Şrift:
Rəsul Rzanın Nigar Rəfibəyliyə hekayə kimi məktubu
23.11.2017 [10:16] - Xəbərlər, DAVAMın yazıları
Yaradıcı cütlüklər arasında çox azları tapılar ki, bir-biri ilə mehriban olub, həm ailə qayğılarını bölüşə, həm də yaradıcılıq məsələlərini birlikdə müzakirə edələr. Rəsul Rza və Nigar Rəfibəyli belə nümunəvi yaradıcı ailələrdəndir. Onların məktublarını oxuduqca nə qədər mehriban, qayğıkeş, bir-birinin dayağı olduğunu görmək mümkündür. İndiyə kimi bir çox məktubları ilə tanış olmuşuq, hər bir məktubda səmimiyyət, xoş münasibəti görmək olur.

Belə məktublardan birini də Rəsul Rza 1942-ci il fevralın 14-də Kerçdən xanımı Nigar Rəfibəyliyə yazıb. Nigar Rəfibəylinin “Rəsulun məktubları”ndan əldə etdiyi həmin məktubu təqdim edirik:

“Nigar!

Şiddətli dolu vurmuş taxıl görmüsənmi? Orda-burda baş qaldıran sünbüllər, tarlanın xarabazarlığında nə qədər qəribə və həzin görünür. Çay suları illər boyu daş qayanın altını oyur və bir gün şiddətli bir yağmırdan sonra gələn güclü sel son zərbəni vurur, qaya uçur, parça-parça daşlar dərəni doldurur.

Bəlkə uşaqlığında Gəncədə görmüş olasan, bir səhər ayılanda bağçanın çiçəklərini torpağa batmış, güllərin, ağacların budağı sınmış, ləkləri pozulmuş, xırda kərpic qırığı tökülmüş yolları çala-çuxur görürsən... Gecə bağçaya soxulmuş bir sürü mal onu elə bir günə salır.

Bura canavar sürüsünə rast gəlmiş və möcüzə nəticəsində qurtarıb sağ qalmış adama oxşayır. Bu adamı təsəvvür et. Onun qolu, qılçası gəmirilmiş, üzü iti caynaqlarla cırıq-cırıq edilmiş, başının tükləri qana bulaşmış. Birinci baxışda bunun insanmı, cansız bir cisimmi olduğunu müəyyən etmək çox çətindir. Qalan binalardan sağ şüşəlisi yoxdur. Torpaq və daş yığınlarının altından çarpayının bir tərəfi görünür, yanmış evin qapısında palçığa batmış uşaq oyuncağı, dəmirpilləkənin yanında dəlik - deşik olmuş papaq görmək olur. Gecdir küçəyə çıxanda adama elə gəlir ki, bütün dünyanın qaranlıq yeri buradadır. Zülmət o qədər kəsifdir ki, ixtiyarsız ağaca, daşa deyil, bu zülmətin özünə deyib əzilməkdən, yaralanmaqdan qorxursan.

Gündüz gördüyümüz insan, insandır. Sən heç bir zaman bu qədər bir-birinə bənzəyən insanın olduğunu təsəvvürünə gətirə bilməzsən. Bildiyin palçıq məftunu burda tamamilə başqa mündəricəyə malikdir. Buralar palçıqdır desəm, sənə heç bir şey deməmiş olaram. Şəhərin içi dizə qədər çıxan qara bir maye ilə doludur. Bəlkə də bu palçıqdır, lakin insanları, atları, arabaları, ağacları, daşları boyayan bu qara həllinin nə əvvəli, nə də axırı var.

Ayaqlar uzun illər sahil sularında qalıb balıq qulağı qatları ilə bürünən qayalar kimi bu yapışqan torpaqlardan yük götürür. İri nar boyda daşlar belə birpalçıq deyilən saqqızla bərabər insanın ayağından sallanır, nəhayət ayağını qaldırmaqdan aciz qalaraq ixtiyarsız əllərini işə salır, özünü səxavətli torpağın bol hədiyyəsindən qurtarmağa başlayırsan.

Bütün bunlara baxmayaraq gəldiyimdən peşman deyiləm. Doğrusunu istəsən, bu səfər olmasaydı, bəlkə də mən dolğun və gərgin bir həyat təcrübəsindən məhrum olardım. Lampanın şüşəsi yoxdur. Belə lampa üçün həsrət çəkənlər var. Ordunu - o böyük və mürəkkəb orqanizmi təşkil və təmin etmək kimi çətin işə baxmayaraq, təchizat işi nisbətən yaxşı qurulmuşdur. Kifayət qədər ərzaq var. Burda düşmənlərin nələr etdiyini sənə yazmaqla izah edə bilmərəm. Onları ancaq demək, danışmaq olar. Şəhər indi yavaş-yavaş canlanır, get-gedə əhalinin sayı artır, mağazalar açılmağa başlayır, həyat öz yoluna düşür.

Əgər Anarın doğum gününə gələ bilməsəm, rica edirəm, mütləq o günü keçirin. Cijimə mənim adımdan de ki, martın 14-nü boş qoymasın. Özünüz də olsa yığılın, Anarımı yaxşıca sevindirin. Mən evdə olmasam da mənimçün bir stul ayırın, qoyun boş qalsın. Mən xəyalımda o məclisdə iştirak edəcəyəm.

Selvinski burdadır. Danışmışıq, bir-birimizi tərcümə edəcəyik. Hələlik o mənim “Bəxtiyar” şeirimi tərcümə etmişdir. Sənə göndərdiyim deyil, təzə bir “Bəxtiyar” yazmışam:

Külək qarı sapəter, Bəxtiyar,

Ağ geyinib təpələr, Bəxtiyar,

Kaman çalan kimdir o, Bəxtiyar,

Küləkdi, ya simdi o, Bəxtiyar.

Əgər sabah qurtara bülsəm Əhməd Cəmil ilə göndərəcəyəm. “Ədəbiyyat qəzeti”nə versin. Qurtarmasam sonra göndərəcəyəm. Burda gündüz işləmək mümkün deyil. Bu gün bir şüşə tapmışıq. Ancaq lampanın piltəsi yoxdur. Bəlkə sabah piltə də tapdıq, onda bəy balası kimi dolanacağam”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed