21.11.2017 [10:28] - DAVAMın yazıları
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri, fövqəladə və səlahiyyətli səfir Novruz Məmmədov Azərbaycan diplomatiyasının 25 ildə əldə etdiyi uğurlar barədə analitik məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.
x x x
Diplomatiya tarix boyu hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahəsi olub. Dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda yerinin, rolunun, ümumiyyətlə, imicinin və mövqeyinin formalaşdırılmasında olduqca mühüm rol oynayır.
Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövlətçiliyi öz varlığına görə ulu öndər Heydər Əliyevə borcludur. Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlişi dövlətin nəzəri-praktiki əsaslarının formalaşdırılmasına imkan yaratdı. Ümummilli Lider ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində olan və müxtəlif istiqamətlərdən gələn təhlükələrlə üz-üzə qalmış ölkənin qarşısında duran çoxsaylı vəzifələrin həllini təmin etdi. Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, böyük uzaqgörənliklə xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini konkretləşdirdi.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin kursu uğurla inkişaf etdirməkdədir. Azərbaycan diplomatiyasının qısa zaman ərzində beynəlxalq səviyyədə əldə etdiyi uğurların əsas səbəbi də məhz xarici siyasətdə varisliyin təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğunlaşdırılmaqla tətbiq olunmasıdır.
Bu gün dövlətimizin başçısının xüsusi diqqət yetirdiyi sahələrdən biri də diplomatik fəaliyyətdir. Prezident İlham Əliyevin 2007-ci il avqustun 24-də imzaladığı Sərəncamla hər il iyulun 9-u Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu il 28 May – Respublika Günü münasibətilə təşkil edilmiş rəsmi qəbuldakı dərin məzmunlu və proqram xarakterli nitqində dövlətimizin başçısı Azərbaycan diplomatları qarşısında yeni vəzifələr müəyyənləşdirib. Bu vəzifələrin reallaşdırılması Azərbaycanın son 25 il ərzində qazandığı uğurları daha da gücləndirməyə imkan verəcəkdir. Bütün bunların fonunda müstəqil Azərbaycan diplomatiyasının keçdiyi yolun təhlili ötən illər ərzində əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və perspektivlərin müəyyənləşdirilməsi baxımından faydalı olardı.
Diplomatiyada ənənə və varislik: Heydər Əliyev imzası
Hər bir xalq özünün dahi şəxsiyyətləri və siyasətçiləri ilə fəxr edir. Nümunə üçün, türklər Atatürk, ingilislər Çörçil, fransızlar de Qol, amerikalılar Ruzvelt, almanlar Adenauer ilə qürur duyurlar.
Azərbaycan xalqı isə özünün ümummilli lideri Heydər Əliyevlə fəxr edir. Heydər Əliyev bütövlükdə dünya diplomatiyası tarixində xüsusi imzası olan lider olub. Bu böyük şəxsiyyət çox çətin və mürəkkəb tarixi-geosiyasi şəraitdə Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasını işləyib, onun xarici siyasətinin strateji məqamlarını müəyyənləşdirib və diplomatik fəaliyyəti ilə onu reallaşdırmağın səmərəli nümunəsini göstərib.
Özünəməxsus ənənələrə malik olan Azərbaycan diplomatiyasının zəngin tarixi vardır. Qafqaz Albaniyasının balanslaşmış diplomatiyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Səfəvi dövlətlərinin diplomatik fəaliyyətləri Azərbaycanın diplomatiya tarixinin şərəfli səhifələrindəndir. Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafi baxımdan mühüm mövqedə yerləşdiyindən daim gərgin geosiyasi mübarizələrin meydanı olub. Tarixi İpək Yolu üzərində yerləşməsi ölkənin beynəlxalq maraq dairəsində olmasını şərtləndirib. Bunu təsdiq edən maraqlı faktlardan biri Ağqoyunlu Uzun Həsənin dövründə Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Bu prosesdə həmin dövrdə bütün Şərqdə yeganə qadın diplomat Sara Xatunun əvəzsiz xidmətləri olub.
Azərbaycan ərazisindəki xanlıqlar da ciddi diplomatik fəaliyyət göstərmişlər. Onlar bu üsulla bir müddət varlıqlarını qoruya bildilər. Lakin bütövlükdə dünyada cərəyan edən geosiyasi proseslərin xarakteri və formaları sürətlə dəyişirdi. Azərbaycan ərazisindəki xanlıqlar müxtəlif səbəblərdən birləşə bilmədilər. Azərbaycanın çar Rusiyasının tərkibində olduğu dövrdə isə hər hansı diplomatik fəaliyyət mümkün deyildi. Yalnız 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu fəaliyyət bərpa olundu. Artıq 1919-cu ildə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.
Azərbaycanın SSRİ tərkibinə daxil edilməsi ilə diplomatiya tariximizin də tənəzzül dövrü başladı. Müəyyən formal istisnaları çıxmaq şərti ilə 1991-ci ilədək Azərbaycanın müstəqil diplomatik fəaliyyətindən danışmaq olmur. Lakin onu da unutmaq olmaz ki, sovet dövrü Azərbaycana Heydər Əliyev kimi böyük siyasi xadim, əvəzsiz lider və mahir diplomat yetişdirdi. Məsələnin bu tərəfinin ayrıca tədqiqə ehtiyacı vardır.
Beləliklə, XX əsrdə yenidən müstəqilliyinə qovuşan Azərbaycanın qarşısında dövrün tələblərinə uyğun xarici siyasət kursunu müəyyənləşdirmək və onu reallaşdırmaq üçün əsaslandırılmış diplomatik fəaliyyət konsepsiyası formalaşdırmaq vəzifəsi dururdu. Bu vəzifənin öhdəsindən ümummilli lider Heydər Əliyev böyük ustalıqla gəldi. Azərbaycan diplomatiyasının son 25 ilini əhatə edən təcrübəyə nəzər saldıqda, bunu aydın görə bilərik. Azərbaycan diplomatiyasının 25 ildə keçdiyi yolu təhlil edən mütəxəssislər vurğulayırlar ki, ölkəmiz bu istiqamətdə ciddi uğurlar əldə edib. Bu nailiyyətlərin obyektiv və elmi təhlili bir çox maraqlı məqamları üzə çıxarır.
İlk növbədə, dövlətçilik baxımından çox əhəmiyyətli sayılan bir incə məqamı vurğulamaq istərdik. Azərbaycan müstəqilliyini bərpa etmiş ölkələr sırasında siyasi-diplomatik fəaliyyətdə varislik prinsipini həyata keçirən nadir ölkələrdəndir. Müstəqil siyasi-diplomatik fəaliyyətin prinsipləri və çərçivələri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Lakin nəzərə almaq lazımdır ki, indiki tarixi mərhələdə geosiyasi, iqtisadi, energetik, hərbi, diplomatik, siyasi mühit sürətlə dəyişir və bu vəziyyətdə çevik və düzgün qərarlar qəbul etmək böyük ustalıq tələb edir. Bu vəzifənin öhdəsindən yalnız yüksək siyasi hazırlığı, liderlik keyfiyyəti, qətiyyəti, diplomatik məharəti, strateji təfəkkürü olan siyasətçi gələ bilər. Prezident İlham Əliyev məhz həmin keyfiyyətləri sayəsində istənilən mürəkkəb şəraitdə varislik prinsipinə tam əməl etməklə ən düzgün addımları atır.
Bu özəlliyin Azərbaycan dövlətçiliyinə verdiyi böyük töhfələr göz qabağındadır. İlham Əliyevin diplomatik məharəti neft strategiyasının qüsursuz reallaşmasında və bütövlükdə dövlətçilik mənafelərinin təmin olunmasına yönəlmiş müstəqil xarici siyasətin daim uğurla həyata keçirilməsində müstəsna rol oynamaqdadır. Dövlətimizin başçısı nüfuzlu beynəlxalq təşkilatların tribunalarından, müxtəlif yüksək səviyyəli sammit və konfranslarda böyük diplomatik ustalıqla Azərbaycanın milli maraqlarını qətiyyətlə ifadə və müdafiə edir. Belə fəallıq sayəsində beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi birmənalı şəkildə dəstəklənir, Ermənistanın təcavüzkarlığını təsdiq edən sənədlər qəbul olunur.
Bütün bunlar bir daha göstərir ki, siyasi-diplomatik fəaliyyətdə varislik ciddi nailiyyətlərə yol açır. Burada həm ənənə davam etdirilir, həm də meydana çıxan istənilən situasiyada milli dövlətçilik xəttinə və reallığa uyğun addımlar atmaq mümkün olur. Azərbaycanın müstəqillik dövründə diplomatik fəaliyyət istiqamətlərini təhlil edərkən bu mühüm təməl prinsipini qətiyyən yaddan çıxarmaq olmaz. Heydər Əliyev uzaqgörənliyini, milliliyini, dövlət quruculuğu prosesinin bütün sahələrini dərindən bilən bir dühanın yaratdığı siyasi-diplomatik fəaliyyət kursunu ancaq onun layiqli varisi inkişaf etdirə bilər.
İlham Əliyev mərhələsi: əsas prinsiplərin inkişafı
Prezident İlham Əliyev ən yüksək tribunalardan Heydər Əliyevin dövlət quruculuğu xəttini, müstəqil dövlətçilik strategiyasını daim inkişaf etdirəcəyini söyləyib. İndi Azərbaycan rəhbərliyinin əsas vəzifəsi həmin xətti qorumaqla onu dəyişən dünyanın tələblərinə uyğun reallaşdırmaqdan ibarətdir. Dövlətimizin başçısının həmişə bu mövqeni ifadə etməsi, onun, sözün həqiqi mənasında, layiqli varis və müasir tələblərə cavab verən siyasi lider olduğunu sübut edir.
Son 25 il ərzində Azərbaycan uğurlu və şərəfli yol keçib. Ölkə bu müddətdə beynəlxalq hüququn müstəqil subyekti və suveren dövlət kimi formalaşıb. Məhz bunun nəticəsidir ki, bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin dünyada nüfuzunu artırıb.
Bu, heç də təsadüfi deyildir. Bu gün Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu, bərabərhüquqlu əməkdaşlığın, milli maraqlara əsaslanan praqmatik siyasi kursun əsasını Heydər Əliyev qoyub. Bu prinsipləri daha da inkişaf etdirən Prezident İlham Əliyev isə artıq bütün dünya üçün maraqlı olan yeni inkişaf modeli təqdim edir. Bu modelin əsas xüsusiyyəti inkişafın yeni mərhələsində "qara qızıl"ın insan kapitalına çevrilməsindən ibarətdir.
Xarici siyasət sahəsində əldə edilən uğurlar ayrıca vurğulanmalıdır. Bu kontekstdə bir məqama daha çox diqqət yetirilməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu, o deməkdir ki, Azərbaycan apardığı həm daxili, həm də xarici siyasət ilə beynəlxalq arenada böyük rəğbət qazanıb. Ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan antiterror koalisiyasının fəal iştirakçısıdır. Hərbçilərimiz bu gün Əfqanıstanda NATO-nun komandanlığı altında xidmət edirlər. Həmçinin Azərbaycanın Əfqanıstana yükdaşımalara çox böyük töhfəsi var.
Göründüyü kimi, Azərbaycan diplomatiyası ötən 25 ildə çoxşaxəli fəaliyyət göstərib. Onun fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional təhlükəsizliyin təmin olunması, terrora qarşı mübarizədə beynəlxalq koalisiyanın tərkibində fəal iştirak və nəqliyyat-enerji sahəsində sıx əməkdaşlıq məsələləri prioritet olub. Bu sırada diplomatiya tariximizə qızıl hərflərlə yazılmalı olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi qeyd etmək gərəkdir. Müəyyən dairələrin əngəllərinə baxmayaraq, ölkəmiz BMT-nin 155 üzvünün səsini ala bilib! Şübhə yoxdur ki, bu uğurun arxasında gərgin və geniş əhatəli diplomatik fəaliyyət durur.
Azərbaycan diplomatiyasının özəlliyi aspektində bir sıra mütəxəssislərin vurğuladığı bir məqam da maraqlıdır. Prezident İlham Əliyev ölkənin müsəlman dünyası ilə xristian dünyası arasında bir körpü rolunu oynadığına dair müxtəlif kontekstlərdə fikir bildirib. O cümlədən Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olmasına diqqəti yönəldib. Bu fakt özlüyündə çox məqamlardan xəbər verir. Belə ki, müstəqilliyini yenicə bərpa etmiş bir müsəlman ölkəsi iki mühüm beynəlxalq təşkilatda ciddi və səmərəli fəaliyyət göstərə bilir. Sivilizasiyalar arasında müəyyən ziddiyyətlərin mövcud olduğu bir mərhələdə bu, asan iş deyil.
Məsələ ondan ibarətdir ki, əsas məqsəd sadəcə beynəlxalq qurumlara üzv olmaqla məhdudlaşmır. Hər bir təşkilatda fəallıq göstərmək, təşəbbüslər irəli sürmək və dünya təhlükəsizliyinə töhfə vermək lazım gəlir. Azərbaycan diplomatiyası bu çətin vəzifənin öhdəsindən uğurla gəlir. Bakıda bir-birinin ardınca sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında əməkdaşlığa və dialoqun təşkilinə aid mötəbər beynəlxalq tədbirlər təşkil edilir.
Ayrıca olaraq, Azərbaycanın təşəbbüsü ilə "Bakı prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. Bu, Azərbaycanın multikulturalizm dəyərlərinə, beynəlxalq dialoq və dinlərarası anlaşmaya nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Eyni zamanda, Heydər Əliyev Fondunun bu istiqamətdə çox böyük əhəmiyyəti olan proqramları reallaşıb ki, bütün dünya bunu etiraf edir. Həmin kontekstdə UNESCO xətti ilə həyata keçirilən tədbirlərin xüsusi yeri vardır.
Bütün bunlar ötən 25 ildə Azərbaycanın dünyanın 179 ölkəsi ilə diplomatik münasibətlər qurması, xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis etməsi fonunda baş verib. Hazırda Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir və bu əlaqələri inkişaf etdirir.
Mürəkkəb və riskli şəraitdə diplomatiya: İlham Əliyev uzaqgörənliyi
Yuxarıda vurğulanan faktlar fonunda Azərbaycan diplomatiyasının uğurlarından bəhs edərkən, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə regional əməkdaşlığın yeni formatlarının həyata keçirilməsini xüsusi qeyd etmək lazımdır. Beynəlxalq səviyyədə də etiraf edilib ki, İlham Əliyevin bu təşəbbüsləri qlobal siyasət üçün olduqca əhəmiyyətlidir. Üçtərəfli əməkdaşlıq formatı regional miqyasda həm geosiyasi maraqları uyğunlaşdırmağa imkan yaradır və regional inteqrasiyaya töhfə verir, həm də ümumi miqyasda balansı təmin edir. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazda Rusiya, Türkiyə və İran kimi böyük dövlətlərin qarşılıqlı faydalı əməkdaşlığı yeni səviyyəyə yüksəlməkdədir. Eyni zamanda, Azərbaycanın digər region ölkələri ilə əlaqələrində bütün imkanlardan istifadə olunmaqdadır. Bunlar müstəqil siyasətə əsaslanan diplomatik fəaliyyətin birbaşa nəticələridir. Burada təkcə diplomatik peşəkarlıqla deyil, həm də zamanın tələblərinə uyğun olan diplomatik prinsiplərlə yüksək səviyyədə işləmək bacarığı da özünü göstərir.
Bu kontekstdə çox vacib olan bir cəhəti də vurğulamağa ehtiyac duyuruq. Biz müasir geosiyasi şəraitdə diplomatiyanın mürəkkəb situasiyalarla üzləşməsini və bunun nəticəsi olaraq yeni diplomatik fəaliyyət metodlarının formalaşdırılmasını nəzərdə tuturuq.
Belə ki, hazırda diplomatiyada "şəbəkə diplomatiyası", "xalq diplomatiyası", "paradiplomatiya" və s. bu kimi yeni terminlərdən istifadə edirlər. Onların hər biri müasir şəraitdə meydana gələn diplomatik fəaliyyət formalarıdır. "Şəbəkə diplomatiyası" dövlətin bir neçə beynəlxalq təşkilatla birgə fəaliyyətini nəzərdə tutur. Burada mövcud vəziyyətin həm mürəkkəbliyinə, həm də çoxşaxəliliyinə işarə edilir. Qlobal miqyasda geosiyasi vəziyyət daha mürəkkəb dinamika aldıqca meydana yuxarıda vurğulanan vəzifələr çıxır. Onların öhdəsindən gəlmək üçün isə yeni diplomatik yanaşmadan istifadə etmək lazım gəlir. Bunun konkret nümunəsi kimi Azərbaycanın eyni zamanda həm regional, həm də qlobal səviyyəli beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını göstərmək olar.
"Xalq diplomatiyası"ndan da Azərbaycan geniş istifadə edir. Azərbaycan xalqlar arasında kortəbii əməkdaşlığın inkişafına geniş meydan açır. Məlumdur ki, "xalq diplomatiyası"ndan müasir şəraitdə cəmiyyətlər arasında dialoqun təşkilində, mədəniyyətlərarası əməkdaşlığın tərəqqisində istifadə olunur. Lakin bu zaman dövlətin maraqlarının maksimum dərəcədə gözlənilməsi mühüm şərtdir. "Xalq diplomatiyası" adı altında cəmiyyətləri parçalamaq cəhdləri də məlumdur. Buna görə də hər bir dövlətin vəzifəsi toplumun bütövlüyünü qorumaq şərti ilə müxtəlif sosial təbəqələrin cəmiyyətdə daha fəal rol oynamasını təmin etməkdən ibarətdir. Bu istiqamətdə Azərbaycan nümunə ola bilər.
Müstəqil dövlət üçün mühüm diplomatik vəzifələrdən biri də müxtəlif formalarda özünü göstərən separatizmə qarşı mübarizədir. Sirr deyil ki, Qərbin akademik dairələri bir sıra yeni terminlər ortaya ataraq diplomatik fəaliyyətə fərqli məzmun verməyə çalışırlar. Məsələn, "paradiplomatiya" anlayışı bu qəbildəndir. Burada müəyyən separatçı məzmun çaları vardır. Müstəqil dövlətin bu kimi bölücü məqamlara uymaması və ölkənin bütövlüyünün təmin edilməsi üçün ciddi fəaliyyət göstərməsi lazım gəlir. Təəssüflər olsun ki, son bir neçə onillikdə beynəlxalq münasibətlərdə gah üstüörtülü, gah da açıq formada separatizmə meyilliyin nümayiş etdirilməsi artıq bumeranq effekti verməyə və böyük problemlər yaratmağa başlayıb. Belə ki, separatizmin Avropada və Qərbdə reallığa çevrilməsi göz qabağındadır.
Azərbaycan diplomatiyası isə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kurs çərçivəsində fəaliyyət göstərərək hər cür separatçı tendensiyaları neytrallaşdırmaqdadır. Separatizmin bütün növlərinə qarşı Azərbaycanda ciddi müqavimət göstərilir. Bu prosesdə xalq iqtidarın yanındadır. Azərbaycan cəmiyyəti öz Prezidentini tam dəstəkləyir və ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan bütün addımlarda rəhbərliyin yanında olduğunu ifadə edir.
Qərb diplomatik dairələri də Azərbaycanın bu uğurlarını yüksək qiymətləndirir. Şahidi olduğum bir hadisəni xatırlayıram. Avropalı bir nümayəndə görüşlərin birində Prezident İlham Əliyevə xitabən demişdi: "Siz ərazi və əhali baxımından kiçik olsanız da, böyük dövlətsiniz, elə böyük işlər də görürsünüz". Bu sözlərdə böyük bir həqiqət vardır. Bu gün Azərbaycan bütün istiqamətlərdə fəallığı ilə seçilir. Son 10 ildə heç bir dövlət Azərbaycan qədər beynəlxalq tədbir keçirməyib. Azərbaycanın fəaliyyəti müasir beynəlxalq həyatın bütün sferalarında hiss olunur. Ölkənin siyasi rəhbərliyi və diplomatik korpusu ən mürəkkəb vəzifələrin həllinə nail olur. Nəticə də göz qabağındadır.
Azərbaycanın bu dərəcədə böyük uğurlara imza atmasının səbəbləri barədə düşünərkən, ilk olaraq, yuxarıda vurğuladığımız bir məqam yada düşür. Bu da ondan ibarətdir ki, müstəqil dövlət quruculuğunun bütün incəlikləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli Lider xarici siyasət strategiyasını formalaşdırarkən, aşağıdakı 3 başlıca prinsipi əsas götürüb: 1) müasir dövrün çağırışları; 2) ölkəmizi əhatə edən geosiyasi reallıq; 3) Azərbaycanın zəngin dövlətçilik tarixi.
Şərti olaraq üç pilləni təşkil edən bu prinsiplər faktiki surətdə xarici siyasətin əsas hədəflərini və diplomatik fəaliyyətin məzmununu təşkil edir. Bu isə öz növbəsində bir neçə amili diqqətdə saxlamağı tələb edir. Bunlara ölkəmizin təbii-coğrafi şəraitini, tarixi reallıqları, tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurətini, Azərbaycanın zəngin enerji və insan resurslarını aid etmək olar. Eyni zamanda, Ermənistanın təcavüzkarlığı və erməni lobbisinin düşmənçilik fəaliyyəti də nəzərdən qaçırılmamalıdır. Bu kontekstdə xalqımızın mədəni və multikultural dəyərlərinin də rolu ayrıca qeyd edilməlidir. Təəssüf ki, Qərbdə sivilizasiyalararası dialoq, multikulturalizm barədə səsləndirilən fikirlərin sözdən və bəyanatdan başqa bir şey olmadığı da zəmanəmizin reallığıdır. Son dövrlərdə baş verən hadisələr, cərəyan edən proseslər bunu sübut edir. Planetimizdə müşahidə olunan onlarla qaynar nöqtə, münaqişə, təhlükəli qarşıdurmalar və gərginliklər bunun qabarıq göstəricisidir.
Dəqiq strateji kurs diplomatiyamıza tarixi baxımdan qısa bir müddətdə Azərbaycan ətrafında müsbət geosiyasi mühit formalaşdırmağa imkan verdi. Bu mənada 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin xüsusi yeri var. Bu hadisə, ümumiyyətlə, diplomatiya tarixində yüksək məharət nümunələrindən biri kimi qəbul edilir. Müqavilənin imzalanması məhz ümummilli lider Heydər Əliyevin xüsusi müdrikliyi və diplomatik ustalığı sayəsində mümkün olmuş və Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq neft strategiyasının tamamilə müstəqil dövlət quruculuğu kursuna xidmət etməsinə nail olunmuşdu. Bu böyük diplomatik uğurun əslində çox tərəfləri var. Çünki həmin mürəkkəb dövrdə meydana o qədər problemlər çıxırdı ki, bunları həll etmək yüksək siyasi-diplomatik peşəkarlıq tələb edirdi. Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda səsləndirdiyi fikirlər bunu bir daha sübut edir: "Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi".
XXI əsrin çağırışları: "Intelligent Power" və Azərbaycan
diplomatiyasının yeni vəzifələri
Bəli, təcrübə tam təsdiq etdi ki, həmin strateji kurs yeganə düzgün yol idi. İndi Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektidir. Ölkənin beynəlxalq nüfuzu gündən-günə artır. Bu gün dövlətlərin heç də hamısı müstəqil xarici siyasət aparmağa qadir deyildir. Məsələn, erməni ekspertlər daim şikayətlənirlər ki, Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil. Danışıqlar aparılır, müəyyən tədbirlər keçirilir, ölkə beynəlxalq təşkilatlarda təmsil olunur. Ancaq son nəticədə atılan addımlar Ermənistanın müstəqil qərarlar qəbul edə bilmədiyini göstərir. Ermənistan direktivləri kənardan alır.
Azərbaycan isə müstəqil xarici siyasət xətti həyata keçirir. Bu, hər şeydən əvvəl Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun xalqın milli maraqlarına əsaslanması sayəsində mümkün olmuşdur. Hazırda isə Prezident İlham Əliyev həmin xətti yüksək məharət və bacarıqla, qətiyyət və ardıcıllıqla davam etdirir. Məsələnin mahiyyəti bundan ibarətdir.
Azərbaycanın son 25 ildə yeritdiyi xarici siyasət üçün regionda və bütövlükdə dünyada mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması əsas hədəflərdən olub. Azərbaycan diplomatiyası məhz bu istiqamətdə davamlı olaraq fəaliyyət göstərib. Ölkəmiz heç bir hərbi-siyasi bloka daxil olmayıb. Nəticədə, regionda təhlükəsizliyin yaradıcılarından və təminatçılarından birinə çevrilib. Bunun tarixi əhəmiyyəti göz qabağındadır. Azərbaycan geosiyasi nəzəriyyədə "yumşaq güc" adlanan üsuldan istifadə etməklə həm də regionun aparıcı dövlətinə çevrilib.
Azərbaycan üçün səciyyəvi olan bir məqamı də vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, ölkəmiz olduqca mürəkkəb geosiyasi bir məkanda – Şərqlə Qərb, Şimalla Cənub, İslam dünyası ilə Xristian dünyası arasında yerləşir. Belə bir şəraitdə yalnız "yumşaq güc"dən istifadə etmək yetərli deyil. Təcrübə göstərir ki, Azərbaycan siyasi-diplomatik fəaliyyətdə intellekt amilindən geniş şəkildə yararlanır. Bir sıra mütəxəssislərin "Intelligent Power" kimi müəyyən etdikləri anlayışın nəzəri-metodoloji yükü hələ ciddi təhlil tələb edir.
İntellektual fəaliyyətin müasir diplomatiyaya tətbiqi "ağıllı güc"dən fərqli olaraq, əsas məqsəd kimi yalnız rəqib qarşısında üstün strategiyaya malik olmağı nəzərdə tutmur. Burada həm də bir xoşməramlılıq, ədalətə, haqqa əsaslanmaq və faydalı əməkdaşlıq məqamı mövcuddur. Konkret desək, "Intelligent Power" anlayışı ağılla yanaşı, həm də ümumi barışa, əməkdaşlığa və sülhə can atmağı nəzərdə tutur. Azərbaycan Prezidenti İlham Əliyev siyasi-diplomatik fəaliyyətində məhz bu özəllikləri nümayiş etdirir.
Nümunə kimi 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini göstərə bilərik. Bu hadisə diplomatiyada yüksək ağıl və intellektin sintezinə nail olmaqla baş tutub. Əslində, bu, uzunmüddətli səmərəli xarici siyasət kursunun nəticəsi idi. Çünki Azərbaycan davamlı olaraq həm beynəlxalq təşkilatlarla əməkdaşlıqda, həm də ikitərəfli və üçtərəfli əməkdaşlıq istiqamətində uğurlar əldə edir. Bu sırada Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatlardakı fəaliyyəti, göstərdiyi təşəbbüslər, irəli sürdüyü tezislər xüsusi əhəmiyyət kəsb edir. BMT Təhlükəsizlik Şurasında aparılmalı olan islahatları dərin geosiyasi təhlillə əsaslandıran dövlətimizin başçısı məhz intellektual güc nümayiş etdirir.
Belə fəaliyyət sayəsində BMT-də Azərbaycanın xarici siyasəti və diplomatiyası barədə yüksək fikir formalaşıb və nəticə etibarilə ölkənin beynəlxalq nüfuzu artıb. Şübhə yoxdur ki, 2011-ci ildə BMT-də səsvermə zamanı bu amil öz rolunu oynayıb.
Diplomatik aspektdə əhəmiyyətli olan digər amil kimi Azərbaycanın davamlı surətdə yeniləşməyə meyilliyi, meydana çıxan və sürətlə dəyişən situasiyalarda ağıl və intellekt sayəsində düzgün qərar qəbul etmək məharəti nəzərə alınmalıdır. Bu kontekstdə Prezidentin xarici siyasət qarşısında müəyyən etdiyi yeni vəzifə və tapşırıqları ayrıca vurğulamağa ehtiyac var. Həmin vəzifə və tapşırıqlar beynəlxalq münasibətlər sisteminin bütün cəhətləri, müasir təhdid və çağırışlar nəzərə alınaraq formalaşdırılıb. Burada bir neçə əsas müddəanı qeyd etmək olar.
Şübhəsiz ki, ilk yerdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi durur. Prezident İlham Əliyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsini vacib şərt kimi irəli sürür. Bu tezis indiki mərhələdə dünya siyasətində müşahidə edilən ziddiyyətlər fonunda ciddi əhəmiyyət kəsb edir. Belə ki, ən mürəkkəb situasiyada da Azərbaycan diplomatiyası sivil üsullara, beynəlxalq münasibətlər sisteminin qaydalarına uyğun fəaliyyət göstərir. Ermənistan və onun havadarlarının çoxsaylı təxribatlarına baxmayaraq, Azərbaycan sülh və barış xəttindən çəkilmir.
Digər vəzifə müasir dövrdə böyük əhəmiyyət daşıyan geosiyasi təhlükələri neytrallaşdırmaq üsulu ilə bağlıdır. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil. Bu, həyata keçirilən dərindən düşünülmüş daxili siyasət sayəsində mümkün olub. Lakin xarici mühitdə olan təhlükə mənbələri hələ də var və onlar azalmaq bilmir. Bu təhlükə mənbələrini zərərsizləşdirmək üçün düzgün siyasət yeritmək və zəruri tədbirlər görmək tələb olunur. Bu isə yaranmış vəziyyətə sistemli yanaşmağı, ağıl və intellektin imkanlarından maksimum dərəcədə yararlanmağı nəzərdə tutur. Azərbaycan diplomatiyası təhlükəli situasiyalarda, qeyri-müəyyənliklərin hökm sürdüyü vəziyyətlərdə səmərəli fəaliyyət sistemini formalaşdırıb və həmin istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Başqa bir vəzifə əvvəlkini nəzəri cəhətdən tamamlayır. Azərbaycan diplomatiyası dövlətlərin daxili işlərinə qarışmamağı və xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətlərin dəstəklənməsinə xüsusi diqqət yetirməlidir. Cənab Prezidentin qarşıya qoyduğu bu vəzifənin ayrıca əhəmiyyəti vardır. Məsələ bundadır ki, indi bəzi böyük dövlətlər başqalarının daxili işlərinə müdaxilə edir, onlara öz iradələrini yeritməyə çalışırlar. Belə bir vəziyyət getdikcə daha da genişlənir. Nəticədə dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi situasiya yaranır. Digər tərəfdən, Azərbaycan xarici təcavüzün obyektidir. Ermənistan işğal etdiyi torpaqları tərk etmək istəmir və eyni zamanda, təxribatlar həyata keçirir. Azərbaycan hətta bu vəziyyətdə xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətləri dəstəkləmək xəttini seçirsə, bu, kifayət qədər humanist və ədalətli mövqedir.
Dövlətimizin başçısı Azərbaycan diplomatiyası qarşısında duran digər mühüm vəzifə kimi ölkənin milli maraqlarına və xalqın mənafeyinə cavab verməyən beynəlxalq davranışlardan və təşəbbüslərdən imtina etməyi müəyyənləşdirib. Bu, milli maraqlara əsaslanan siyasətin davam etdirilməsi sayəsində mümkündür. Bu siyasət milli təhlükəsizliyin təmin edilməsinə birbaşa təsir göstərir. Tarixi təcrübə sübut edir ki, böyük dövlətlərin gərgin mübarizə apardığı mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi ölkələrin öz milli maraqlarına söykənən müstəqil xətt yeritməsi daha doğrudur. Bu məqam strateji əhəmiyyət kəsb edir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, ölkə rəhbəri Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının və çoxtərəfli diplomatiyamızın genişləndirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Bu kontekstdə müasir mərhələdə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri önə çıxır.
Yuxarıda vurğuladığımız kimi, indi istənilən müstəqil dövlət üçün beynəlxalq təşkilatlar böyük əhəmiyyət daşıyır. Çünki beynəlxalq münasibətlərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə böyük yük düşür. Dövlətlər öz mövqelərini, maraqlarını, hüquqlarının qorunmasını həmin qurumlar vasitəsilə həyata keçirirlər. Təbii ki, burada ikitərəfli, üçtərəfli və qrup halında əməkdaşlıq formatlarını kənara atmaq olmaz. Məsələnin bu cəhəti çoxtərəfli diplomatiyanın genişləndirilməsində öz əksini tapır.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla əməkdaşlığı çoxtərəfli diplomatiyanın müxtəlif aspektləri ilə sıx əlaqələndirmək kimi vacib vəzifə müəyyənləşdirib. Bu, birbaşa Azərbaycanın hakimiyyət orqanlarının daha dinamik, çevik və səmərəli fəaliyyət göstərməsini tələb edir. Söz yox ki, bu prosesdə ən çox məsuliyyət Xarici İşlər Nazirliyinin üzərinə düşür. Azərbaycan diplomatları bunu çox gözəl anlayırlar.
Prezident İlham Əliyev dünya maliyyə-iqtisadi böhranının dərinləşdiyi və neftin qiymətinin aşağı düşdüyü indiki vəziyyətdə Azərbaycan diplomatiyası qarşısında yeni vəzifələr qoymuşdur. Konkret olaraq, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ixracın genişləndirilməsi, yeni bazarlara çıxışın əldə edilməsi, TANAP və TAP layihələrinin inşasının vaxtında yekunlaşdırılması, Cənub Qaz Dəhlizinin istismara verilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə işlərin yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Prezidentinin qarşıya qoyduğu bu vəzifələr enerji və nəqliyyat layihələri ilə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və yeni bazarlara çıxışın reallaşdırılması arasında sıx əlaqəni təmin edir. Bu cür xəttin seçilməsi strateji əhəmiyyət daşıyır. Belə ki, burada milli təhlükəsizlik məsələsi enerji təhlükəsizliyi və nəqliyyat amili ilə sıx əlaqədə götürülür. Hesab edirik ki, Rusiya istisna olmaqla, postsovet məkanında heç bir ölkənin diplomatik korpusu qarşısında bu cür vəzifə qoyulmayıb. Bu məqamda da Prezident İlham Əliyevin intellektual gücü özünü bütün parlaqlığı ilə göstərir.
Yuxarıdakı kontekstdən aydın olur ki, enerji və nəqliyyat layihələri milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında təkanverici və təminedici rol oynamalıdır. Ölkənin maddi sərvətləri, energetik resursları, coğrafi üstünlükləri bunu təmin etməyə yönəldilib.
Ölkənin maddi-mənəvi ehtiyatlarının daha da dinamik surətdə hərəkətə gətirilməsi isə ilk növbədə, insan kapitalının inkişaf etdirilməsinə yönəlib. Bütün bunlar XXI əsrin çağırışlarına cavab verə biləcək, demokratik, güclü dövlət quruculuğunun mahiyyətinə tam uyğun olan və vətəndaş cəmiyyəti formalaşdırılması prosesində vacib mərhələ kimi qəbul edilə bilən vəzifələrdir.
Dövlətimizin başçısı milli-mənəvi və dini dəyərlərin bu prosesdə rolunu dəqiq müəyyən etmişdir. Əsrlər boyu formalaşan tarixi təcrübə əsasında milli-mənəvi və dini dəyərlərə sadiq qalmaqla dinlər və mədəniyyətlərarası dialoqun və multikulturalizmin təşviq edilməsi mühüm vəzifələrdən biri kimi göstərilmişdir. Bununla Azərbaycan müasir dünyəvi dövlət olmaq niyyətini bir daha ifadə edir. Hazırda dünya üçün mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqun təşkili olduqca vacib məsələdir. Lakin hətta böyük dövlətlər də bu istiqamətdə real addımlar atmırlar. Onlar bir qayda olaraq nəyin bahasına olursa-olsun öz maraqlarını təmin etməyə çalışırlar. Bu da çoxlu sayda ziddiyyətlər, ixtilaflar, münaqişələr və bir sıra hallarda silahlı toqquşmalar meydana gətirir. Nəticədə bütün dünya mürəkkəb və qeyri-müəyyən vəziyyətə düşür.
Bununla yanaşı, bir sıra regionlarda elə dövlətlər də var ki, fəaliyyətləri ilə müxtəlif sahələrdə münaqişələr yaradırlar. Cənubi Qafqazda Ermənistan bu "funksiya"nı yerinə yetirir. Erməni təcavüzkarlar qonşu xalqların ərazisinə, mədəniyyətinə, dininə aqressiv münasibət göstərməkdədirlər. Onlar əsasən Azərbaycanı hədəfə alıblar. Belə bir şəraitdə Azərbaycanın mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqa, əməkdaşlığa və qarşılıqlı yardımlara xidmət edən fəaliyyətə üstünlük verməsi nəinki region, həm də bütün dünya üçün bir nümunədir.
Ulu Öndər ölkənin inkişaf strategiyasını müəyyənləşdirərkən, dövlətlərin və beynəlxalq təşkilatların necə davranmasından asılı olmayaraq, Azərbaycan hakimiyyətinin demokratik və sivil qaydalar əsasında fəaliyyət göstərməli olduğunu qəti müəyyənləşdirib. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan diplomatiyası bu yolla inamla irəliləyir və bütün məsələlərdə öz humanist prinsiplərini, ədalətli mövqeyini ortaya qoyur.
Nəticə
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gəldikdən sonra Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini formalaşdırdı. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi dövrdə bu xətti gerçəkləşdirdi, diplomatik korpusun dövlət quruculuğunda rolunu və yerini müəyyənləşdirdi. Bütün bunların sayəsində 25 il ərzində Azərbaycan diplomatiyası ciddi uğurlar qazandı. Prezident İlham Əliyevin tam bir vəhdət təşkil edən daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya miqyasında böyük layihələrin müəllifinə və ev sahibinə çevrildi.
Təkcə onu qeyd etmək kifayətdir ki, 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, 2012-ci ildə ölkəmizdə "Avroviziya" musiqi yarışı yüksək səviyyədə təşkil olundu. 2015-ci ildə Azərbaycan tarixdə ilk Avropa Oyunlarının - Avropiadanın, 2016-cı ildə "Formula-1" yarışlarının, elə həmin ildə Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının məkanı oldu. Azərbaycan iqtisadiyyat, enerji-nəqliyyat, mədəniyyət, din, elm, təhsil və təhlükəsizliyə aid çox mötəbər beynəlxalq layihələrin aparıcı qüvvəsinə çevrildi. Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan Respublikası bu gün Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, İslam aləmi ilə Xristian aləmi arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli körpüdür. Bu körpüyə beynəlxalq birliyin ehtiyacı var. Eyni zamanda, Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Azəri-Çıraq-Günəşli, TANAP, TAP kimi beynəlxalq layihələrin təşəbbüskarı və mühüm iştirakçısıdır. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm ünvanıdır, öz multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında nümunəvi ölkədir.
Bütün bunlar Azərbaycanın ötən 25 ildə xarici siyasət sahəsində böyük nailiyyətlərin müəllifi olduğunu təsdiq edir. Prezident İlham Əliyevin diplomatlar qarşısında qoyduğu yeni vəzifələr Azərbaycanı növbəti nailiyyətlərə istiqamətləndirir. Azərbaycan diplomatiyasının bu vəzifələri yerinə yetirəcəyinə şübhə yoxdur.
Novruz Məmmədov,
Azərbaycan Respublikası Prezidentinin
xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri,
fövqəladə və səlahiyyətli səfir

Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |