Şrift:
Musiqiləri könüllər məlhəmidir
22.11.2017 [10:21] - Mədəniyyət, DAVAMın yazıları
Deyirlər dahilərin ömrü qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır. Yaratdıqları əsərlər yaşadıqca onlar da yaşayır, tarixin yaddaşında əbədiyyətə qovuşurlar. Bu gün anadan olmasının 95-ci ildönümü tamam olan görkəmli bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirov da belə sənətkarlardandı. O, yaratdığı hər bir əsərinin ilk notundan son notunadək xalq musiqisindən bəhrələnib, bütün yaradıcılığını dünya musiqi mədəniyyətinin nailiyyətləri ilə üzvü surətdə birləşdirə bilib. AZƏRTAC görkəmli bəstəkarın doğum günündə onun adını daşıyan 6 nömrəli onbirillik incəsənət məktəbinin müəlliməsi, musiqişünas Aytən Manafovanın yazısını təqdim edir.

Böyük müəllimə istedadlı tələbənin

minnətdarlıq ifadəsi

Nizami dühasının qüdrəti, Məhsəti şerinin sehri, Cavad xanın qeyrəti sayılan Gəncə torpağında, 1922-ci ildə Fikrət Əmirov kimi daha bir layiqli övlad dünyaya göz açır. Görkəmli tarzən , mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya dələn F.Əmirovun uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. İllər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın “Şur”u və “Kürd ovşarı”nda duyulacaq, “Azərbaycan kapriççiosu” kimi gözəl musiqi əsəri yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt qanunlarına görə Fikrət atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya - Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəylə tanış edir. Fikrətin istedadını duyan dahi sənətkar ona konservatoriyaya qəbul olmağı məsləhət görür. Beləliklə, Bülbülün və Üzeyir bəyin qayğısı ilə əhatə olunmuş tələbəlik illəri başlayır. Sonralar özünü Üzeyir bəyin yetirməsi adlandıran F.Əmirov bu sözlə qürur duyduğunu, fəxarət hissi keçirdiyini bildirmişdir. Elə 1948-ci ildə Üzeyir bəyə həsr etdiyi “Elegiya” əsəri böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi idi.

Xalq mahnılarını nota salan bəstəkar

Konservatoriya illərində F.Əmirov Bülbülün rəhbərlik etdiyi “Xalq musiqisi kabineti” ilə yaxından əməkdaşlıq edərək, xalq mahnılarının toplanması və nota salınmasında fəal iştirak edir. Ümumiyyətlə, bəstəkarın yaradıcılığında xalq mahnılarının işəmələri xüsusi bir mərhələdir. Xalq musiqisinin qanunauyğunluqlarına yaxından bələd olan bəstəkar onları incə bir şəkildə səs və müşayiət üçün işləmişdi. (“Evləri var xana –xana, “Küçələrə su səpmişəm” xalq mahnıları). Bülbülün redaktəsi ilə işıq üzü görmüş iki cildli “Azərbaycan xalq mahnıları” məcmuəsinin mündəricatında kifayət qədər F. Əmirovun adına rast gəlmək olar. Konservatoriyada F.Əmirov şəxsən Üzeyir bəy tərəfindən dəvət olunmuş B.İ.Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnir. Məlumat üçün qeyd edək ki, Zeydmanın sinfində S.Hacıbəyov, S.Ələsgərov, Ə.Abbasov, C.Cahangirov, Ə.Hüseynzadə, Ş.Axundova kimi bir çox Azərbaycan bəstəkarları dərs almışlar. Fikrət Əmirovun elə ilk bəstəkarlıq təcrübələri də məhz konservatoriya illərinə aiddir: bu əsasən müxtəlif şairlərin sözlərinə yazılmış mahnı və romanslar idi. (“Koreyalının andı”- S.Rüstəm; “İki sahil”- Dorizo, “Ulduz”-Lermantovun sözlərinə). “Nizami poeziyası məni gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətləri əyaniliyi, yüksək mənəvi-etik ideyaları, ehtirasların çarpışması, ən başlıcası isə dramatikliyi ilə, bəzən faciəvi gərginliyi ilə cəlb edir”, - deyən bəstəkar Nizaminin həyatı və poeziyasını tükənməz ilham mənbəyi hesab edirdi. F.Əmirovun Nizaminin irsinə məhəbbəti elə erkən yaradıcılıq dövründən başlayır. Konservatoriya illərində bəstəkar “Nizaminin xatirəsinə simfonik poema”, 1947-ci ildə böyük ədibin adı ilə bağlı olan kamera simfoniyasını yazır. Həmçinin Üzeyir bəyin əsasını qoyduğu romans-qəzəl janrına da öz töhfəsini bəxş edən “Gülüm” romans-qəzəli də bu dövrə aiddir. Həmçinin F.Əmirov Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazılmış vokal əsərlərini toplayaraq, məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir. Maraqlıdır ki, bəstəkarın sonuncu əsəri də böyük dühanın ümumiləşdirilmiş obrazını təcəssüm etdirən “Nizami” baletidir.

Mən bir zirvə tanıyıram...

Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar F. Əmirov konservatoriyadakı təhsilini yarımçıq qoyub ön cəbhəyə yollanır. Lakin Voronej cəbhəsində ağır yaralanan bəstəkar 1942-ci ildə ordudan tərxis olunur, əvvəlcə Gəncəyə gedərək, Gəncə Dövlət Filarmoniyasında, indi onun adını daşıyan musiqi məktəbində, eləcə də burada yerləşən Dövlət Dram Teatrında fəaliyyət göstərir. Lakin yarımçıq qalmış musiqi təhsili, yazıb-yaratmaq eşqi, onu Bakıya çəkirdi. Beləliklə, 1943-cü ildə F.Əmirov Bakıya qayıdaraq təhsilini bərpa edir. Müharibənin qanlı-qadalı təəssüratları isə əbədi olaraq 1943-cü ildə yazdığı “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poemasının partiturasına həkk olunur. Bu əsər bəstəkarın dostu , müharibədə həlak olmuş Məmməd İsrafilzadənin xatirəsinə həsr olunmuşdur. Bəstəkarın yaradıcılığında 1945-46-cı illəri əhatə edən skripka və fortepiano üçün “İkili konsert”, fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert eləcə də fortepiano üçün yazdığı “Romantik sonata” müvafiq olaraq bu janrların ilk nümunəsi olub, Azərbaycan musiqi ədəbiyyatını zənginləşdirən musiqi əsərləri kimi qiymətləndirilir. 1944-cü ildə o Musiqili Komediya Teatrının açılması F.Əmirov qarşısında yeni imkanlara zəmin yaratdı. Sənət müəllimi Üzeyir bəyin möhkəm təməlli musiqili teatr ənənələrinə dayaqlanan F.Əmirov bu janrda da öz qələmini sınayır və “Ürəkçalanlar” (1944) , “Gözün aydın”(1946) musiqili komediyalarını yazır. Əbəs yerə “Mən bir zirvə tanıyıram. Uca zirvə...Günəşli zirvə...Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür” deyimini Xalq Şairi Nəbi Xəzri 1949-cu ildə bəstəkarın Dövlət mükafatına layiq görülmüş iki böyük şedevri- “Şur” və “Kürd ovşarı” haqqında söyləməyib. İki tip musiqi təfəkkürünün –xalq və Avropa musiqisinin sintezi olan simfonik muğamlar yeni bir janrın əsasını qoymaqla özündən sonra elə bir zəmin hazırladı ki, bu zəmin əsasında sonradan Niyazi, S.Ələsgərov kimi bəstəkarlar öz maraqlı nümunələrini yarada bildilər. Bu əsərlərlə F.Əmirov “Şərq simfonizmi”nin əsasını qoydu.

Muğamlarımıza yeni məzmun gətirən bəstəkar

F.Əmirovun simfonik muğamlarının yüksək bədii keyfiyyətlərini dahi Q.Qarayev belə açıqlayır: “F.Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətlərini saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təfsirində yeni şəkildə səslənir. Əmirov öz vəzifələrini dərindən dərk edərək zəngin məzmunlu, xəlqi dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır”.

Bütün bəstəkarların arzuları demək olar ki, eyni olur- əsərlərinin sədasını uzaqdan eşitmək. F.Əmirovun da arzusu Azərbaycan musiqisinin dünyanın hər yerində səslənməsi idi və bəstəkar bu arzusuna elə sağlığında çatmışdır. Tam qürurla deyə bilərik ki, F.Əmirov musiqisi sovet hakimiyyəti illərində, ideologiyanın ciddi nəzarətdə olduğu dövrdə sərhədləri aşaraq bir çox kapitalist ölkələrində, hətta Amerikada da səslənmiş, bir çox dünya şöhrətli dirijorların - Ş.Münş, L.Stokovskinin təfsirində səslənmiş, xarici dövrü mətbuatda kifayət qədər işıqlandırılmışdır. Təqribən 20 ildən sonra bəstəkarın sayca üçüncü simfonik muğamı meydana gələcək. Fars poeziyası klassikləri Sədi və Hafizin şerlərindən ilhamlanan F.Əmirov “Gülüstan Bayatı-Şiraz” simfonik muğamını yazır. Əvvəlki nümunələrdə klassik incilərimiz olan muğamların dramaturji inkişaf prinsipini göstərdiyi halda “Gülüstan Bayatı - Şiraz”da bu məsələyə başqa rakursdan yanaşaraq muğamın emosional bədii təsirini, fəlsəfi tutumunu əks etdirmiş və muğama səs–messo soprano daxil etmişdir. F.Əmirovun qarşısında keşməkeşli, lakin şərəfli müstəqil yaradıcılıq cığırı açılmışdı. Keçən əsrin 50-ci illərində bəstəkar əsasən fortepiano musiqisinə diqqət yetirir. “12 miniuatür”, həmçinin E.Nəzirova ilə birgə “Ərəb mövzularına konsert” bu illərin məhsuludur. Sonuncu əsər bəstəkarın Birləşmiş Ərəb Əmirliklərinə səfərinin təəssüratları nəticəsində ərsəyə gəlmişdir. Bu əsərdə müəlliflər ərəb musiqi üslubunu saxlamaqla Azərbaycan melodiyası ilə vəhdət yaratmağa nail olmuşlar.

Melodiya - F. Əmirov musiqinin canıdır

F.Əmirov opera janrına özünəməxsus bir cığırla irəliləyərək gəlib çıxmışdı. Bəstəkarın diplom işi birpərdəli “Ulduz” operası olmuşdur. Opera yalnız əlyazma şəklində saxlanılsa da, bəstəkar yeni böyük əsəri üçün müəyyən təcrübə əldə etmişdir. Eyni zamanda, bəstəkar musiqili komediya janrında da kifayət qədər nailiyyətləri “Sevil” operasının yazılması üçün bir pillə idi. Azərbaycan musiqisində ilk lirik-psixoloji opera olan “Sevil” bəstəkarın özü tərəfindən bir neçə dəfə redaktə edilmiş,1970–ci ildə yeni redaksiyada film-opera şəklində ekranlaşdırılmışdır. 1998-ci ildə professor F.Bədəlbəyli operanın növbəti redaksiyasını etmiş, inqilabi səhnələr, Sevilin Moskva haqqında mahnısı operadan çıxarılmışdır. Başqa sözlə desək, süjetdə ideya vurğusu başqa tərzdə mənalandırılmışdır. Bu redaksiyada Sevilin azadlığa çıxması deyil, Sevil və Balaşın ailə faciəsi daha da qabarıq göstərilib. Lakin edilən ixtisarlar və dəyişikliklər əsərin bədii məzmununa zərrə qədər də xələl gətirməyib. Operanın bu tamaşasında şəxsən iştirak edən ümummilli lider Heydər Əliyev bəstəkarın bu əsərini opera səhnəsinin bir töhfəsi adlandıraraq, onun yenidən canlandırılmasını Azərbaycan musiqisi üçün əlamətdar hadisə hesab etmişdir.

Bəstəkarın yaradıcılığının əhəmiyyətli hissəsini vokal-instrumental əsərləri təşkil edir. F.Əmirovun çoxsaylı vokal əsərlərinin bir qismi müstəqil şəkildə yazılmış mahnı və romanslar, digər qismi isə kino və dram tamaşalarına yazılmış mahnılardan ibarətdir. Bu mahnılar yazıldığı dövrdən indiyə kimi ən müxtəlif üslubda ifa edən musiqiçilərin repertuarını bəzəyir, daim yeni tərzdə aranjeman oluna bilir. Onun yaratdığı mahnılar xalqımız tərəfindən sevilir. Bunun da səbəbi bəstəkarın öz sözləri ilə desək, “xəmirinin xalq musiqisi ilə yoğrulması” ilə əlaqədardır. Böyük sovet bəstəkarı - D.D.Şostakoviçin “Melodiya F. Əmirov musiqinin canıdır” fikrini əsas götürərək belə nəticəyə gələ bilərik ki, bu mahnılar məhz gözəl, ifadəli melodiyası ilə qəlblərə yol tapa bilib. Təbii ki, burada poeziyanın rolunu da danmaq olmaz. F.Əmirov əsərlərində Nizami, S.Vurğun, H.Cavid, N.Xəzri, T.Elçin, M.Dilbazi kimi böyük söz xiridarlarının şerlərinə müraciət etmişdir.

“Min bir gecə” al-əlvan , rəngarəng

boyaların musiqi təcəssümüdür

Bəstəkarın yaradıcılığından qırmızı xətlə keçən mövzulardan biri doğma Vətənə - Azərbaycana olan sonsuz məhəbbət mövzusudur. Bəstəkarın üç böyük simfonik əsəri doğma torpağımızın adı ilə bağlıdır. Vətən şövqü S.Vurğunun sözlərinə yazdığı “Azərbaycan” simfonik süitası (1950), “Azərbaycan kapriççiosu” (1961) və ”Azərbaycan qravürləri” (1979) simfonik əsərlərində öz parlaq təcəssümünü tapır. Teatrın qanunuyğunluqlarına yaxından bələd olan bəstəkar bu sahədə də melodik başlanğıclı, milli lad təfəkkürünə əsaslanan koloritli harmonik dilə malik, orijinal orkestr üslublu musiqi nümunələrini yaradır. Çoxsaylı nümunələr içərisindən Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılmış “Kor ərəbin mahnısı”nı xatırlamaq kifayətdir. Onu da əlavə edək ki, bəstəkar bu dram əsasında opera yazmaq fikrində də olmuşdur. Bəstəkarın kino musiqisində işi də təqdirəlayiqdir. Daha sonra bəstəkar kino musiqisi sahəsində bir neçə dəfə də qələmini sınayıb. “Böyük dayaq”, “Mən ki gözəl deyildim”, “Nəğmə dərsi”, “Yaşamaq gözəldir qardaşım” “Firəngiz” filmlərindəki uğurlu işi Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirən səhifələrdəndir.

Fikrət Əmirov musiqi dünyası yaşından, maraq dairəsindən asılı olmayaraq hamı üçün aktualdır. İncə ruhlu bəstəkar uşaqların da zövqünü oxşamağa müvəffəq olmuşdur. Bəstəkarın “Qatar”, “Bizim həyət”, “Bahar gəlir” mahnıları bu gün də balacalar tərəfindən sevilə-sevilə oxunur. 1979-cu ildə bəstəkar daha bir böyük əsəri- “Min bir gecə” baletini yazır. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan balet qısa bir zamanda çox geniş populyarlıq qazanır. 1980-ci ildə bəstəkar, baletmeyster N.Nəzirova, rəssam T.Nərimanbəyov, dirijor N.Rzayev və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülürlər. Azərbaycan musiqisində ilk nağıl baleti olan “Min bir gecə”nin partiturası, sanki rəngarəng palitraya bənzəyir. Başqa sözlə desək, “Min bir gecə” al-əlvan , rəngarəng boyaların musiqi təcəssümüdür. Əsərlərində daim xalqa yaxın olan mövzulara müraciət edən F.Əmirov bu dəfə də öz yaradıcılıq prinsiplərinə sadiq qalaraq, nağıla müraciət edir. Sədaqət, sevgi, xeyrin şər üzərində qələbəsi kimi nağılın humanist ideyalarını musiqinin, rəqsin dilinə “tərcümə” etmiş valehedici melodiyası, rəngarəng orkestr dili, mükəmməl dramaturji inkişaf prinsipi olan əsl şedevr yaratmağa nail olmuşdur.

Özündən sonra “Reyhan” ətirli, “Göy göl”ün büllur sularından süzülən, “Şur”un ibrətamiz nəsihətlərində eşidilən, “Sevil”in məğrurluğu, “Şəhrizad”ın müdrikliyindən ilhamlanan , Nizami, Nəsimi dühasından qaynaqlanan, “Azərbaycan qravürlərində” “Gözəlim” deyib mədh etdiyi, “Mən səni araram” deyib soraqladığı “Azərbaycan ellərində” əbədiyaşar irs qoyub getmişdir. Fikrət musiqisi sevgidir, məhəbbət carçısıdır. Sevgi, məhəbbət isə ruhumuzun qidası, qəlbimizin məlhəmidir.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed