Şrift:
Əmlakın qanuni bölgüsü və dini halallığı
18.10.2011 [14:24] - Hüquq
Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Bəs görək yaranan mübahisələrin, qanunvericilikdə və dinimizdə həlli yolları necədir?


Misal üçün, nikah pozulduqdan sonra ərlə arvad arasında yaranan, onların birgə nikah dövründə, eləcə də nikaha daxil olmadan əvvəl malik olduqları əmlakın nikah pozulduqdan sonrakı hüquqi vəziyyətini mövcud qanunvericiliyin və müqəddəs kitabımız olan «Qurani-Kərimin» necə tənzimləməsinə diqqət edək.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər və ya arvadın (və ya onların hər ikisinin) hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak, ər-arvadın birgə mülkiyyətinə daxildir.
Nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
Bəs qanunvericiliyə görə, ər-arvadın ümumi əmlakının bölünməsi zamanı paylar necə müəyyən edilir?
Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
Bəs müqəddəs kitabımız olan «Qurani-Kərimdə» boşanma hüququ kimə məxsusdur?
Mehir- evlilik əsnasında qadına verilən maddi vəsaitdir. Mehir vermək qadına deyil, kişiyə vacibdir. Allah Quranda qadınlara verilən mehirlə bağlı belə buyurur: "Qadınlarınızın mehirlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" ("Nisa" surəsi, 4).
Onlarla (qadınlarla) gözəl rəftar edin. Əgər onlara qarşı ikrah etsəniz, ola bilsin ki, sizdə ikrah doğuran hər hansı bir şeydə Allah sizin üçün çoxlu xeyir nəzərdə tutmuş olsun”.(Nisa surəsi 19-cu ayə)
İslam qanunlarında kişi qadına qarşı ikrahla yanaşdıqca nikahın pozulması nəzərdə tutulduğu kimi, qadının da ərinə qarşı eyni və ya ərinə əlavə bir şey verməklə boşanmaq tələbini irəli sürmək hüququna malik olması mövcuddur.
“(Ey kişilər!) onlara (qadınlarınıza) verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın hökmlərini yerinə yetirməkdən qorxduqları zaman mümkündür. Əgər onları (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxarsınızsa, arvadın (kəbin haqqında) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur.”(Bəqərə surəsi 229-cu ayə)
Ən-Nisa “Qadınlar” surəsi, 35-ci ayəsində göstərilir: (Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır! .
Qurani-Kərimdə göstərilir: Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir. Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir. Əgər cütlük boşanmağı qərar verirsə, onlar ədalətlə bir-birlərindən ayrılmalıdırlar. Və iki ədalətli şahid tutmalıdırlar. Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.

“Davam” qəzetinin
hüquq şöbəsi
Bu xəbər oxucular tərəfindən 2628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed