Şrift:
Parlament partiyaları prezident seçkilərinə qatılacaqmı?
15.11.2017 [10:26] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı zaman keçdikcə müzakirələrin sayı durmadan artır. Ən çox diqqətlər isə kimlərin namizəd olacaqları ilə bağlıdır. Bu istiqamətdə gedən müzakirələrdən biri də parlament partiyaları sayılan qurumların prezidentliyə namizəd irəli sürüb-sürməyəcəkləri ilə bağlıdır.

Hələ ki, həmin siyasi qurumlardan iddiasını ortaya qoyan yoxdur. Lakin buna baxmayaraq, indiyə qədər o partiyalardan prezident seçkilərində iştirak edənlər az olmayıb.

İki həftə öncə “Yeni Müsavat”a geniş müsahibə verən Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli qəti şəkildə prezidentliyə namizəd olmayacağını bəyan etmişdi.

Sitat: “Mən başımdan hündürə tullana bilmərəm. Siyasi və texniki imkanlarım namizəd olmağa imkan vermir ki, prezident olam, hətta istəsəm belə”.


Digər parlament partiyalarının da mövqeyini aldıq.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa gələn ilin yanvar-fevral aylarında qərar verəcəklərini söylədi: “Qərarımız gələn ilin əvvəllərində veriləcək. Çünki il yekunlaşandan sonra Məclisimizin iclası olacaq, orada müzakirə edəcəyik, məqsədəuyğun hansı olarsa, bunu qərara salacağıq. Bu qərar yəqin ki, yanvar-fevralda veriləcək. Hələ ki bu istiqamətdə bir qərarımız yoxdur”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev namizəd ola biləcəyi yönündə istəkli danışdı: “Seçki prosesi başlayanda partiya iştirak edib-etməməklə bağlı qərar verir. Böyük ehtimalla biz də elə edəcəyik. Düşünürük ki, parlament seçkilərində iştirak etmək, prezident seçkilərində iştirak edib prezident olmaq, bələdiyyə seçkilərində yüksək yerlər tutmaq uğrunda mübarizə partiyaların əsas hədəfləri olmalıdır. Partiya fəaliyyət göstərib, sonra seçkiləri boykot adı ilə kənarda durursa, bu mücərrəd bir şeyə çevrilir. Ən azından seçkilərdə iştirak edəndə platformanı xalq çatdırmaq olur, alternativləri ortaya qoymaq olur. Açıq tənqidlər edib, tənqidlərin qarşısında nələr etmək imkanlarının olduğunu ortaya qoymaq mümkün olur. Bu mənada istənilən partiya üçün seçkilərdə iştirak uğurlu variantdır. Böyük ehtimalla bu istiqamətdə partiyadakı müzakirələrdə müsbət cavab alacağıq. Partiyamız seçkilərdə iştirak edərsə, namizədini müəyyənləşdirəcək və hesab edirəm ki, partiya mənim namizədliyim üzərində dayanacaq. Son seçkilərdə də iştirak etdim. Düşünürəm ki, kifayət qədər uğurlu oldu. Televiziya vasitəsilə əhalinin bütün təbəqələri ilə görüş imkanımız oldu. Yerlərdə də böyük görüşlər keçirdik, yaxşı platformalarla çıxış etdik. Hakimiyyətin çatışmayan yerlərini də yaxşı tənqid edə bildik. Tənqidlərimizdən də nəticələrini çıxarıldığını düşünürəm. Bütün partiyalara tövsiyə olunan o olardı ki, seçkilərdə iştirak etsinlər, öz mövqelərini ortaya qoysunlar. Onun tərəfdarıyam ki, cəmiyyət bu insanları daha yaxından tanısın, günün birində proporsional seçki sisteminə yaxud qarışıq tipli proporsional və majoritar seçki sisteminə keçdiyimiz vaxt düşüncəyə səs versinlər, hansı düşüncənin daha doğru olduğunu, hansı düşüncənin cəmiyyəti irəli apara biləcəyini analiz etmək o zaman asan olur. İndiki halda seçkilər hələ ki partiyamızda müzakirə olunmur. Amma qarşıdakı müddətdə Məclisdə belə bir qərar çox güman veriləcək”.

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə hələ ki seçkilərdə iştirakla bağlı qərarlarının olmadığını bildirdi.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli qurultayda qərar veriləcəyini bildirdi: “Partiya növbəti qurultayına hazırlaşır. Qurultayla bağlı artıq təşkilat komitəsi də yaradılıb. İlkin müzakirələrin nəticəsi olaraq, qurultayın 2018-ci ilin aprel-may aylarında keçirilməsi nəzərdə tutulub. Partiyanın prezident seçkilərində iştirakı barədə qərar da qurultayda veriləcək. Seçkilərdə iştirakımızla bağlı heç bir problem yoxdur. BAXCP-nin strategiyası ondan ibarətdir ki, siyasi partiya nəticəsindən asılı olmayaraq bütün seçkilərdə iştirak etməlidir. Seçki prosesi həm partiya quruculuğu prosesinə də müsbət təsir göstərir. Bu proses eyni zamanda təşkilatın proqram və prinsiplərini cəmiyyətə çatdırmaq üçün də əlverişli vasitədir. Nə olursa olsun seçkilərdə iştirak edəcəyik. Lakin iştirakın forması ilə bağlı qərar qurultayda veriləcək. İstənilən siyasi partiya üçün liderinin namizəd kimi seçkilərdə iştirakı prioritet təşkil edir. Hər halda bu, bizim üçün belədir. Lakin belə mühüm qərarlar barədə öncədən fikir səsləndirmək, subyektiv mülahizələr irəli sürmək doğru olmazdı. Bu baxımdan qurultayın qərarını gözləmək lazım gələcək”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabiq Rüstəmxanlı son parlament seçkilərində deputat seçilməsə də, onun partiyası da parlament partiyası sayılır. Belə ki, Rəfail Hüseynov və Fəzail İbrahimli VHP deputatlarıdır. Partiyanın Mərkəzi Aparatının Samir Əsədli bunları dedi: “Normal seçki mühiti, seçki rəqabəti yaradılarsa, partiyamız seçkilərə gedəcək. Amma bütün hallarda biz bu ilin sonuna qurultay nəzərdə tutmuşduq. Lakin qurultayı mart ayına qədər ertələdik. Bu məsələyə qurultayda baxılacaq. Bütün hallarda bu və ya digər formada partiya seçkilərdə iştirak edəcək. VHP öz namizədi ilə, yaxud başqa siyasi partiyalarla birlikdə seçkilərdə iştirak edib-etməyəcəyi qərarını partiyamızın seçkili orqanları verəcək. Biz bütün seçkilərdə iştirak etmişik, ya öz namizədimiz, ya da digər partiyalarla. Bu dəfə də yəqin belə olacaq”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed