Şrift:
ABŞ-da ilk dəfə mikroçipli həbin satışına icazə verilib
15.11.2017 [10:43] - Sağlıq
ABŞ-ın Yeyinti Məhsullarına və Dərmanlara Nəzarət Administrasiyası (FDA) dünya təcrübəsində ilk dəfə mikroçip quraşdırılmış həbdən ibarət dərman vasitəsinin satışına icazə verib.

”Financial Times” nəşrinin yazdığına görə, indiki halda çip Yaponiyanın “Otsuka” şirkətinin istehsalı olan və psixozların müalicəsində tətbiq edilən “Abilify” preparatına quraşdırılıb. Həbi udan zaman çip pasiyentin mobil qurğusuna informasiya göndərəcək. Eyni zamanda bu informasiya avtomatik olaraq xəstəni müalicə edən həkimə də göndəriləcək və bununla da təyin edilmiş dərman qəbulu rejiminə pasiyentin riayət etməməsinin qarşısı alınır.

Xəstəliklərin, xüsusən xroniki xəstəliklərin müalicəsində müasir təbabətin ən aktual problemlərindən biri həkim təyinatlarına əməl edilməməsidir. Bu, bir tərəfdən, əczaçılıq şirkətlərinin gəlirinin azalmasına gətirib çıxarır, digər tərəfdən, pasiyentlərin vəziyyətinin pisləşməsi nəticəsində onların müalicə xərclərinin artmasına səbəb olur.

“Otsuka” şirkətinin Şimali Amerika bölməsinin başçısı Kabina Natxanın sözlərinə görə, innovativ vasitə tələbatı müəyyən etmək üçün az sayda istehsal ediləcək, amma o, çipli preparatın adi dərmandan nə qədər bahalı olacağını açıqlamaqdan imtina edib.
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed