və 1918-20-ci illərdən sonra da biz mübarizəmizi dayandırmamışıq. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti dağıldıqdan sonra qaçaqçılıq hərəkatı başladı. Daha sonra II dünya savaşında Düdənginski kimi tanıdığımız Əbdülrəhman bəy Düdəngəlinin başçılığı ilə legionerlərimiz uzun müddət döyüşdülər. Məsəlçün: Baltikyanı ölkələrdə “Meşə qardaşları”, Ukraynada “Benderlər” və ya başqa ad altında birləşənlər var idi ki, o legionlarla birlikdə mübarizə apardılar.
Müstəqillik hərəkatları belədir ki, müxtəlif dövrlərdə baş verən hərəkatlar dalğanı bir-birinə ötürübdür və bu sırf genetik prosesdir , həm də çox maraqlıdır ki, rahat dönəm təklif olunmağına baxmayaraq bəzi millətlər müstəmləkəliyi qəbul edərək qoltuqaltı millətlərə çevrilirlər. Məsələn, ermənilər. Bunlar rahatlığını təmin edən istənilən dövlətin yanında olmağa hazırdılar. Amma Türk genlərində azadlıq istəyi əsas yer tutur. Biz həmişə azadlığı hər şeydən üstün tutmuşuq. Düzdür, çətinlik çəkmişik, amma həmişə mübarizə aparmışıq. Babəkə nələr təklif olundu? Amma o razılaşmadı. Və ya Şah İsmayıl Xətai ya da başqaları, ümumiyyətlə 18 Türk imperiyasının hər birinin ali dəyəri hürriyyət, azadlıq olub. Və məncə hansısa məmur öz baxışını xalqın baxışına əsasən qurur. Hətta xaricdə belə, böyük geosiyasi oyunları quranlar planlarını xalqların əhval-ruhiyyəsinə əsasən qururlar. Məsələn, Əfqanıstanda millətləşmənin başa çatmadığını nəzərə alan qüvvələr iki tayfalar arasi munasibətdən çıxış edərək öz oyunlarını qurdular. Ona görə biz çalışmalıyıq ki, müstəqillik məfhumu da daxil olmaqla, Azərbaycanın milli maraqlarını özündə ehtiva edən düşüncə sistemi legitimləşsin, Azərbaycanda bir hədəfə çevrilsin, ondan sonra ona məmurlar istər-istəməz hörmət etmək və ona uyğun gündəlik fəaliyyət qurmaq məcburiyyətindədirlər.
- Dövlətin mövqeyi aydındır, bəs necə düşünürsünüz, cəmiyyət istiqlalçı deputatların dəyərini bilirmi?
- Bilirsiniz, istiqlalçı deputat olduğumçün mənim bu məsələyə münasibətim bir az təvazökarlıqdan kənar olur. Amma bütövlükdə siyasət onu sevmir ki, mən təvazökar davranacam deyə dostlarımın xidmətlərini kölgəyə salım. Mən məcburam, bu həqiqəti bildirməyə ki, Azərbaycanda istiqlalçı deputatlara münasibət adekvat deyil. Ən azından 43 deputatdan 29 hələ də həyatdadır, amma onların barmaqla sayılacaq qədər az üzvü üzdədir. Bəzilərininsə ciddi maliyyə sıxıntıları var. Məsələn, Məryəm Həsənova çox kiçik təqaüd hesabına dolanır. Müqayisə üçün deyim ki, əksər dövlətlərdə istiqlalçı deputatlara “milli qəhrəman” adı veriblər. Hətta bəzi ölkələrin Parlamentlərində onlar üçün xüsusi yerlər də ayrılıb ki, orda həmin deputatlar səsvermədə iştirak etməkdən başqa bütün səlahiyyətlərə malikdirlər. Bir məsələyə diqqət edin ki, ABŞ-ın eks-prezidenti Bill Klinton Baltikyanı dövlətlərdən birinə səfər edəndə səfər proqramında dövlət başçısıyla, baş nazirlə və parlament sədriylə görüşməyi nəzərdə tutulmuşdu. Amma o, baş nazirlə olan görüşü təxirə salıb siqnator deputatlarla görüşü gündəliyə salmağı təklif eləmişdi ki, bu daha önəmlidir. Bu, dövlətin onun müstəqilliyi uğrunda mübarizə aparanlara olan hörmətinin nümayişi idi. Baxın, dünyada siqnator deputatlara olan münasibət budur. Əslində tarix özü abstrakt anlayış deyil ki, ora nəsə düşsün. Tarix yaradılır. Və o tarixi yaradanlar əksər hallarda son imzanı qoyanlar olurlar. Əgər Azadlıq Hərəkatı olmasaydı, biz - Demokratik Blokun 25 deputatı və müstəqil olan 18 deputat müəyyən üstünlüklər əldə edə bilməzdik. Bizim söykəndiyimiz yer vardı, biz xalqın səsiydik və xalqın qoluyduq. Biz bu aktı xalqın qoluyla imzaladıq. Biz o xalqın imzasıydıq. Buna görə mən hesab edirəm ki, bu münasibət kökündən dəyişilməlidir.
Orada ən gənc deputat mən olmuşam. Əgər mənim yaşım indi əlliyə yaxındırsa, o biri deputatlar həddən artıq yaşlanıblar. Bu rəqəm sadəcə 29 rəqəmdir və onlara diqqət göstərmək elə də çətin deyil.
Mən bununla bağlı parlamentdəki son çıxışımda məsələ qoydum ki, istiqlalçı deputatlar haqqında qanun qəbul edilməlidir. Yəni, məncə, bu insanlar proseslərdə sadəcə fərdlər yox, bu proseslərin yaradıcıları kimi qiymətləndirilməlidir . Və eyni zamanda mən arzu edirəm ki, bu deputat qrupu Azərbaycanda sonuncu istiqlalçı deputatlar qrupu olsun. Yəni nə Azərbaycan müstəqilliyini itirsin, nə də müstəqilliyimizi bərpa etmək üçün istiqlalçı deputatlar meydana gəlməsinlər. Bilirsiniz, istiqlalçı deputatların əsas işi SSRİ-nin saxlanması haqqında referendumun əleyhinə getmək olub. Onda biz aclıq aksiyası elan elədik .O zaman bizi milli məclisdən zorla bayıra cixardılar. Amma biz Azərbaycan Xalq Cəbhəsində mübarizəmizi davam etdirdik. Yəni, o qısa müddət ərzində edilən fədakarlıqlara görə o adamlar hər şeyə layiqdirlər. Düzdür, əvvəl-axır o insanlara layiqli qiymət veriləcək, amma insanlara da vaxtında qiymət vermək həm o insanların özlərinə, həm davranışlara, dəyərlərə sayğıdır, həm də gələcək nəslə, məxsusən bugünkü gənc nəslə çox böyük ornəkdir. Bu gün istiqlala səs verən, müstəqillik uğrunda hər şeyə hazır olub, bu qədər fədakarlıq edən adamlara barmaqarası baxmaq, həm də digər insanların vətənpərvərlik hisslərinə kölgə salmaq kimi olur ki, bu mənada münasibətin dəyişməyi mütləq lazımdır.
- Fərəc bəy, sizinçün təvazökarlıqdan kənar çıxsa da bu reallıqdır. Bu əsərin yaradıcılarından, müəlliflərindən, Müstəqillik Aktına imza atan deputatlardan birisiniz. Amma müstəqilliyimizə nail olandan sonra parlamentdən məhbəsə, məhbəsdən parlamentə kimi yol keçmisiniz. Məhbəsdən o günə baxanda nə görünür? Bu, sizin fikirlərinizdə nəyisə dəyişdiribmi?
- Bu suala cavabımı şablon bir davranış kimi qiymətləndirməyin. Mənim üçün məhbəsdə və ya azadlıqda olmağımın bir əhəmiyyəti olmayıb. Məhbəs mənim mübarizəmin bir mərhələsi, bir forması idi. Mənim fikirlərim və ideyalarım, milli istəklərim dəyişməyibsə, harada olmağımın heç bir əhəmiyyəti yoxdur. Biz Bayılda hər səhər oyananda “Azərbaycan” radiosunda, himn çalınanda bütün həbsxana sayğı duruşunda durub himni oxuyurduq. Bu, artıq adət halını almışdı. Hətta mən 13-cü, 14-cü kolonlarda olanda fərarilik maddəsi üzrə məhkum olunan dustaqlarla işləyirdik ki, narkomaniyaya qurşanmasınlar. Bunun nəticəsi olaraq onlar hər səhər yuxudan duranda himni oxuyurdular, idmanla məşğul olurdular. Mənimçün şərəf idi ki, üçrəngli bayraq başımızın üstündədir. Mən öz ölkəmin həbxanasını bir başqa dövlətin sarayından həmişə üstün tutmuşam. Hesab edirəm ki, Azərbaycanın bütün insanları bu cür düşünməlidir. Əlbəttə, istiqlal qazanandan sonra gözləntilər olur. Biz həmişə istəmişik ki, bizim milli resurslarımız ancaq millətimizə, xalqımıza xidmət etsin. Bizim partiyamızın siyasi xəttində mərkəzi nöqtə insan amilidir. Və biz belə düşünürük ki, Azərbaycan insanı hər kəsdən üstün olmalıdır. Biz çox şey istəmirik, biz istəyirik ki, bizim bağçalarımızda uşaqlar yapon uşaqları kimi tərbiyə olunsunlar. Bizim uşaqlar dilənməsinlər, maşın yumasınlar, maşın təkəri silməsinlər və s. Bizim əlimizdə kifayət qədər resurs var və bunlardan istifadə etməmək arzuolunan hal deyil, amma nə qədər çatışmazlıq olursa-olsun hər şeyi müstəqillik naminə həzm eləmək mümkündür. Amma söz yox ki, biz daha yaxşı Azərbaycan qurmaq uğrunda çalışmalıyıq. Margintaunun bir fikri var. O deyir ki, yeraltı və yerüstü sərvəti olan ölkə insan faktorundan düzgün istifadə etmədən inkişaf edə bilməz. Məncə, Azərbaycan insan amilindən düzgün istifadə etsə, postsovet məkanında ən yaxşı vəziyyətdə yaşamağa layiqdir. Bu fikrimi Milli Məclisdə də bildirmişəm. Amma müstəqillik şərəf işidr. Ən əsası müstəqilliyimizi qorumaq uğrunda çalışmaqdır. Mən məhbəsdə olanda heç vaxt düşünməmişəm ki, mən hardayam , həmişə Azərbaycanın harda olduğunu düşünmüşəm. Mən kamerada tək oturub kitab yazırdım. Bunun nəticəsində 5 kitab yazdım və onlardan biri “Yeni Dünya Düzəni Siyasətində Azərbaycanın yeri və rolu” kitabıdı ki, Türkiyədə, Azərbaycanda, mənim istəyimdən asılı olmayaraq bir neçə dəfə çap olunub. Mənim düşüncəmdə ancaq Azərbaycan olub. Bunu təbii ki, qəhrəmanlıq kimi təqdim etmədim. Bütün azərbaycanlılar belə düşünməlidir. İnsanlar ancaq öz xoşbəxtliklərini millətin xoşbəxtliyi içərisində axtaranda xoşbəxt ola bilir. Mən də anlayırdım ki, mənim xoşbəxtliyim millətin xoşbəxtliyindədir. Azərbaycan bu gün 1400 km qədər ərazidə hər an döyüş gözləyən bir ölkədir. Burda əsəblər, stress, ona hazırlıq, insanların psixoloji durumu, ordakı əsgərin və əsgərin geridə qoyduğu ailələrinin durumu, iqtisadiyyatızın durumu, bu amillər aydındır ki, çox bağlıdır bir-birinə. Amma qiymətləndirilməli resurslarımız var ki, qiymətləndirilmir. Mən bunu kənara qoyub ona qayıdıram ki, hətta super dövlətlər belə təkbaşına xoşbəxt ola bilmirlər. Məsələn, Amerika kimi dövlət 11 sentyabr hadisələrinə məruz qaldı. Dünyada əgər geridə qalmış, sosial bataqlıqlarda olan təbəqə varsa, bu, artıq fəlakət mənbəyidir və xoşbəxt olmaq istəyəni xoşbəxt olmağa qoymaz. Hətta bəşəriyyətdə belə bir yerdə sızıntı, qanama varsa yer kürəsi xoşbəxt olmaz. O ki, qaldı Azərbaycanda. Mən düşünürəm, həm də çağırış edirəm ki, heç kim, istər iş adamları, istər də siyasilər xoşbəxtliyi fərdi şəkildə axtarmamalıdırlar. Və bu xoşbəxtliyi qazanmaq uğrunda heç nəyi düşünmədən çalışmalıyıq. Məsələn, o vaxt Tofiq Qasımov çıxışlarından birində demişdi ki,”bizi ölümlə qorxudurlar, bu bizə gülməli gəlir. Biz əynimizə kəfən geyinib gəlmişik ”. Azərbaycan narahatçılğı həmişə var və bunu hər kəs öz içində gəzdirməlidir. Hər bir millətin olum və inkişaf doktrinası var. Yəni bu cür xoşbəxtliyə nail olmaq istəyənə heç ölüm də qorxulu görünmür.
- Müstəqilliyimizi qazandıq. Bəs necə düşünürsünüz, o vaxtlar biz daha nələr uğrunda mübarizə aparmalıydıq?
- Ümumiyyətlə, Müstəqillik Aktı hazırlananda mən təklif eləmişdim ki, ölkənin adını Şimali Azərbaycan Respublikasi qoyaq. Qoy varlığımızdan xəbər tutanlar Güney Azərbaycanın harada yerləşdiyiylə maraqlansınlar.
Və üstündən 20 il keçəndən sonra mən Parlamentde “ Türkmənçay müqaviləsinin qüvvədən düşdüyü bəyan olunmalıdır ” bəyanatı verdim . Bu, tezisin bazası artıq formalaşdırılmalı idi. Biz o zaman ciddi şəkildə bu məsələnin üstünə getməliydik və müəyyən baza hazırlamalıydıq. Bu kimi məsələlərdə mən həmişə Almaniya Federativ Respublikasının kansleri Adenhaueri misal göstərirəm. Belə ki, 1949-cu ildə Almaniyanin konstitusiyasi hazirlananda,oraya bir maddə daxil etdi ki, Almaniyanın Şərq hissəsi müvəqqəti olaraq Almaniyadan ayrılır. O, bütün təzyiqlərə rəğmən bu maddəni keçirtdi və millətə hədəf qoydu. Heç 50 il keçmədi ki, Almaniya birləşdi. Biz hələ o vaxt məsələni elə bu cür qoymalıydıq. 1949-cu ildə Almaniyada heç daş daş üstə deyildi. Amma indi Almaniya bütün göstəricilərinə görə dünyada 4-cü yerdən aşağıda deyil. O mənada deyim ki, biz bir az iddiasız davrandıq. Mən bu məsələni qaldıranda hamı deyir ki, biz müharibə aparırıq, indi bu cür davranmaq olmaz. Amma bu, belə deyil. Dünyada ən böyük ugurlar döyüş zamanı qazanılıb. Ən möhtəşəm dövlətlər də döyüşdə yaradılıb. Fransanın lideri Şarl De Qollun , ABŞ prezidenti Vasinqtonun , Mustafa Kamal Atatürkün hərəkətləri buna misaldır. Bunlar ölkənin ən gərgin məqamlarında cəsarətlərini ortaya qoyub ölkələrini xilas və inkişaf etdiriblər. Millət də insan kimi belə zamanlarda ayıq olur. Məsələn, mən məhbəsdə mətbuatdan uzaq idim, nə qəzet, nə kitab yox idi. Amma bu dönəmdə mən ancaq bildiklərimdən və düşündüklərimdən ibarət 5 kitab yazdım. Gündə 14 saat yazı yazırdım. Sadəcə yemək yeyəndə və yatanda yazmırdım. Sizi inandırım, bir sözü iki dəfə yazmamışam, heç bir düzəliş eləməmişəm. Amma indi bir səhifə yazı yazmaq istəyəndə 2 vərəq dəyişirəm. Kritik məqamlarda insan öz beyninin bütün gücünü toparlayır. Mən hətta orada heç yerə baxmadan xəritələr də çəkirdim ki, o xəritələrdə heç bir yanlışlıq olmurdu. Dövlət də bunun kimidir. Məsələn, 1989-cu ildə Azərbaycan xalqı ilin xalqı seçildi. Hər şey səfərbər olunmuşdu. Hətta oğru dünyası da fitva vermişdi ki, Bakıda heç bir oğurluq olmasın və 17 gün ərzində Bakıda heç bir oğruluq, cibgirlik, cinayət hadisəsi baş vermədi. Bu, fenomenal hal idi. Demək istədiyim odur ki, iddialı davranmağı bacarmaq lazımdır. Mən rasional insanam. Amma iddiali olmaliyiq məncə. Biz çalışmalıyıq ki, artıq davranis strategiyamızı dəyişək. Nə qədər erməni bizə iddia edəcək, biz o iddialardan müdafiə olunacağıq? Ermənilər bizim torpağımızda dövlət qurub, indi də deyir ki, bu torpaqlar da bizimdir. Bəs biz nə edirik? And-aman eləyirik, memarlıq abidəsi, arxiv, sənəd axtarırıq ki, “ Vallah bu, belə deyil ”. Topu rəqib meydanina atmaq lazimdir: “ Bura bizimdir, bəs sən hardan gəlmisən? ” İndi iddialı davranmağın və “mənəm”-liyi saxlamağın zamanıdır. Bəlkə indi vaxti deyil, amma Müstəqillik Aktında bir cox məsələlər yer ala bilərdi.
Mən Parlamentdə Türkmənçay müqaviləsi məsələsini elə belə qabartmıram. Birincisi, 1978-ci il konvensiyasına əsasən müstəqilliyini qazanmış dövlətlər onları işğal edən dövlətlərin imzaladığı müqavilələrə görə məsuliyyət daşımırlar. İkincisi, Türkmənçay müqaviləsini imzalayan 2 dövlətdən biri artıq yoxdur. Üçüncüsü, SSRİ qurulan vaxt V.İ.Lenin İran dövlətiylə belə bir müqavilə bağladı ki, Çar İmperiyasının Qacarlarlala bağladığı bütün müqavilələr qüvvədən düşür. Yəni, Türkmənçay müqaviləsi indi yox, elə o vaxtdan qüvvədən düşüb. Quzey Azərbaycanda dövlət qurulub, yəni, həm müqavilə imzalayan tərəflərin biri yoxdur, həm də Rusiya və İran BMT-nin üzvü olaraq bu dövləti tanıyıb. Yəni, bu müqavilə avtomatik olaraq qüvvədən düşür. Bu kimi arqumentləri əsas götürüb dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, Türkmənçay müqaviləsi artıq qüvvədən düşüb. Mən hətta bu məsələni də diqqətə çatdırmışdım ki, İran Təhlükəsizlik şurasının üzvlərindən biri Xəzərin dibinin bölünməsiylə bağlı belə bir bəyanat vermişdi ki, Türkmənçay müqaviləsi artıq qüvvədən düşüb, ona görə bu bölgüyə yenidən baxmaq lazımdır. O, neftə görə belə demişdi amma ərazi məsələsini unutmuşdu. Yəni biz indi forma olaraq axtarışda olmalıyıq. Həm də Azərbaycan haqli olaraq artıq Qərbi Azərbaycana böyük qayıdış haqqında düşünməlidir. Qarabağın həlli böyük qayıdışımızdan keçər. Biz bildirməliyik ki, artıq tarixi ərazilərimizə qayıdırıq və tarixin yanlışlığını düzəldirik.
Əgər yadınızdadırsa, Heydər Əliyev Milli Məclisdə çıxışların birində xalqa xitabən “ Qarabağla bağli təkliflərinizi verin! ” demişdi. O vaxt mən Qobustan həbsxanasındaydım. Prezident Aparatına göndərilən 93 təklifdən birini Qobustan məhkumu göndərmişdi. Yəni, harada olmağımdan asılı olmayaraq mən öz təklifimi etmişəm. Niyə Qarabağ münaqişəsini Fransa, Rusiya, ABŞ kimi dövlətlər həll eləməlidir? Erməni lobbisinin ən güclü olduğu 3 dövlət bunlardır. Ermənilər ən çox orada yaşayırlar. Biz niyə mütəmadi qaralarla oynamalıyıq? O mənada, müstəqillik dönəmində çatışmayan cəhətimiz o oldu ki, müstəqillik qazanmadığımız dövrlərdəki kimi davrandıq. Gözüqıpıq, cəsarətsizlik. Bizim həm insan resursumuz çoxdur, həm dostlarımız, müttəfiqlərimiz, strateji yerimiz var . Azərbaycan kimlərdənsə, nələrisə gözləməməlidir. Heç kimə də daxili işlərimizə qarışmağa imkan yaradılmamalıdır. Hərdən Rusiya ilə qorxudurlar bizi, bu, mənə gülməli gəlir. Bir ovuc çeçen az qala Rusiyanı çökdürmüşdü. Sonra böyük dövlətlərin alveriylə rəhmətlik Dudayev vuruldu. Biz əslində bütün döyüşlərdə Rusiyayla döyüşdük, ermənilərlə döyüşmədik ki. Döyüşdük və udduq. Biz onlarla üz-üzə gəldiyimiz heç bir döyüşdə uduzmadıq. Buna əsaslanaraq mən deyə bilərəm ki, istər iqtisadi, istər beynəlxalq, siyasi, hərbi resurslarımızı uzlaşdıraraq bütün problemlərimizi həll edə bilərik. Yeri gəlmişkən, bizim təşkilatın “ Dirçəliş ” proqramı var ki, o içində Azərbaycanın bütün problemlərinin həlli yollarını ehtiva edir. Biz zaman-zaman onları açmaq fikrindəyik və hakimiyyətdə kim olursa olsun, hakimiyyətlə də bu məsələlərin müzakirəsinə hazırıq.
- Müstəqilliyimizin memarlarından, biz im atributları qəbul edənlərdən və indi dövlətin qanunverici orqanının üzvlərindən biri kimi son dövrlərdə Azərbaycanın atributlarının dəyişdirilməsilə bağlı çək-çevirlərə münasibətiniz necədir?
- Əslində bu məsələlərə ən ciddi təpki onlara fikir verməməkdən keçir. Bu, heç müzakirə mövzusu ola bilməz. Kimsə bunu müzakirəyə çıxarırsa, mən niyə bu müzakirəyə qatılmalıyam? Heç kim bu dövlətin atributlarını dəyişə bilməz. Kimsə bu dövlətin atributlarına və ya milli dəyərlərinə toxunsa, biz millətçilərdən cavabını alacaq. Və biz bunun uğrunda hər kəsin üstündən tapdalayıb keçərik. Mən Avropa Parlamentinin sədri Buzeklə görüşümdə də bildirdim ki, beynəlxalq təşkilatın özü beynəlxalq qanunların törəmə subyektidir. Burada həm öhdəlik, həm də hüquq olur. Hər ölkənin də öz prioriteti olur. Sizin kimi, bizim də prioritetlerimiz var. Mən siqnator deputatam və mənim üçün partiya, şəxsi maraqların heç bir əhəmiyyəti yoxdur. Mənim üçün əsas milli maraqlardır. O, milliyyətcə polyakdır. Mən də ondan soruşdum ki, necə olur, siz Oder-Neys məsələsi həll olunmayınca Avropa evini qurmurdunuz? Yəni, əgər biz bu məsələlərdə Avropaya da meydan oxuyuruqsa, burda kiminsə milli maraqlar əleyhinə sərsəmləməsinə yol vermərik . Çünki biz əminik ki, xalqımız bu sərsəmləmələrlə razılaşmayacaq. Bundan sonra heç kim bizim müstəqilliyimizə, atributlarımıza, milli dəyərlərimizə toxuna bilməz. O dövr artıq bitib.
Söhbətləşdi: Redaksiya heyəti
Bu xəbər oxucular tərəfindən 2911 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |