Şrift:
Bu il Aralıq dənizində 2900-dən çox insan həlak olub
08.11.2017 [10:42] - Hadisə
Mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına əsasən, bu il Aralıq dənizində həlak olan miqrantların sayı 2925 nəfərə çatıb.

Qışın yaxınlaşması ilə əlaqədar Avropaya yetişməyə can atan miqrantların sayı çoxaldığından son həftələrdə xilasetmə əməliyyatlarının sayı artıb. Belə ki, son günlərdə təxminən 2600 nəfər sahil mühafizəsi və xilasetmə dəstələri tərəfindən xilas edilib.

Təşkilatın nümayəndəsi Flavio Di Cakomo mətbuata verdiyi açıqlamada bildirib ki, ötən ilin eyni dövründə Aralıq dənizində həlak olan miqrantların sayı daha çox, təxminən 3200 nəfər olub.

Bu il ərzində 154 mindən artıq miqrant Avropaya yetişmək üçün təhlükəli dəniz yolu səfərini seçiblər. 2016-cı ildə isə bu rəqəm 337 min nəfər təşkil edib.

Qaçqınların böyük əksəriyyəti İtaliya sahillərinə çatmağa cəhd edib, dörddəbir hissəsi isə Yunanıstan, Kipr və İspaniya sahillərinə üz tutub. Onların əksəriyyəti Qərbi Afrika ölkələrinin sakinləridir.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed