Şrift:
Çində robot-stomatoloq insanın iştirakı olmadan ilk əməliyyat keçirib
08.11.2017 [10:37] - Sağlıq
Son zamanlar həkimlərə müxtəlif əməliyyatlar aparmaqda kömək edən robotlar hazırlandığı barədə çoxsaylı informasiya yayılır. Elə robotlar da var ki, belə əməliyyatları müstəqil şəkildə keçirə bilir. Buna əyani misal Çində istehsal olunan və bu günlərdə ilk müstəqil əməliyyat aparan robot-stomatoloqdur.

Robot qadın pasiyentin ağzına 3 ölçülü printerdə hazırlanan 2 ədəd diş qoyub. Həmin əməliyyat zamanı yaxınlıqda bir neçə tibb işçisi olub. Onlar yalnız robotlaşdırılmış stomatoloqun fəaliyyətini izləyib və əməliyyata heç bir vacib müdaxilə etməyiblər.

Əməliyyat noyabrın 4-də Sian şəhərində həyata keçirilib. Mütəxəssislər implantın qoyulduğu zaman xətanın 0,2-0,3 millimetrdən çox olmadığını və onun bu cür əməliyyatlarda məqbul sayıldığını bildiriblər. Ekspertlər hesab edirlər ki, belə robotların tətbiqi stomatoloqlar arasında yüksək səviyyəli mütəxəssis çatışmazlığını aradan qaldırmağa kömək göstərəcək.

Robot-stomatoloqun ərsəyə gəlməsində Sian şəhərində yerləşən hərbi-tibbi universitetin stomatoloji hospitalının və robot-texniki institutunun çox sayda mütəxəssisi iştirak edib və onun hazırlanmasına dörd il vaxt lazım gəlib.

Statistikaya əsasən, Çində 400 milyona yaxın insanın peşəkar stomatoloqların xidmətinə ehtiyacı var. Lakin bütün müştərilərə yeni diş qoya biləcək həkimlər çatışmır. Hazırda ölkədə implant qoymaqla məşğul olan çox sayda həkim olsa da, onların heç də hamısı lazımi bilik və təcrübəyə malik deyil. Nəticədə pasiyentlərin bir çoxu yeni dişlər qoyulduqdan sonra daha böyük problemlərlə qarşılaşır.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed