Şrift:
Mağavuz kəndi Ermənistanın ekoloji terror siyasətinin qurbanı oldu
08.11.2017 [10:54] - DAVAMın yazıları
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal olunub. Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır.
İşğal olunmuş ərazilərdə qalmış 261 min hektar meşə, o cümlədən 13 min 197 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri, eləcə də Daşaltı Dövlət Təbiət Yasaqlığı, Qubadlı Dövlət Təbiət Yasaqlığı, Laçın Dövlət Təbiət Yasaqlığı Ermənistanın ekoloji terror siyasətinin qurbanlarına çevriliblər.

Adları çəkilən yasaqlıqlarda zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyə bənzəyirdi. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edirdi. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngin idi. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilər; kəklik, tetra quşu, bildirçin, alabaxta kimi quşlara var idi.

Ermənistanda fəaliyyət göstərən “Hetq” saytının verdiyi məlumata görə, Ermənistanın yüksək çinli məmurları, hətta Ermənistan prezidentləri Robert Koçaryan, Serj Sərkisyan, Qarabağın erməni icmasının sədri Bako Saakyan eləcə də digər iş adamları, biznesmenlər və adi vətəndaşlar belə bu yasaqlıqların ərazilərinə ov etməyə gəlirlər. Bu il Ermənistanın baş naziri Karen Karepetyanın bir həftədən çox Qarabağda istirahət etməsi, Xaçen, Mağavuz, Sərsəng su hövzələrində balıq, Daşaltı və Laçın Dövlət yasaqlıqlarında cüyür və ceyran ovları ilə müşayət olundu.

Sayıtın yazdığına gör,ə ovçuluğun bu ərazilərdə kütləviləşməsi bezoar keçisi, cüyür, ceyran kimi nadir cinsli heyvanların kökünün kəsilməsinə səbəb olmuşdur. Artıq adı çəkilən yasaqlıqlarda nadir cinsli heyvanlara çox az rast gəlmək olur.
Bundan başqa İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Ermənilər Qarabağın çoxu qırmızı kitaba düşmüş ağacları kütləvi şəkildə kəsərək xarici ölkələrə mebel istehsalı üçün satırlar.

Artıq keçmiş Ağdərə rayonunun Mağavuz kəndi ətrafındakı meşə sahələri kütləvi şəkildə doğranaraq ərazi səhralığa çevrilir.

Keçmiş zamanlarda Mağavuz nahiyyəsi adlanan bu ərazi 1593-cü ildə Osmanlı dövləti Məğavuz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir: Vəqazin, Əritaq, Çorman, Bozdoğan, Ərdəş, Pərixan, Qarıqışlaq, Qarasaqqal, Şılk, Gündüz, Bayındır, Səgaxar, Xəsili, Abdallar, Bozdoğan II, Godgai, Daşlı, böyük İlxılı, Moracıq məzrəsi, Ağbulaq, Həzili, Sos, Rəraxsi, kiçik Daşlı.
Qeyd etmək lazımdır ki, Mağavuz kəndi öz tarixi, mədəni və coğrafi ərazisinə görə Qarabağın mühüm strateji məntəqələrindən biridir.

Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri erməni işğalçıları tərəfindən düşünülmüş şəkildə od vurularaq yandırılır. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilməkdədir. Yandırılan torpaqlardan qaçan vəhşi heyvanlar, o cümlədən sürünənlər, gəmricilər digər ərazilərə keçərək, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına ziyan vurur, yırtıcı heyvanlar şəxsi təsərrüfatlarda mal-qaraların tələfatına səbəb olurlar.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanları nəticəsində təbi sərvətlərimizə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmində qiymətləndirilmişdir.

Faiq İSMAYILOV
AMEA İnsan Hüquqları İnstitunun Əməkdaşı
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed