Şrift:
Türkiyəni NATO-dan uzaqlaşdırmağa çalışırlar - Nəticə pis ola bilər
21.11.2017 [09:53] - Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
"NATO-nun Norveçdəki təlimində baş vermiş son hadisə göstərir ki, bu alyansın daxilindəki bəzi qüvvələr Türkiyəni oradan uzaqlaşdırmağa çalışırlar. Əvvəllər Türkiyəni Avropa Birliyinə qəbul etmədilər və sətiraltı bildirdilər ki, bu "xristian klubu"dur. İndi də Türkiyəni NATO-dan kənarlaşdırmaq istəyirlər".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fərəc Quliyev son zamanlar NATO-Türkiyə münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Türkiyə NATO üçün vacib ölkədir: "Türkiyə çox ciddi ölkədir və strateji coğrafi mövqedə yerləşir. Nahaq yerə deyil ki, Türkiyə uzun müddət NATO-nun "cənub qalası" adlanıb. Lakin SSRİ-nin dağılmasından sonra NATO və ABŞ-da nisbətən rahatlıq yaranıb və sanki hərbi gücə ehtiyac yox imiş kimi davranırlar. Halbuki, Ukrayna hadisələrindən sonra NATO rəhbərliyi etiraf etdi ki, biz tam hazırlıqsız yaxalandıq və yenidən toparlanmağa başladıq. Üstəlik, SSRİ və güclü Rusiya amili aradan qalxandan sonra Avropa dövlətlərində yeni istəklər ortaya çıxdı, NATO-ya alternativ yaratmağa başladılar. Bu, kiçik dövlətlərin qrupu şəklində öz mənafelərini daha uyğun müdafiə etmək zərurətini ortaya çıxartdı. Amma hesab edirəm ki, indi anlayırlar ki, Rusiya güclənməyə başlayır, revanş imkanları axtarır. Ən azından postsovet məkanına çox iddialıdır, eyni zamanda Şərqi Avropada itirdiyi mövqeləri qaytarmağa çalışır. Belə vəziyyətdə o gücün qalması çox vacibdir".
Onun fikrincə, hazırda Türkiyə-NATO münasibətlərinin sərinləşməsi və arada çatın yaranmasında günahkar Türkiyə deyil: "Ötən il Türkiyədə dövlət çevrilişi cəhdində NATO ölkələrinin izi görünəndən, İncirlik hərbi bazasından fərqli istifadə ehtiyacları üzə çıxandan sonra Türkiyə məcbur oldu ki, sərt davranış nümayiş etdirsin. Ona görə də Rusiya ilə münasibətləri dərhal yaxşılaşdırdı və arsenalına NATO ölkələrində istehsal edilməyən silahları daxil etməyə başladı. Türkiyə bu addımı günlərin birində NATO-dan kənarda qalarsa, onlardan silah asılılığı olmasın deyə atdı. Yəni bütün hallarda günahkar Türkiyə deyil".
F.Quliyev hesab edir ki, Türkiyə belə halda təmkinli davranmalı, NATO-dan çıxmaq əvəzinə oradakı mövqelərini daha da gücləndirməlidir: "Əminəm ki, NATO-da bunun yanlış siyasət olduğunu anlayacaq və Türkiyədən üzr istəyəcəklər. Hətta Türkiyə ilə əlaqələri daha da gücləndirmək üçün əlavə cəhdlər də edəcəklər. Hesab edirərm ki, Türkiyə də bu təxribatlara uymamalıdır. Türkiyə alternativlərini nümayiş etdirərək və ehtiyat tədbirlərini görərək NATO-nu tərk etmək yox, əksinə, orada mövqelərini daha da gücləndirmək haqqında düşünməlidir. Çünki Rusiya kimi dövlətə çox güvənmək olmaz. Hər halda hesab edirəm ki, bu məsələ uzun müddət belə davam edə bilməz və ona aydınlıq gətiriləcək. Məncə baş verən təxribatları bütün NATO-ya və bütövlükdə onun rəhbərliyinə şamil etmək olmaz. Türkiyənin həssas nöqtələrinə toxunmaqla onu NATO-dan uzaqlaşdırmaq istəyən qüvvələr var, ancaq Türkiyə səbirlə davranıb düşmənlərin bu istəyinin həyata keçməsinə imkan verməməlidir. Amma belə bir vəziyyət yaranarsa və NATO-dan kənarda qalarsa, günlərin birində təklənmiş halda qala bilər. Bu həm NATO üçün, həm də Türkiyə üçün böyük itki ola bilər".
İlkin İzzət
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed